İmelda Markos – ”dəmir kəpənək” ləqəbli birinci ledi

O, həmçinin qeyd edib ki, keçmiş birinci ledinin bir zinət əşyası 2000 filippinli gəncin kollec xərcini ödəyə biləcək qiymətdədir

Source: meydan.tv


İkinci hissə

Bu səfərlər İmelda Markosa dünya siyasətinin bütün məşhur liderləriylə tanış olmaq və hətta dostlaşmaq imkanı verir. Bu şəxslər Filippindəki diktaturanın son günlərinədək və hətta hakimiyyət çevrilişindən sonra da Markoslar ailəsinə dəstək olacaq, dövlət pullarını rahat şəkildə oğurlamaqda onlara yardım edəcəkdilər. Bu pulların Filippin xalqına qaytarılması cəhdləri də məhz onların müdaxiləsi və təzyiqi sayəsində böyük maneələrlə üzləşəcəkdi.

****

1971-ci ildə birinci ledi Persiya imperiyasının yaranması günü münasibətilə İranda keçirilən rəsmi mərasimə qatılır, müxtəlif ölkə rəhbərləri və dünyanın məşhur zənginləriylə onun tanışlığı belə başlayır.

Elə həmin il İmelda Rusiyaya gedir, mədəni əlaqələrin genişləndirilməsinə xidmət kimi təqdim olunan bir neçə sonrakı səfərdən sonra bu ölkəylə Fillipin arasında diplomatik əlaqələr qurulur.

1972-ci ildə Filippinin Yaponiyadakı keçmiş səfiri Kintero birinci ledini parlament üzvlərini rüşvətlə ələ almaqda ittiham edir. Bundan dərhal sonra mətbuatda İmeldanın stress nəticəsində uşaq düşürdüyü xəbəri dərc edilir. Bir müddət sonra məlum olur ki, birinci ledi bu yalanı məsuliyyətdən yayınmaq üçün uydurubmuş, hamilə-filan deyilmiş.

Həmin il kütləvi tədbirlərin birində çıxış edən İmeldaya qarşı sui-qəsd xəbəri də yayılır. Qəzetlər yazır ki, qılınca bənzəyən Bolo bıçağıyla silahlanmış bir şəxs “dəmir kəpənəyə” hücum edərək onu yaralayıb və polis həmin şəxsi hadisə yerində gülləyib. Dissident hüquq müdafiəçiləri bu hadisənin hakimiyyət tərəfindən təşkil olunduğunu, rüşvət qalmaqalından sonra xanım Markosun ictimai nüfuzunu bərpa etmək məqsədi güddüyünü iddia edirlər.

Yenə həmin il ABŞ-ın Beynəlxalq inkişaf Agentliyinin (USAİD) “Sülh üçün ərzaq” proqramı çərçivəsində Filippində “Nutribun” çörəyi paylanır; aclığa qarşı mübarizə üçün “yaşıl inqilab” layihəsi başladıb insanları öz həyətlərində bostan əkməyə səsləyən birinci ledi agentliyin layihəsinə nəzarəti də öz üzərinə götürməklə bunu da öz adına çıxır.

1975-ci ildə Səudiyyə Ərəbistanının kralı Feysəl bin Əbdüləziz Əl Səud öldürüləndə İmelda Markos daha əvvəl kralı əməliyyat etmiş cərrahla tanışlığı sayəsində bu şərəfə layiq görülən ilk qadın olaraq başsağlığı üçün ora dəvət edilməyə nail olur.

1978-ci ildə birinci ledi parlament seçkilərinə qatılır və müxalifətçilərin çoxu həbsdə olduğu üçün az qala tam rəqabətsiz şəraitdə deputat mandatı qazanır.

Həmin il o, fövqəladə və səlahiyyətli səfir təyin edilir və sonrakı illərdə ABŞ-a, Yuqoslaviyaya, Kubaya və digər ölkələrə səfərlər edir; Riçard Nikson, Cimmi Karter, Ronald Reyqan, Müəmmər Kaddafi, Səddam Hüseyn, Fidel Kastroyla, İndira Qandi, Jozef Tito və başqa siyasətçilərlə dostlaşır.

****

1980-cı ildə birinci ledi həbsxanada ürək tutması keçirən müxalifət lideri Beninyo Akinoyla görüşür, onun ABŞ-a gedib müalicə almasına şərait yaradır – orda qalmamaq və geri dönəndə Markos rejiminə qarşı müxalif olmamaq şərtilə. Amma Akino razılaşmanı pozur, “İblislə razılaşma – razılaşma deyil” deyib Filippinə qayıtmayacağını açıqlayır. 2 il sonra fikrini dəyişən Akino ölkəyə dönür, amma Manila beynəlxalq aeroportuna ayaq basan kimi də öldürülür. Bunun İmeldanın sifarişiylə edildiyi barədə şayiələrin qarşısını almaq üçün Ferdinand Markos komissiya yaradır və nəticə, təbii ki, birinci ledinin xeyrinə olur – komissiya sifarişi onun vermədiyini açıqlayır.

1981-ci ildə Ferdinand Markos fövqəladə vəziyyəti ləğv edib yeni prezident seçkisi keçirir. Müxalifət partiyaları “rejimi legitimləşdirməmək üçün” seçkini boykot edirlər.

Bir müddət sonra diktator dəri vərəmi xəstəyinə yoluxur. Bu, birinci lediyə ölkənin faktiki rəhbəri olmaq fürsəti yaradır.

1986-cı ildə keçirilən növbədənkənar seçkilərdə Markos yenidən qalib elan edilir. Nəticələrin saxtalaşdırılmasına etiraz olaraq ölkədə kütləvi etirazlar başlayır. Ordu aksiyalara müdaxilə etmir.

Fevralın 25-ində Ferdinand və İmelda prezident iqamətgahında inauqurasiya mərasimi keçirirlər və sonra da sarayın balkonuna çıxıb həyətdəki kütləni salamlayırlar. Birinci ledi göz yaşları içində “Sizin sayəsində” mahnısını oxuyur. Və elə həmin gün ordunun təzyiqi nəticəsində Markos istefa verməyə razılaşır, ona və ailəsinə Havay adalarına getmək fürsəti yaradılır.

****

Sarayı dövrəyə alıb diktatordan və arvadından qisas almağa fürsət gözləyən kütlə ancaq onlar ölkədən qaçandan sonra içəri girə bilir. Saraydakı zənginlik insanları heyrətə gətirir. Halbuki kriminal cütlük qiymətli şeylərin çoxunu yığıb aparmışdı.

ABŞ gömrükçülərinin tərtib etdiyi 23 səhifəlik sənəddə Markosların iki C-141 təyyarəsinə

bunları yüklədiyi qeyd edilmişdi: qiymətli aksessuarlarla dolu 23 ədəd taxta yeşik, 12 çamadan və sandıq, paltarlarla dolu müxtəlif qutular, 413 ədəd zinət əşyası, qiymətli daşlarla bəzədilmiş 70 cüt qol düyməsi, İusus Xristosun fil dişindən düzəldilmiş brilyant boyunbağılı heykəli, üzərinə “24 illiyimiz münasibətilə ərimə hədiyyə” yazılmış 24 qızıl külçə və yenicə çap olunmuş 27 milyon peso pul. “Gəlinin” bu xırda-para “cer-cehizinin” ümumi dəyəri 12 milyon dollar civarında qiymətləndirilmişdi.

****

Yeni prezident Korio Akinonun ilk qərarı Vicdanlı Hökumətlə bağlı Prezident Komissiyasının (PCGG) yaradılması barədə olur. Komissiya “keçmiş prezident Markosun, onun qohumlarının, dostlarının və yaxın partnyorlarının qanunsuz yolla qazandıqları var-dövlətin geri alınmasını” təmin etmək, cinayət yoluyla əldə edilmiş hər şeyi müsadirə etmək hüququ verilir.

Fəaliyyətinin birinci ilində PCGG Markosların işçilərini sorğu-sual edib keçmiş hakimailənin Filippin iqtisadiyyatındakı payı barədə xeyli məlumat toplayır. Prezidentin maliyyə məsələləri üzrə köməkçisi Rolando Qapud Ailənin İsveçrə bankındakı 5 hesabı barədə məlumat verir. Komissiya İsveçrə məhkəməsindən bu hesabları dondurmağı xahiş edir.

Markosların çoxsaylı evlərindən tapılmış sənədlərdən bəlli olur ki, ər-arvad 21 il ərzində 304 ədəd qiymətli rəsm əsəri alıb. Bir neçə nisbətən ucuz əsərdən başqa, komissiya digər tabloları tapa bilmir. Qalereya və auksion evlərinə onların heç birini qəbul etməmək tapşırığı verilir.

1986-cı ilin sonunda PCGG diktator və onun cinayətkar şəbəkəsi haqqında cinayət işi açır. Məhkəmədə Filippin Milli Bankının Nyu-York şöbəsinin meneceri Oskar Karinyo ifadə verib bildirir ki, kriminal Ailənin milyonlarını gizlətmək üçün iki saxta şirkətin adına çoxlu hesab açıb. Məlum olur ki, tablolar bəzi nüfuzlu şəxslərin, o cümlədən Səudiyyə Ərəbistanından olan silah alverçisi Adnan Haşogginin köməyilə gizlədilib. Avstraliya televiziyası Nyu-Yorkdakı əsərlərin Amerikadan şəxsi təyyarə vasitəsilə çıxarıldığı iddia edir. PCGG-nin müraciətinə əsasən Haşogginin evinə basqın edən Fransa polisi tabloların bir çoxunun onun vasitəsilə aradan çıxarıldığını sübut edən dəlillər tapır.

Haşoggi həm rəsmləri, həm də Markosların Manhettendəki 4 göydələnini vicdanlı alqı-satqı vasitəsilə əldə etdiyini deyir. ABŞ-ın rəsmi dairələri alqı-satqı əməliyyatlarının köhnə tarixə sənədləşdirildiyini əsas gətirərək onu həqiqəti gizlətməkdə günahlandırırlar. Tezliklə Haşoggi İsveçrədə həbs olunur və Nyu-Yorka ekstradisiya edilir.

****

1988-ci ilin oktyabrında Böyük Federal Jüri Haşoggi, Ferdinand və İmeldanı, o cümlədən, Markosların daha 7 iş ortağını reketçilikdə, fırıldaqçılıqda, cinayətkar əməkdaşlıqda və istintaqa əngəl törətməkdə ittiham edir. Amma iş məhkəməyə çatana qədər Ferdinand Markos ölür və bu, sübutların çoxunu məhkəmə üçün əlçatmaz edir. Eyni zamanda, Markoslarla yaxın olmuş son 5 ABŞ prezidenti üçün yaranacaq “diskomfortu” önləmək məqsədilə Ağ Ev prokurorlardan mümkün qədər yumşaq davranmağı xahiş edir.

Məhkəmə qarşısına çıxarılan İmelda “bədbəxt dul qadın olduğunu və ərinin əməlləri haqqında heç bir şey bilmədiyini” deyir. Haşoggi də ona qarşı irəli sürülən ittihamları rədd edir. Proses başlayandan 3 ay sonra – 1990-cı ilin iyulunda təqsirləndirilən şəxslərin hamısı bütün maddələr üzrə günahsız elan edilirlər…

ABŞ-ın hakim dairələri gələcəkdə Haşoggiyə qarşı hər hansı hüquqi iddiada bulunmamaq üçün tabloları və göydələnləri təhvil verməsini tələb edirlər. Girovda olduğu üszə çıxan binalar 50 milyon dollara satılır, ödənilməmiş əçlak vergisi məbləği tutulandan sonra Filippinə qaytarılan məbləğ cəmi 5,7 milyon dollar olur. Tablolarınsa PCGG cəmi 26-sını tapa bilir.

Amma çox keçmədən Akino hökuməti komissiyanın fəaliyyətini məhdudlaşdırmalı olur: Markoslar və onların iş ortaqları ölkə iqtisadiyyatının elə böyük hissəsini ələ keçirmişdilər ki, bu bandaya aid aktivlərin dondurulması bankları bankrot edə bilərmiş. Hərçənd bəzi mənbələrdə əsas səbəblərdən biri kimi Akinoların ölkənin ən varlı ailələrindən biri olması və çevrilişdən sonra köhnə oliqarxların hakimiyyətə qayıtması da qeyd edilir. Ya zəlzələdən, ya vəlvələdən PCGG-yə tapşırılır ki, Markosların əmlaklarına həbs qoyulmasın, proses ancaq məhkəmələr vasitəsilə inkişaf etdirilsin.

Bu, Markoslara ən yaxşı vəkillərlə müqavilə bağlamaq və onlarla prosesi texniki arqumentlərin köməyilə təxirə salmaq imkanı yaradır. Bundan başqa, keçmiş prezidentin və onun arvadının siyasi havadarları onları qorumağa davam edirlər. İnqilabdan cəmi iki həftə sonra Nyu-York ünvanlı mənbə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində Markosun nə qədər pul oğurlaması barədə məlumat olduğunu PCGG-yə sızdırmış, amma qurum bu məlumatı açıqlamaqdan boyun qaçırmışdı. Yaponiya hökuməti də özündəki informasiyaları gizli saxlayacağı və PCGG təkid edəcəyi halda yardım layihələrini durduracağı barədə prezident Akinoya xəbərdarlıq etmişdi.

“Bu bizim biznesimiz deyil” deyən Marqaret Tetçer də oxşar mövqe sərgiləmişdi.

Markosları qorumaq taktikasının səbəbi əslində kifayət qədər bəsitiydi – bu ölkələrə məxsus şirkətlər kriminla cütlüyün kirli pullarla qurduğu şirkətlərə həvəslə ortaqlıq etmişdilər. Ferdinand Markos yüksək çinli siyasətçilərin, o cümlədədn, Cimmi Karterin və Ronald Reyqanın semki kampaniyalarına qanunsuz pul köçürmələri etmişdi (1986-cı ildə – Markoslar devrilən il mətbuta bu haqda məlumat sızanda onlar həmin köçürmələrdən xəbərsiz olduqlarını açıqlamışdılar).

30 il sonra da fəaliyyətini davam etdirən PCGG-in 94 hüquqşünasından biri 2016-cı ildə Britaniyanın “Qardian” (“The Guardian”) qəzetinə müsahibəsində ABŞ gömrük xidmətinin Markos Havay adalarına gələrkən tərtib etdiyi sənədlərin surətini göstərərək bunları deyib:

“Görürsüzmü? Bir neçə səhifə pozulub, bir neçəsi qoparılıb. Biz düşünürük ki, onlar ABŞ şirkətlərinin iştirak etdiyi transaksiyaları redaktə ediblər. Onlar birlikdə oğurlayıblar”.

****

1989-cu ildə Ferdinand Markos böyrək xəstəliyindən fəvat edir. 5 il sonra “dəmir kəpənək” Filippinə qayıdır. Əvvəlki ədasını da özüylə gətirib gəlmiş keçmiş birinci ledi dönüşünün səbəbini belə izah edir:

“Mən allahın seçilmiş bəndəsiyəm, vətənə qayıtmağım mənə göylərin açdığı yol sayəsində mümkün oldu”.

Hadisələrin sonrakı inkişafı göstərir ki, filippinlilərin İmelda Markosa qarşı qəzəbi artıq ona simpatiyayla əvəzlənib:

1992-ci ildə o, prezident seçkisinə qatılır və səslərin sayına görə 7 namizəd arasında 5-ci yeri tutur.

1995-ci ildə parlament seçkisində iştirak edib deputat mandatı qazanır.

11 namizədin iştirak etdiyi 1998-ci il prezident seçkisində 9-cu yeri tutur.

2006-cı ildə şəxsi biznesini qurub qızı İmi Markosun köməyilə "Imelda Collection" adlı geyim, ayaqqabı və bəzək əşyaları brendi yaradır.

2010-cu ildə yenidən parlamentə mandat qazanır və Minilliyin hədəfləri komissiyasının sədri seçilir.

2016-cı ildə üçüncü dəfə parlament seçkilərinə qatılır və filippinlilər bu dəfə də onu deputat seçirlər.

2018-ci ildə İmelda ötənlərdəki kimi Manilanın qubernatoru olmaq həvəsinə düşüb namizədliyini irəli sürür.

Amma həmin ilin fevralında Fillipinin xüsusi təyinatlı apellyasiya məhkəməsi Sandiqanbayan İmelda Markosu 7 bəndlik rüşvətxorluq və korrupsiya cinayətlərində ittiham edir və bu, onu hər hansı dövlət vəzifəsini tutmaq hüququndan məhrum edir. Əriylə əlbir olub dövlət xəzinəsindən milyardlarla dollar pul oğurladığına görə keçmiş birinci ledi haqqında 42 illik həbs cəzası qərarı çıxarılır.

İlk iclaslara qatılmayan 89 yaşlı İmelda Markos “həkimin ciddi göstərişinə əsasən ürək tutmasından və beyin zədələnməsindən qorunmaq üçün stress situasiyalarından uzaq durmalı” olduğunu açıqlayır, bir neçə gün sonrasa məhkəmə prosesindən ümumiyyətlə xəbərsiz olduğunu bildirir. Ancaq qubernatorluq xülyasından vaz keçib namizədliyini geri götürmək məcburiyyətində qalır.

Məhkəmə eks-birinci ledinin 16 noyabr tarixli prosesə qatılaraq “qanuna tabe olması” faktını əsas gətirir və onun 300 000 funt sterlinqlik girov müqabilində azadlığa buraxılmaq xahişini müsbət cavablandırır. Həbs cəzası Antikorrupsiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılarsa, ölməz Kaşşey kimi odda yanmaz-suda batmaz olan İmelda Markos Ali Məhkəməyə müraciət edəcək və böyük ehtimal, 1993-cü ildəki kimi, bu instansiya ona yenə bəraət verəcək.

****

Əcnəbi ortaqlarının himayədarlığı Markosları onlarla belə məhkəmədən xilas edib.

Manhetten məhkəməsi onların 1981-ci ildə iki filippinli fəalın qətlini sifariş etməsi faktını üzə çıxararaq qurbanların ailələrinə 15,1 milyon dollar kompensasiya ödəməyi hökm etmiş (1989), Markoslar bu hökmü yerinə yetirməmişdilər.

1995-ci ildə Havay məhkəməsi Markos rejiminin minlərlə insana işgəncə verməsi və öldürməsi faktını təsbit etmiş, ölənlərin ailələrinə, sağ qalanların özlərinə təxminən 2 milyard dollar məbləğində kompensasiya ödənməsini hökm etmiş, Markoslar bu məbləğin 1%-indən də azını ödəmişdi.

1993-cü ildə – keçmiş birinci ledi Filippinə qayıdandan sonra məhkəmə onu hakimiyyətdə təmsil olunduğu dönəmdə qeyri-qanuni torpaq alqə-satqısında ittiham edərək 18 illik həbs cəzasına məhkum etmiş, apelyasiya müddəti ərzində girov verib azadlıqda qalan “dəmir kəpənək” Ali Məhkəmə tərəfindən bəraət almışdı.

1990-ların sonunda – parlamentə seçiləndən sonra o, mətbuata müsahibə verərək hamıya meydan oxuyurcasına demişdi ki, “Biz faktiki olaraq bütün Filippinə sahibik. Elə pullarımız var ki, hakimiyyətin hələ onlardan xəbəri yoxdur”.

2007-ci ildəki müsahibəsində isə “itmiş” rəsm əsərlərinin asıldığı divarın önündə oturmuşddu. PCGG tabloların müsadirə olunması tələbiylə məhkəməyə müraciət etmiş, daha əvvəlkilər kimi, bu proses də uzun çəkişmələrdən sonra başa çatmış (2014) və komissiya üzvləri bu dəfə də onun evində o əsərləri tapmamışdılar.

2011-ci ildə Sandiqanbayan məhkəməsi İmeldanı Milli Ərzaqidarəetmə Komitəsindən oğurladığı 280 000 dolları qaytarmağa məhkum etmiş, bu qərar da icra edilməmiş qalmışdı.

Bundan başqa, Filippində hakimiyyət Markosların iş ortaqlarının əlinə keçən kimi oğurlanmış pulları geri qaytara bilməməsi bəhanəsiylə PCGG-nin ləğvi tələb edilmişdi. Üstəlik, bəzi komissiya üzvləri korrupsiyaya bulaşaraq qurumun dövlətdən maliyyələşməsinin müddətini uzatmaq üçün araşdırma prosesini ləngitməyə başlamışdılar. Eyni zamanda, Filippin məhkəmələri Markoslardan rüşvət alıb komissiyanın işinə əngəl olmağı ənənə halına gətirmiş, buna görə PCGG iki dəfə ailə fərdləriylə kompromisə getməyə məcbur olmuşdu.

****

30 illik fəaliyyəti boyu PCGG Markoslardan cəmi 3,7 milyard dollar geri ala bilib – təkcə Ferdinand Markosun oğurladıqlarının yarısından da azını. Komissiya üzvləri oğru ailəyə qarşı 1987-ci ildən etibarən başlatdıqları 28 məhkəmənin nəticələrini görmədən təqaüdə çıxırlar.

Komissiyanın sədri Riçard Amuro 2016-cı ildə “Qardian”a müsahibəsində İmelda Markosun zinət əşyalarının (içində rus çarı II Nikolayın ailəsindən müsadirə olunmuş 4 milyon dollardlıq tac da olmaqla) Milli Bankın xəzinəsində saxlanıldığını və növbəti ildə auksionda satılacağını deyib (Ötən müddət ərzində bu auksionun baş tutub-tutmadığı barədə heç bir məlumat tapa bilmədim). O, həmçinin qeyd edib ki, keçmiş birinci ledinin bir zinət əşyası 2000 filippinli gəncin kollec xərcini ödəyə biləcək qiymətdədir.

****

Hazırda Markoslar Filippinin indiki prezidenti Rodriqo Duterteylə yaxın dostdurlar, ictimai tədbirlərə bir yerdə qatılırlar. Publik çıxışlarında Duterte dəfələrlə keçmiş diktatoru “hər kəsə nümunə olan” şəxs adlandırıb. 2016-cı ildə onun Havay adalarındakı (Holulu şəhəri) nəşinin ölkəyə gətirilərək Manilanın qəhrəmanlar qəbirstanlığında dəfn edilməsi haqqında qərar çıxarıb…

Ana səhifəXəbərlərİmelda Markos – ”dəmir kəpənək” ləqəbli birinci ledi