Məktəbi təmir edib, sökdülər (VİDEO)

Paytaxtın mərkəzində yerləşən 20 nömrəli məktəb sökülür. 6 il öncə məktəbin əsaslı təmiri üçün 1 milyon 600 min manat xərclənib.Bu qədər vəsait xərclənəndən sonra 3 min şagirdlik məktəb sökülür. Özü də çox maraqlı bir səbəb gətirilərək. Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov deyir ki, məktəb ordakı şagird sayının artması səbəbindən sökülür. Hüseyn Əsgərovun sözlərinə görə, məktəbdə cəmi 100 sinif otağı olub.Təhsil alan şagirdlərin sayı isə 3 mindən yuxarıdı. Yəni hər sinifə ortalama 30-32 şagird düşür.Halbuki təlimatda 20 şagirdin olması nəzərdə tutulub. Deməli, hər sinifdə 12 şagird artıqdır. Həmçinin məktəbdə 300-ə yaxın müəllim var və onlar üçün cəmi 2 otaq ayrılıb.

Hüseyn Əsgərov:“6il öncə nə qədər vəsait ayrılmasını dəqiq deyə bilmərəm. O vaxt təbii ki, təmir olundu. Amma mən istəyirəm bir məsələyə diqqəti yönəldəm. O vaxtlar təmir işləri aparılarkən görünür mekaniki artım yox, təbii atrım nəzərə alınıb. Bildiyiniz kimi, biz məktəblərdə təmir gedən zaman proqnozlaşma aparırıq. Qarşıdakı illər nəzərə alınır. Ən azı 10 il qabağa baxırıq ki, burda təbii artım nə qədər ola bilər. Amma bu məktəb elə yerdə yerləşir ki, görünür o vaxt mexaniki artım nəzərə alınmayıb.”

Ekspert Natiq Cəfərli isə hesab edir ki, əgər məktəbdə şagirdlərin yerləşməsində problem varsa, o zaman yeni korpuslar tikilə bilər. Yaxud da binanın təməli möhkəmdirsə,üzərində bir neçə mərtəbə artırmaq olar. Binanı söküb yenidən tikmək isə daha çox vəsaitin xərclənməsinə gətirib çıxaracaq.

Natiq Cəfərli: Cəmi iki il bundan əvvəl təmirə məruz qalan binanı yenidən sökürlər və yerində yenisini tikməyə üstünlük verirlər. Bu əslində hökümətin bu sahadə atdığı addımlarda ümumi bir xəttin olmamasının təzahürüdür. Gəzən söz-söhbətlərdə isə orada tikiləcək olan obyektin məktəb olub-olmaması da sual altındadır. Bəzi məlumatlara görə Fövqəladə Hallar Nazirliyi orada özünə akademiya və ya bina tikməyə hazırlaşır.

20 nömrəli məktəb binasının yerində yeni məktəbin və ya Fövqəladə Hallar Nazirliyinə məxsus akademiyanın olub-olmayacağını indidən demək mümkünsüzdür. Heç yeni binanın tikintisi üçün ayrılacaq vəsaitin də miqdarı bəlli deyil. Çünki bu barədə rəsmi heç bir məlumat verilmir. Hələliksə görünən odur ki, sökülən məktəblə yanaşı dövlət büdcəsindən ayrılmış 2 milyonluq vəsait də havaya sovrulur.

Ana səhifəVideoMəktəbi təmir edib, sökdülər (VİDEO)