“Qərargahdakı kameralar adamın görüntülərini götürüb, eyni zamanda, idarə etdiyi avtomobilin nömrəsi artıq bizdədir”
Oktyabrın 10-da saat 17 radələrində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Bül-bülə qəsəbəsində yerləşən seçki qərargahına hücum olub.
Məlumatı Meydan TV-yə Mehriban Zeynalova özü verib.
“Seçki qərargahına daxil olan şəxs seçki təbliğatı plakatlarını cıran zaman içəridəkilər ona “sənədini göstər” deyərək etiraz edən zaman adam icra nümayəndəsi olduğunu söyləyib. Vəziyyətin heç də xeyrinə olmadığını görən zaman qərargahı tərk edib. Ancaq qərargahdakı kameralar adamın görüntülərini götürüb, eyni zamanda, idarə etdiyi avtomobilin nömrəsi artıq bizdədir”,-deyə deputatlığa namizəd bildirib.
Mehriban Zeynalova qarşılaşdığı özbaşınalıqla bağlı DSK-ya və yerli polisə müraciət etdiklərini söyləyib.