Bu məqsədlə sahibkarlardan 900 min manat alındığı iddia olunur
Bakı metrosunun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunu satmaq adıyla sahibkarların aldadıldığı, pullarının ələ keçirildiyi iddia olunur.
Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov həbs olunub.
Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionu “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olub.
İttihama görə, Nadir Əliyevlə Alik Həsənov müxtəlif sahibkarlara stadionun ərazisinin 5 milyon yarıma satıldığını, orada hündürmərtəbəli binaların mümkün olduğunu deyib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla pul istənilib. Nadir Əliyev və Alik Həsənovun sahibkarlardan ümumilikdə 900 min manat aldığı iddia olunur.
“Bundan başqa, istintaq zamanı aydın olub ki, Alik Həsənov direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deyib. Bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə aparılması adıyla 360 min manat pulu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib”, – Baş Prokurorluqdan bildirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.
Nadir Əliyev və Alik Həsənovun ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.
Bu barədə məlumat almaq üçün təqsirləndirilən şəxslərin vəkilləri və ya yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.