Mehriban Zeynalova: “Məhkəmənin hökmü Diazın vəkillərinə də göndərilib”

“Bu günə kimi, Lilyə heç nə yazmamışam və ondan nə isə xahiş etməmişəm”

Source:


“Bu günə kimi,  Lilyə  heç nə yazmamışam və ondan nə isə xahiş etməmişəm”

Aprelin 1-də Meydan Tv-də Fillipin vətəndaşı Llanto Fe Diazın müsahibəsi yayınlanıb. Fillipinli qadın müsahibədə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya qarşı müxtəlif ittihamlar irəli sürüb (https://www.meydan.tv/az/article/mehriban-zeynalova-mehkeme-hokmunu-gizletmisdi/).

Mehriban Zeynalova Meydan Tv-yə bildirib  ki, Llanto Fe Diazın səsləndirdiyi ittihamlar əsassızdır:

“Filippin Respublikası vətəndaşı, 13.08.1985-ci il təvəllüdlü Llanto Fe Diazın 2012-2013-cü illərdə ölkəmizdə məcburi əməyə məruz qalması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.1-ci maddəsi ilə 25.06.2013-cü il tarixdə cinayət işi başlanmış, Llanto Fe Diaz insan alveri qurbanı qismində tanınmışdır. Məhkəmə dövründə L.Diaz DİN-nin insan alverinə qarşı mübarizə İdarəsinin (İAQMİ) sığınacağında sosial reabilitasiyaya cəlb olunmuşdur”.

M.Zeynalova aşağıdakı səbəblərdən  Lilian Fe Diazın dediklərinin həqiqətə uyğun olmadığı qənaətindədir:

“Lilian Fe Diaz Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları barədə təzyiqlərə məruz qalmasını bildirir. L.Diaz həmin dövrdə DİN-nin İAQMİ-nin sığınacağında qalırdı və DMX-nin əməkdaşlarının ona qarşı etdiyi təzyiqləri polis əməkdaşlarına və onun məhkəmədə müdafiə edən vəkillərinə, o cümlədən vəkilinə  bildirə bilərdi. Lakin L.Diaz bu barədə  heç kəsə məlumat verməyib, KİV-lər onunla maraqlandığı üçün indi uydurur.

L.Diaz qeyd edir ki, Mehriban Zeynalovadan vizanı uzatmağı xahiş etdim, lakin Mehriban Zeynalova ölkəni tərk etməli olduğumu bildirdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, Mehriban Zeynalova və onun rəhbərlik etdiyi “Təmiz Dünya” İB, viza verən və viza uzadan şəxs və ya orqan deyil. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, vizanın alınması və uzadılması üçün əcnəbi vətəndaş və onun nümayəndəsi (vəkili) DMX-nə müraciət etməlidir. Göründüyü kimi, L.Diaz özü şəxsən və ya nümayəndələri vasitəsilə DMX-yə vizanın uzadılması üçün müraciət edə bilərdi, lakin bunu etməyib”.

Mehriban Zeynalova daha sonra bildirir ki,onun Aynur Mehdiyevanı müdafiə etməsi ilə bağlı səslənən ittihamlar da əsassızdır:

“L.Diaz qeyd edir ki, guya Mehriban Zeynalova Aynur Mehdiyevanı müdafiə edir. Bildirmək istəyirəm ki, L.Diaz bu dəfə  həqiqətə uygun olmayan fikirlər söyləyir. L.Diazı məhkəmədə Azərbaycanda tanınmış 2 vəkil, Elçin Sadıqov və Əlövsət Əliyev müdafiə etmişlər. Məhkəmələrdə Azərbaycan Respublikasının Baş Prokukorluğunun Dövlət İttihamı İdarəsinin dövlət ittihamçısı, Aynur Mehdiyevanın cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham irəli sürüb. Əvvəl Azərbaycan Respublikasının Ağır Cinayətlər Məhkəməsi, sonradan isə Bakı Apellyasiya Məhkəməsi Aynur Mehdiyevanın işinə baxıb, hökm qəbul etmişdir. L.Diaz və onun vəkilləri hər iki məhkəmənin hökmündən narazı qalmışlar. Göründüyü kimi, Mehriban Zeynalova Aynur Mehdiyevanı heç cür müdafiə edə bilməzdi, çünki Aynur Mehdiyevanın cinayətə cəlb olunması barədə Baş Prokurorluq ittiham irəli sürmüş və məhkəmələr onun barəsində hökm qəbul etmişlər. Daha sonra L.Diaz qeyd edir ki, guya, Mehriban Zeynalova məhkəmənin hökmünü gizlətmiş və Ali Məhkəməyə şikayət verilməsinə maneçilik törətmişdir.  L.Diazın əvvəl dedikləri kimi, bu dediyi də həqiqətə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, məhkəmə hökmü, zərərçəkənə və onun nümayəndələrinə poçt vasitəsilə göndərilir. Bu, o deməkdir ki, məhkəmə hökmü L.Diazla yanaşı onun vəkillərinə də, göndərilmişdir. Mehriban Zeynalova  uzun illər insan alveri qurbanlarını məhkəmələrdə müdadfiə edən şəxs kimi, bunu bilir.  L.Diazın vəkillərinin həmin hökmü alıb, ondan kassasiya şikayəti vermək imkanları olmuşdur”.

Mehriban Zeynalova haqqındakı digər ittihamlara belə cavab verib:

“L.Diaz qeyd edir ki, onun Ali Məhkəmədə iştirak edib, Aynur Mehdiyevanın cəzalandırılmasını istəmiş, lakin Mehriban Zeynalova ona maneçilik törətmişdir. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi işin hallarını araşdıran məhkəmə deyil. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, Ali Məhkəmədə, apellyasiya instansiya məhkəməsi tərəfindən yol verilmiş hüquqi pozuntular araşdırılır. Ali Məhkəmədə yalnız hüquqi məsələlər baxıldığı üçün məhkəmədə yalnız vəkillə iştirak edilməyə icazə verilir və yalnız vəkillər hüquq pozuntuları barədə çıxış edirlər. Bu isə o deməkdir ki, L.Diazın Ali Məhkəmədə iştirak edib-etməməsi heç nə həll etmir, əsas onun vəkillərinin iştirakıdır.  Və sonda, İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa əsasən, insan alveri qurbanları sosial reabilitasiya keçmiş insan alveri qurbanları öz ölkələrinə repatriasiya olunurlar. Qanuna əsasən, öz ölkələrində insan alveri qurbanlarını təhlükə gözlədikdə, yalnız bu halda ona Azərbaycan Respublikasında qalmağa icazə verilə bilər. L.Diaz Azərbaycan Respublikasının vətəndaşı tərəfindən istismara məruz qalıb və L.Diazı yalnız Azərbaycanda, Aynur Meydiyeva və ya onun qohumları tərəfindən hər hansı təhlükə gözləyə bilər, öz ölkəsində isə onu heç bir təhlükə gözləmir. Bu səbəbdən də, L.Diaz Azərbaycan gələn digər insan alveri qurbanları tərəfindən DMX tərəfindən repatriasiya edilmişdir. L.Diazın repatrisasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.09.2013-cü il tarixli 252 saylı qərarla təsdiq etdiyi “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”na uyğun həyata keçirilmişdir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Əksinə, qanunvericiliyə əsasən, insan alveri qurbanlarının ölkədə qalmalarınz bir il icazə verildiyi halda, L.Diaza Azərbaycanda bir il altı ay qalmağa icazə verilmişdir. Göründüyü kimi, repatriasiya qurbanların istəyi ilə yox, Azərbaycan Respublikasının qanunvericiliyə ilə həll edilir”.

İB-in sədri  bugünəcən şəxsən L. Diaza heç nə yazmamasını isə belə əsaslandırıb:

“İnsan alveri qurbanlarını müdafiə edən tərəf  kimi, onların psixoloji və  mənəvi durumuna böyük hörmət əlaməti olaraq, bu günə kimi,  Lilyə  heç nə yazmamışam və ondan nə isə xahiş etməmişəm. Baxmayaraq ki, bu cür müsahibələrdə həqiqətə uyğun olmayan çoxsaylı məqamlar var”.

Ana səhifəXəbərlərMehriban Zeynalova: “Məhkəmənin hökmü Diazın vəkillərinə də göndərilib”