“Mənə dedi ki, işləyib eləmirsən, gəl sənə arada 10-15 manat verəcəyik, biz adam tutanda cibinə nəsə qoyacağıq, onu otaqda çıxaranda sən de ki, gördüm, qol çək ki, gördüm. Mən də bunlara başa saldım ki, qəsəbədə neçə ildir yaşayıram, bütün nəsli-nəcabətimə kimi tanıyırlar, mən gedim xalqın balasının üzünə dayanım ki, görmüşəm?! Bu, düz gəlmir axı, heç cür düz gəlmir”
Elman İmanovun həbs gündəliyi bundan sonra başlayıb. Əvvəl dələduzluq, sonra narkotik saxlama maddəsi ilə məhkum edilib. 2014-cü ildə narkotiklə bağlı Qaradağ rayonu 38-ci polis bölməsində saxlansa da, sonradan prokurorun onun günahsız olduğunu deməsi ilə azad edilib. Dediyinə görə, polisdə 5 saat döyüldükdən sonra o, ifadəsində ittihamı boynuna almağa məcbur olduğunu yazıb. Elman İmanov azad edilsə də, Avropa Oyunları öncəsi yenə eyni maddə, narkotik saxlama ilə həbs edilib.
“Olimpiyada ilə bağlı həbs başladı. Nərimanov metrosunun üstündə 18-ci polis bölməsinin rəisi Hikmət Usubov məni tutdu. Məndən başqa 20-30 nəfər uşaq da var idi. Hamının əlinə qandal vurdular sep çəklində gətirdilər. Orada siqaretin içinə narkotik qoymuşdular və qaytarıb cibimə yerləşdirdilər. Rəisin yanında çıxartdılar ki, yəni bu adamdan çıxıb. Onda da gedib kimə şikayət edəcəkdim?! Deyirlər, demokratik, azad ölkədir, kimin qapısına gedim?! Oğuldan ataya şikayət edim?! Hikmətdən Ramil Usubova gedib şikayət edim?! Guya nə olacaqdı ki?!”.
Elman İmanov 2016-ci ilin mayında Amnistiya ilə azadlığa çıxıb, amma yenidən həbs oluna bilər. Müstəntiq ona bildirib ki, 2014-cü ildə prokurorun göstərişi ilə azad edilsə də, onunla bağlı cinayət işi bağlanmayıb.
“Məni “KPZ”-yə saldılar. Zahid gəlir şapalaq vurur ki, sən narkotik istifadə edirsən. Dedim, mən narkotik istifadə edənəmsə, gedin mənim qan analizimi götürün. Mənim qanımdan narkotik çıxsa, mən siz deyənlə razıyam. Nəyə desən, mən qol çəkəcəm, problem yoxdur. Bu, döydü çıxdı, eynəkli bir kapitan var idi, o döydü. Məni 5 saat döydülər”.
O deyir ki, hadisədə hal şahidi kimi gətirilmiş şəxslərin sözləri üst-üstə düşməyib və ərazidəki kamera görüntüləri də götürülməyib. Amma ona polisdə deyilib ki, İslam Oyunları öncəsi yenidən həbs olunacaq.
“Deyirəm, Habil müəllim niyə belə edirsiniz? Deyir, qabaqdan İslam Oyunları gəlir, adam yoxdur, kimi verək?! Qəsəbədən adam yoxdur göndərməyə. Deyir, sən get içəridə otur, onsuz da iş yox, güc yox. Bu da mənim dövlət məmurum, guya mənə yol göstərir. Deməkdən ki, gəl səni bir işə düzəldim, daş daşı, qum daşı, mənə deyir ki, get otur içəridə, Ədliyyə Nazirliyində dustaqlar azdır, Mehriban xanım Amnistiya verib hamı çıxıb, təzədən yığmalıyıq içəri”.
2015-ci ilin statistikasına görə, Azərbaycanda 13.270 məhkumdan 2 min 445 nəfəri məhz narkotiklə bağlı həbs edilib. 2014-cü ildə Avropa Şurası ölkələri arasında hər 100 min nəfərə 57 nəfər düşməklə Azərbaycan narkotik cinayətləri üzrə 3-cü yerdə olub. Hüquqşünas Səməd Rəhimli bildirir ki, bu işlərdə axtarış, götürmə istintaq hərəkətləri adətən hüquqi pozuntularla müşahidə olunur.
“Bütün işlərin hamısında şəxslər bildirirlər ki, onlar ilkin istintaqda işgəncəyə, pis rəftara və yaxud da digər psixoloji təzyiqə məruz qalıblar. Ona görə də etirafedici məzmunda ifadə veriblər. Azərbaycanda bu iki prosessual təminatlar olmadan əldə olunan maddi sübut və şəxsin ilkin istintaqda verdiyi ifadə məhkəmələr tərəfindən narkotik saxlama ittihamının verilməsi üçün istifadə olunur. Bunlar da cinayət prosesinin təməl prosessual təminatları olmadan əldə olunur. Bir çox halda pis rəftarla, eləcə də ki, axtarış, götürmə protokolunun ciddi prosessual təminatları olmadan tərtib olunması ilə…”
Qaradağ rayon Polis İdarəsinin müstəntiqi Habil Hüseynov bildirib ki, cinayət işi yenilənib və yekunlaşdırılaraq məhkəməyə göndəriləcək. Müstəntiq Elman İmanovdan qan analizi alınmadığını desə də, kamera görüntülərinin götürülüb-götürülməməyi ilə bağlı danışmaq istəmədi.
“O, narkomandır. Nə ilə tutulacaq, narkotiklə tutulacaq. Başqa nə ilə tutulacaq ki?! İş məhkəməyə gedəcək”.
Daxili İşlər Nazirliyi və Qaradağ rayonu 38-ci polis bölməsi şikayətçinin işgəncə ilə bağlı dediklərinə aydınlıq gətirmədi.
Bir tərəfdən cinayət işi, o biri tərəfdən işsizlik Elman İmanovu tükəndirir. Məhkumluğuna görə heç bir işə götürmürlər. Deyir ki, narkotikdən istifadə edən adamın heç olmasa, yeməyini almağa imkanı olmalıdır, amma onun soyuducusu boşdur.
“Milli Məclisin deputatlarına, Mehriban xanıma demək istəyirəm ki, bu Amnistiya qərarın nəyə görə verirlər?! Amnistiyanı nə üçün verirlər?! Verirlər ki, buradan buraxsınlar, buradan içəri yığsınlar? Mən bu Azərbaycana layiqli oğlan deyiləmsə, layiqli insan deyiləmsə, xahiş edirəm, mənim məhdudiyyətimi götürsünlər, mən gedim başqa bir dövlətdən sığınacaq alım. Mən bu Azərbaycanda yaşamaq istəmirəm. Artıq bezmişəm”.