Məişət zorakılığı kriminallaşdırılmalıdır

Dünyada hər 3 qadından biri ömründə heç olmasa, bir dəfə zorakılığa məruz qalıb

Source:
Məişət zorakılığı
Məişət zorakılığı

Dünyada hər 3 qadından biri ömründə heç olmasa, bir dəfə zorakılığa məruz qalıb. Hazırda dünyada təxminən 3,8 milyarddan çox qadın yaşayır. Deməli, hazırda yaşayan qadınlardan azı 1 milyard 270 milyona yaxını zorakılığa məruz qalıb. Bu, hələ hazırda yaşayanlara aiddir. Artıq ölüb getmiş qadınları da saysaq, məhz cinsi ayrı-seçkilik zəminində olan zorakılığın bəşər tarixində ən genişmiqyaslı vəhşilik olduğunu görmüş olarıq. Müqayisə üçün deyim ki, İkinci Dünya Müharibəsində öldürülmüş və yaralanmış insanların sayı cəmi 110 milyon nəfər olub. Bu, yuxarıdakı ədədin 10 faizdən azdır.

Hindistandan, Afrikadan olan tükürpədən kadrları demirəm heç. Öz balaca ölkəmizdə nə qədər dəhşətli məişət zorakılığı faktları olur ki, bu problemin həllinə haradan başlanması, harada qurtaracağı təsəvvürolunmaz hala gəlir. Bu problemin həlli üçün 22 iyun 2010-cu ildə Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib.

Problemin həllinə yarımçıq yanaşan, ehtiyatlı bir sənəd olan bu qanunun əksər müddəaları işləmir. Məsələn, zorakılığa məruz qalmış insanlar üçün dövlət tərəfindən müxtəlif təminatların, o cümlədən sığınacaqların təşkil edilməsi hələ də həll edilməyib, halbuki ən əsas məsələlərdən biri də budur. Qadın evdə döyüləndə getməyə həm də yeri olmadığına görə ilişib qalır.

Ümumiyyətlə, bu sahədə problemlər o qədər çoxdur ki, bir yazıda gərək problemlərin birindən tutub yazasan, yoxsa yazı qatmaqarışıq, rabitəsiz söz yığnağı olacaq. Problemlərdən biri də budur ki, 29 iyun 2012-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsindən 132-ci maddə çıxarılmışdır. Bu maddə “Döymə” adlanırdı. Dispozisiyası belə idi: “Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə”. 128-ci maddə isə “Qəsdən sağlamlığa yüngül zərər vurma” adlanır. Məsələ burasındadır ki, fiziki xəsarət yetirildiyi halda zərərçəkmiş ekspertizadan keçirilir və müəyyən edilir ki, onun sağlamlığına ağır (126-cı maddə), az ağır (127-ci maddə), yoxsa yüngül (128-ci maddə) zərər vurulub. Hətta yüngül zərər də vurulmayıbsa, o zaman bu, yüngül zərərvurma əlamətləri olmayan döymə sayılır.

Gördüyümüz kimi, əvvəllər belə şeyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. Artıq 6 ildir ki, döymə mütəmadi deyilsə (mütəmadi döymə 133-cü maddəyə əsasən cinayət məsuliyyətinə səbəb olur), cinayət məsuliyyətinə səbəb olmur. Yəni kişi qadını döysə və onda yüngül xəsarət aşkarlanmasa, bu, cinayət deyil. Döymənin Cinayət Məcəlləsindən çıxarılmasının səbəblərini bilmirəm. Ona görə də o maddənin olduğu kimi qaytarılmasını təklif etmirəm.

Sadəcə hesab edirəm ki, məişət zorakılığı kriminallaşdırılmalıdır. Cinayət Məcəlləsinə “Məişət zorakılığı motivi ilə döymə” maddəsi əlavə edilməlidir. Təbii ki, tək bunu əlavə etməklə iş düzəlmir, xüsusən, hüquq-mühafizə orqanları əməkdaşlarının qadınlara, əsasən də, öz ərindən şikayət edən qadınlara qarşı münasibəti ciddi şəkildə dəyişdirilməli, əksər hüquq-mühafizə orqanı əməkdaşına bu barədə xüsusi tərbiyə verilməlidir.

Bizim polisləri dəyişmək olarmı? Məncə olar. Buna bir misal deyim. Eşidəndə mən də çox təəccüblənmişdim. 90-cı illərdə Azərbaycandan Dubaya “qadın ixracı” barədə çoxumuz bilirik. O qadınlar adətən seks işçisi kimi orada istismar olunublar. Onları istismar edənlər isə insan alveri cinayəti törədənlər olublar. Həmin cinayət törətmiş şəxslərin çoxu ölkəyə qayıtmayıb. Amma bəziləri ələ keçirilib, barələrində cinayət işi açılıb. Cinayət işinin gedişində bu təqsirləndirilən şəxslər ifadələrində öz alverlərinin qurbanlarının, yəni alıb satdıqları qadınların adlarını çəkiblər.

Polis o qadınları axtarıb, tapıb. Məlum olub ki, əksəriyyəti normal ailə həyatı qurub və artıq seks işçisi kimi fəaliyyət göstərmir, eyni zamanda ailələrinin də bundan xəbəri yoxdur. Amma istintaq orqanı onlardan zərərçəkmiş şəxs kimi ifadə almalıdır axı. Bu zaman polis maraqlı üsul işlədib. Belə hallarda polislər insan alveri qurbanının evinə gəlirlər və özlərini qaz idarəsinin işçiləri kimi təqdim edərək, evdə sızıntının olub-olmamasını yoxlamalı olduqlarını bildirirlər. Qapı açılandan sonra evin bütün otaqlarına baxırlar. Əmin olanda ki, evdə qadından başqa adam yoxdur, o qadına vəziyyəti başa salırlar. Anonimliyin tam qorunması şərti ilə gəlib ibtidai istintaqda və məhkəmədə ifadə verməli olduğunu deyirlər.

Gördüyümüz kimi, Azərbaycan polisi qadınların hüquqlarını qoruya, bu zaman çox peşəkar davrana bilir – əgər istəsə. Yəni əlimizdə kadr ehtiyatı var. Qalır dövlətin məişət zorakılığını kriminallaşdırması və belə halların aşkar edilib, lazımi cəzasının alınmasını təmin etməsi.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMəişət zorakılığı kriminallaşdırılmalıdır