Məktəblini döyməkdə ittiham olunan icra başçısının müavini cərimələndi

Rasilə Arifqızı. Foto: Sosial şəbəkə

Rasilə Arifqızına hökm oxundu

Lənkəranın icra başçısının müavini vəzifəsində işlədiyi dövrdə qızının sinif yoldaşını evinə çağırıb döyməkdə ittiham olunan Rasilə Arifqızının (Əliyeva) 1 aydır davam edən məhkəməsi yekunlaşıb. Oktyabrın 10-da Lənkəran Rayon Məhkəməsində ona hökm oxunub.

Hakim Rəşad Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Rasilə Arifqızı Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirli bilinib və 4000 manat cərimə cəzasına məhkum edilib.
Hakim vurğulayıb ki, Rasilə Arifqızının zərərçəkmişlə (zorakılığa məruz qalmış məktəbli və valideyni) barışıq əldə etməsi, qarşı tərəfin ondan şikayətçi olmaması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Təqsirləndirilən sabiq məmur məhkəmədə çıxışında bildirib ki, əməlindən peşmandır.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə döyüldüyü iddia olunan məktəbli ilə bağlı görüntüləri 2022-ci ilin iyulunda sosial media hesabından yayandan sonra bu məsələ ilə bağlı prokurorluqda araşdırmalar başlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, icra başçısının müavini 14 iyul 2022-ci ildə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdi Aliyə Camalovanı attestat verilməsi bəhanəsilə xidməti sürücüsü vasitəsilə öz evinə gətirdib. O, qızının sinif yoldaşı olan Aliyə Camalovanın mobil telefonunu əlindən alıb. Şagirdin telefonunda olan görüntüləri daha sonra onun ailəsinə göndərib.

Həmçinin məktəbli ekspertizadan keçirilərkən onun üzərində sağlamlığa zərər vurmayan dərəcədə qiymətləndirilən xəsarətlər aşkarlanıb.

Bundan sonra Rasilə Arifqızıya qarşı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülərək, təqsirləndirilən şəxs qismində tanınıb. Həmçinin bu olaydan sonra o, vəzifəsindən azad edilib.

Rasilə Arifqızı istintaq və məhkəmə dövründə həbsdə olmayıb.

Lənkəran Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə bu məlumat yayılandan az sonra açıqlama yayaraq, deyilənləri təkzib etmişdi:

“İcra başçısının müavini Rəsilə Arifqızı tərəfindən məktəbli qızın döyülməsi və ya harasa dəvət edilməsi barədə məlumat yalandır. Sosial şəbəkədə məktəbli qızın döyulməsi ilə bağlı paylaşılan şəkillər barədə Lənkəran Rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda şöbədə araşdırma aparılır”.

Ardınca icra başçısının müavini özü açıqlama yayaraq iddia etdi ki, döyüldüyü iddia olunan uşaq sinif yoldaşlarının, o cümlədən onun qızının adından müxtəlif şəxslərə nalayiq mesajlar göndərib:

“Qızıma tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Həmin videoları yeniyetmənin valideynlərinə göndərdim”.

Rasilə Arifqızının ittiham olunduğu Cinayət Məcəlləsinin 309.1 maddəsində 2 min manatdan 4 min manata qədər cərimə, yaxud 2 ilədək islah işləri, ya da 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəBölgəMəktəblini döyməkdə ittiham olunan icra başçısının müavini cərimələndi