Hər il noyabrın 25-dən başlayaraq Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə günlüyü qeyd olunur. 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə kimi davam edəcək kampaniyanın qlobal məqsədi bütün dünyadakı dövlət və qeyri-dövlət qurumlarını, əhalinin və ayrı-ayrı fərdləri bütün mümkün vasitələrlə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına son qoyulması üçün tədbirlər görməyə çağırmaqdır.
Bu il kampaniyanın şüarı “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!”-du. Meydan TV bu münasibətlə əhali arasında sorğu keçirib. Paytaxt sakinlərindən soruşduq; Məişət zorakılığının qarşısı alınması üçün hansı qərarlar və qanunlar qəbul edilsin?
– Özümüz, özümüzü müdafiə edirik. Bizi kimdi müdafiə edən? Videosu yayılan qadının vəziyyəti görün necə acınacaqlıdır. Elə zorakılıq edərlər? Elə zorakılıq edən insan, insan deyil.
– Cəzalar ağırlaşsa, daha yaxşı olar. Kişilər də elə yola əl atmasınlar. İstərdim ki, qadınlarımızda qürur, mənlik olsun. Addım atanda qorxub arxaya çəkilməsinlər.
– Onun qarşısını almaq mümkün deyil. Mən necə görmüşəmsə, evdə ata anaya necə hörmət edirsə, mən də gələcəkdə ailə quranda yoldaşıma elə hörmət edəcəm.
– Bu məhkəmə, polis orqanlarına aid işdir. Təəssüf ki, bu işlə maraqlananlar yoxdur. Müraciət edəndə də hər kəs canını bir tərəfə çəkir. Öləndən sonra cavabdeh olurlar ki, öldü. Onu tuturuq, bunu da torpağın altına atırıq.
– Vallah, bu suala cavab vermək çətindir. Mən dövlətlə dövlətçilik edə bilmərəm.