Məktəblini döyməkdə təqsirləndirilən icra başçısının müavini məhkəmə qarşısında

Rasilə Əliyeva

Rasilə Əliyevanın işi məhkəmə baxışına çıxarılır

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) yaxın günlərdə hakim qarşısına çıxarılacaq. Onun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb. İş materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Rasilə Arifqızı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Rasilə Arifqızı icra başçısının müavini işlədiyi dövrdə – 14 iyul 2022-ci ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Aliyə Camalovanı attestat verilməsi bəhanəsilə  xidməti sürücüsü vasitəsilə öz evinə gətirdib. O, məktəblinin mobil telefonunu əlindən alıb, oradakı məlumatları yeniyetmənin qohumlarının mobil telefonlarına göndərib. Həmçinin onu döyüb. Ekspertiza yeniyetmənin üzərindəki xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirib.

İcra başçısının müavini ilə bağlı araşdırmalar Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yeniyetməyə qarşı baş verənləri sosial mediada ictimailəşdirməsindən sonra başlayıb.

Kəmalə Ağazadənin yazdığına görə, Rasilə Arifqızı şagirdi şəxsi səbəbdən evinə gətirdərək zor tətbiq edib:

“Səbəb Rəsilə Əliyevanın öz qızının telefonundan sevdiyi oğlana mesaj yazması olub. Deyilənə görə, öz qızını da döyüb. Amma bu biri uşaq qədər yox…”

O əlavə edib ki, 9-cu sinif şagirdinin döyülməsində 4 saylı məktəb-liseyin direktoru Yeganə Əsgərova da iştirak edib.

Lənkəran Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə bu məlumat yayılandan az sonra açıqlama verərək, deyilənləri təkzib edib.

“İcra başçısının müavini Rəsilə Arifqızı tərəfindən məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır. Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda şöbədə araşdırma aparılır”, – icra hakimiyyətindən bildirilib.

Ardınca icra başçısının müavini özü açıqlama yayaraq bildirdi ki, fotosu yayılan uşaq onun qızı ilə eyni sinifdəı oxuyur. Rəsilə Əliyeva iddia edib ki, həmin uşaq sinif yoldaşlarının, o cümlədən onun qızının adından mesajlar yazıb:

“Mənim qızımın və sinif yoldaşı olan digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Bundan xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Həmin videoları yeniyetmənin valideynlərinə göndərdim”.

İyulun 17-də isə prokurorluq icra başçısının müavini və lisey direktoru ilə bağlı araşdırmalara başlayıb. Daha sonra onların hər barəsində cinayət işi başlanıb və Rasilə Arifqızı vəzifəsindən azad edilib.

Cinayət Məcəlləsinin 309.1 maddəsində 2 min manatdan 4 min manata qədər cərimə, yaxud 2 ilədək islah işləri, ya da 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəBölgəMəktəblini döyməkdə təqsirləndirilən icra başçısının müavini məhkəmə qarşısında