Məktəblinin döyülməsini əks etdirən videogörüntü yayılıb

Sosial şəbəkələrdə məktəblinin döyüldüyünü əks etdirən videogörüntülər yayılıb.

Hadisənin Bakının Dərnəgül qəsəbəsində yerləşən Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbinin həyətində baş verdiyi bildirilir. Hadisənin şahidi olduğunu deyən şəxsin Meydan TV-yə verdiyi məlumata görə, məktəblini döyən direktor müavini, həmçinin rus dili müəllimi Vidadi adlı şəxsdir.

Görüntülərdən həmin şəxsin uşaqlara hücum etdiyi, daha sonra onlardan birini döydüyü bəlli olur.

Meydan TV adıçəkilən müəllimlə, eləcə də təzyiqə məruz qalan uşağın valideyni ilə əlaqə saxlaya bilməyib.

Məktəbin direktoruna məxsus telefon nömrəsinə isə cavab verən olmayıb.

Cəbrayıl Rayon Təhsil Şöbəsindən isə bildiriblər ki, hadisə onların məktəbində deyil, Şuşa şəhər məktəblərindən birində baş verib.

“Dərnəgüldə az qala 10 köçkün məktəbi var. Dəqiq haradır bilmirəm, Şuşa məktəbi deyirlər. Amma o dəqiqdir ki, bizim məktəblərdə deyil. Yayılan şayiələrə inanmayın. Bizdə müəllimlər uşaqları döyməz”, – özünü şöbənin aparıcı mütəxəssisi kimi təqdim edən şəxs bildirib.

Şuşa Şəhər Təhsil Şöbəsindən onlarda belə bir məlumatın olmadığını bildiriblər.

Təhsil Nazirliyindən isə deyiblər ki, araşdırmadan sonra Meydan TV-nin yazılı sorğusuna cavab veriləcək.

Ana səhifəVideoMəktəblinin döyülməsini əks etdirən videogörüntü yayılıb