Mehriban Zeynalovanın ittihamlarına cavab verildi(VİDEO)

Fevralın 6-da “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuat konfransı keçirərək, jurnalist Aynur İmranovanı və keçmiş millət vəkili Gültəkin Hacıbəylini məhkəməyə verəcəyini bəyan etdi.  Haqqındakı ittihamlara cavab verən Aynur İmranova Meydan Tv-yə açıqlamasında deyib ki, məhkəməyə o, özü müraciət edəcək:

 “Mən səhifəmdə ad çəkməmişdim. Orada bir kəlmə demişdim ki, bir QHT rəhbərinin əli var. Mətbuat konfransında həmin xanım da etiraf edib ki, Lilinin getməsi üçün bileti o alıb. Mən də bunu nəzərdə tutmuşdum. Əslində isə məhkəməyə müraciət edəcəm. Mənim adımı hallandırdığına görə. Bunu şəxsimə qarşı qərəzli açıqlama hesab edirəm. O yazını mən yazmadığım halda yanlış fikir yaratdığı üçün, mən bunu böhtan xarakterli bir açıqlama hesab edirəm. Zəhmət olmasa, qarşı tərəf sübut etsin ki, o yazını mən yazmışam”.

Mehriban Zeynalova məlum mətbuat konfransında bildirmişdi ki, Fillipin vətəndaşı, insan alveri qurbanı Llanto Fe Diaz ölkədən departasiya olunmayıb. O, könüllü olaraq, ərizə ilə müraciət edib, Azərbaycandan getmək istəyib. Aynur İmranova isə Meydan Tv- Llanto Fe Diaz “Facebook” yazışmalarının surətini göndərib. Həmin yazışmalarda Llanto Fe Diaz olduğu iddia edilən xanım Aynur İmranovaya “Onlar mənim telefonumun adaptrını götürmüşdülər”, “Mən məyusam ki, Mehriban da bura qoşulub” kimi fikirlər yazıb.

 Aynur İmranova jurnaist kimi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərindən soruşmaq istəyir: “Lili ərizəni hansı dildə yazıb? Çünkü Lili Azərbaycanca bilmirdi. Yəni, söhbət Llanto Fe Diazdan gedir. Lili deyirdik biz. Lilinin ölkədən departasiya olduğu o az müddətdə niyə vəkillər işə cəlb olunmayıb? Çağrılmayıb? Məsələ ilə tanış edilməyib? Lili ölkədən könüllü getmək istəyirdisə, niyə indi yazır ki, o  an da, ölkədən getdiyi an da da bütün dostlarına yazıb ki, məni məcbur göndərirlər. Telefonumun adaptrını əlimdən alıblar”.

Mehriban Zeynalova Gültəkin Hacıbəylini isə bu səbəbdən  məhkəməyə verəcəyini açıqlamışdı:

“Bu yazını paylaşıb və bildirib: “Adını “Təmiz Dünya” qoyub, çirkli işlərlə məşğul olmaq necə də asanmış”. Necə də başqasını ittiham etmək də asanmış. Bildirmək istəyirəm ki,  Lilinin insan alverinin qurbanı olduğu ev həmin Gültəkin Hacıbəylinin baldızının evidir. Gültəkin Hacıbəyli boşandığı ərindən və baldızından qisas almaq üçün Lilini alətə çevirib”.

Keçmiş millət vəkili  Gültəkin Hacıbəyli Meydan Tv-nin sorğusuna cavab verərkən, deyib ki, onun Mehriban Zeynalova adlı problemi yoxdur: “Hər kəsin fikrinə münasibət bildirməyə ehtiyac duymuram. Məhkəməyə müraciətə gəlincə, bu, hər bir vətəndaşın konstitusion hüququdur. Məhkəməyə veriləcəyiksə, sözümüzü də orada deyəcəyik. Yerli və beynəlxalq ictimaiyyət də dediklərimizi eşidəcək. Əminəm ki, bu proses insan alverinin qurbanı olmuş filippinli Lilinin problemlərinə də yenidən işıq salacaq. O ki, qaldı mənim qisas almağıma, mənim “qisasımı” əslində, Mahmud Mehdiyevi məşhur mətbuat konfransına göndərib, rüsvay etməklə, Aynur Mehdiyevanı törətdiyi insan alveri və əməyin istismarı cinayətlərinə görə 8 il 6 ay həbs cəsazına məhkum etməklə Azərbaycan dövləti özü alıb. Açığı, mənim buna gücüm çatmazdı. Mehriban Zeynalova mənim imkanlarımı çox şişirdir”.

Llanto Fe Diazın vəkili Elçin Sadıqov Meydan Tv-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs ölkədən gedərkən, onun xəbəri olmayıb:

“Xəbər verə bilməmişdi. Onun telefonu əlindən alınmışdı. Və özünün mənə yazdığına görə, aldadaraq ərizə yazdırmışdılar ona. Və bundan sonra o, ölkədən xaric olunub”.

Ana səhifəVideoMehriban Zeynalovanın ittihamlarına cavab verildi(VİDEO)