Məktəblərdə bullinq nə dərəcədə araşdırılır?

Dünyaya gələn hər bir uşaq ayrıca şəxsiyyətdir

Source: Sosial şəbəkə



Müəllif: Aydan Nüsal


Dünyaya gələn hər bir uşaq ayrıca şəxsiyyətdir

14 yaşlı Elina Hacıyevanın intiharı və bu mövzu ətrafında yaranan suallar Azərbaycan cəmiyyətində istər hüquqi, istər sosial, istərsə də elmi-psixoloji səviyyədə bugünə qədər araşdırılmamış, lakin ciddi tədqiqata ehtiyac duyan məsələlərdir. Təəssüflər olsun ki, bu mövzu və ya daha öncədən yaşanmış bu kimi məsələlərin sosial şəbəkələrdə müzakirələri xaricində heç bir ciddi tədqiqi, yaxud analizi aparılmır. Bu sahədə mütəxəssis deyiləm, mütəxəssislərin onsuz da susması faktını nəzərə alaraq və Elinanın xatirəsinə hörmət əlaməti olaraq kiçik bir araşdırma aparmağı lazım bildim.

Məni ən çox düşündürən bullinq (alçaltma, ələsalma, psixoloji terror) məsələsinin özü, məktəbyaşlı uşaqların davranışıdır. Elinanın intiharının səbəbi məhz məktəb yoldaşları tərəfindən mənəvi, fiziki zorakılığa qalması və ətrafından gördüyü etinasız münasibət- münasibətsizlikdir. Şəxsiyyətsiz məktəb direktoru və yumşaq desək, məsuliyyətsiz həkimlər bərbad təhsil və səhiyyə sisteminin iyrənc üfunətini sadəcə bir daha "qoxlatdı". Sosial şəbəkələr çərçivəsində olsa belə, kifayət qədər qınağa məruz qaldıqlarından bu məsələlərə heç toxunmayacağam. Vurğulamaq və haqqında nisbətən uzun yazmaq istədiyim məsələ bullinqdir.

Məktəblərdə bullinq nə dərəcədə araşdırılır ( ölkəmizdə psixologiya sahəsində hər hansı bir tədqiqatdan, ümumiyyətlə, söhbət getmədiyindən əlbəttə ki, dünya təcrübəsindən bəhs edirəm?) Zorakılıq, bullinq və bu kimi halların qarşısının alınması istiqamətində hansı addımlar atılıb? Bu addımlar nə qədər effektivdir?

Bullinq hər şeydən əvvəl, bütün dünya ölkələrində müşahidə olunan və müxtəlif səviyyəli tədqiqatlar nəticəsində ortaya çıxan təlim-tərbiyə problemidir. Bullinq güc bərabərsizliyi şəraitində güclü tərəfin zəif tərəfə bilərək və istəyərək, məqsədli və sistemli formada, müəyyən zaman aralıqlarında davamlı olaraq tətbiq etdiyi, qurbanda qorxu, narahatlıq yaradan və ya onu daha ağır davranışlara sövq edən fiziki, sözlü və psixoloji hücumdur. ( Baldry, Fannington 2000, Hughes 2005)

Bullinqə təsir edən faktorlar sırasında gender və yaş xüsusi əhəmiyyət kəsb edir. Bullinq aktlarının tədqiqi göstərir ki, qızlar daha çox qayğı göstərən və empati quran tərəf olduğu halda, aqressiv davranışlar daha çox oğlanlara məxsusdur. (Carlo 2014) "2 mədəniyyət" ( Two cultures theory) nəzəriyyəsinə görə ( Underwood, 2004) , uşaqlar artıq kiçik yaşlarından oğlanlar və qızlar olaraq iki fərqli qrupa bölünərək inkişaf etməyə başlayır. Qızlara nisbətən oğlanlar daha çox qaba oyunlar oynamağa, bilavasitə aqressiyaya, eləcə də rəqabətli (yarış) məşğuliyyətlərə meyilli olur. Cook ( 2010), Mitsopoulu və Giovazonun (2015) apardığı tədqiqatlara istinadən bunları iddia etmək olar.

Digər araşdırmalar isə yaşla bullinq arasında əlaqənin olduğunu üzə çıxarır. Cook(2010) və Klyakovicin (2016) araşdırmaları müvafiq olaraq, zəif pozitiv və zəif neqativ assosiasiyaları müəyyənləşdirib. Holland məktəblərində 2230 iştirakçının qatılması ilə aparılan təcrübə isə göstərib ki, yaşla bullinq arasında tərs-mütənasib əlaqə var. Yəni daha son dövr yeniyetməlikdə ilkin dövrə nisbətən bullinq halları azalıb.

1970-ci illərə qədər bullinq ümumilikdə problem olaraq deyil, məktəbyaşlı uşaqların yaşaması və keçməsi gərəkən həyati durum olaraq görülür. 70-lərdən sonra isə çözülməsi vacib olan problem olaraq qəbul olunur.

Qonşu Türkiyədə 2000-ci illərin əvvəllərində bu sahədə qismən araşdırmalar aparılıb. (Məsələn, türk dili dərsində şagirdlərin göstərdiyi performansa onların qarşılaşdığı bullinq hallarının təsiri) . 2015-ci il göstəricilərinə görə, məktəblərdə bullinqə məruz qalma hallarının ortalama göstəricisi 19 faizdir.

Bu kimi halların qarşının alınması üçün hansı addımlar atılmalıdır?

1983-cü ildə Norveçdə 3 yeniyetmənin müxtəlif bullinq hücumları nəticəsi olaraq intiharından sonra Norveç Təhsil Nazirliyi bütün ölkədə anti-bullinq hərəkatına başladı. Nəticə olaraq, məşhur Olweus-un Bullinqin Qarşısının Alınması Proqramı – Olweus Bullying Prevention Program ( OBPP) qəbul olundu. Sonradan proqram, müxtəlif kontekstlərdə inkişaf etdi və yeniləndi. 1990-cı illərdən bu kimi proqramlar əhatə etdikləri miqyas və kəmiyyət olaraq çoxalmağa başladı. Qəbul olunan proqramlar, məkan və atmosfer fərqlilikləri nəzərə alınaraq menecment yanaşmalarını, müxrəlif dissiplin metodlarından istifadə edərək məktəb strategiyalarının hazırlanmasını özündə ehtiva edir.

Bəs valideynlər uşaqlarını bullinqdən qorumaq üçün nə etməlidir?

  1. İlk növbədə bullinqin nə olduğu haqqında tam anlayışa malik olmaq lazımdır. Unutmaq olmaz ki, bullinq özündə fiziki, verbal, kiber ( internet üzərindən) bulliniq cəmləşdirə bilər.
  2. Bullinqin əlamətlərini görməyi bacarmaq lazımdır. Dr. Joel Haberə görə, "əgər uşağınız:

– məktəbə istəksiz gedirsə və ya getməkdən tamamilə imtina edirsə;

– məktəb həyatı ilə bağlı bütün söhbət cəhdlərinizdən yayınırsa, ötəri cavablar verirsə;

– məktəbdənkənar məşğuliyyətlərə qatılmaqdan imtina edirsə;

– fiziki stress və baş ağrılarından şikayət edirsə;

– ona xas olmadığı halda, tez-tez vulqar sözlərdən istifadə edirsə;

– bədəninin müxtəlif nahiyələrində izahedilməz fiziki zorakılıq əlamətləri ilə evə dönürsə;

uşağınızın çox güman və təəssüf ki, bullinq qurbanı olma ehtimalı var".

Dr.Haberə görə, sizin uşağınız bullinq edən tərəf də ola bilər. Əgər uşağınız empati qurmaqda çətinlik çəkirsə; həmişə üzərində nəzarət tələb olunursa; başqalarının ağrısından və əziyyətindən məmnundursa və ya hətta zövq alırsa; sizin tərəfinizdən psixoloji zərba alıbsa və ya fiziki zorakılıq görübsə; heyvanları incidirsə; aqressiya tələb edən video oyunlara aşırı marağı varsa, çox güman ki, o, digərlərinə bullinq edir.

3. Uşaqlarla bullinq haqqında söhbət aparmaq lazımdır. Rol oyunları oynayaraq, bullinq hallarında necə hərəkət etməli olduğunu öyrətmək lazımdır. Psixoloqla və məktəblə daimi əlaqədə olmaq çox vacibdir.

Bu hadisədə bullinq edən uşaqlar və valideynin günahı bərbad sistemin siması olan direktor və etinasız həkimlərin böyük günahı kölgəsində kiçildilməməlidir. Dünyaya gələn hər bir uşaq ayrıca şəxsiyyətdir. Bunu unutmaq olmaz.

Ana səhifəXəbərlərMəktəblərdə bullinq nə dərəcədə araşdırılır?