“Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. 2004-cü ildən bugünə qədər ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir”.
Ölkə başçısı İlham Əliyev xanımı Mehriban Əliyevanın vəzifələrinin bir neçəsini sadalayır. Bununla yanaşı, o, daha bir vəzifəni, həyat yoldaşını özünə birinci vitse-prezindent təyin etdiyini açıqlayır.
“İlham Əliyevin ətrafında güvənə bildiyi bircə şəxs belə yoxdur”-Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu təyinata “rüsvayçılıq” mərhələsinin başlanğıcı deyir. O düşünür ki, yeni təyinat ölkə içində münasibətlərin gərginləşməsinə, həm də beynəlxalq miqyasda ölkəyə olan münasibətin mənfiyə doğru dəyişməsinə gətirəcək.
“Bu, rüsvayçılıqdır, biabırçılıqdır. Dövlət başçısının süni bir vəzifə yaradıb, saxta referendum yolu ilə öz xanımını ora təyin etməsi rüsvayçılıqdır.
Azərbaycan demokratik ənənələri ilə tanınan bir ölkədir. Biz fəxr edirik və hər yerdə də təbliğat aparırıq ki, 100 il əvvəl Azərbaycanda, Şərq aləmində ilk demokratik Cümhuriyyət qurulub. İndi bundan sonra biz harada desək ki, 100 il əvvəl biz Şərqdə ilk Cümhuriyyət qurmuşuq, deyəcəklər, hə, qurmusunuz, amma 100 il sonra isə dövlət başçınız öz xanımını birinci vitse-prezident təyin edib. Bu, tam bir biabırçılıqdır”.
Hüquqşünas Akif Qurbanov isə yaxın qohumların birgə işləməsinin qanunazidd olduğunu deyir. O, buna əsas kimi İlham Əliyevin 2004-cü ildə imzaladığı Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsini misal gətirir.
“Qanunun tələbi də ondan ibarətdir ki, yaxın qohumlar vəzifəli şəxsin tabeçiliyində olmamalıdır. İndiki situasiyada çıxış yolu ondan ibarətdir ki, 30 gün ərzində onu təyin edən vəzifəli şəxs öz vəzifəsindən uzaqlaşmalıdır. Əgər bunların heç biri olmursa, konkret qanunun tələbinə görə onlardan hər hansısa biri vəzifələrindən uzaqlaşdırılmalıdır”.
Mehriban Əliyevanın 5 barmağında 6 vəzifə cəmləşib. O, Azərbaycan Mədəniyyət Fondununun rəhbəri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkilidir. Birinci vitse-prezidentlik onun altıncı vəzifəsidir.
Mehriban Əliyeva birinci vitse-prezidentlik üçün nə qədər səriştəli kadrdır? İlham Əliyev hesab edir ki, xanımı bu vəzifənin öhdəsindən gələcək. Amma 2010-cu ildə Wikileaks-in yaydığı ABŞ diplomatik sənədlərində deyilirdi ki, Mehriban Əliyeva parlamentin üzvü olsa da, siyasi məsələlər haqqında çox az məlumatlıdır.
Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Dəyişiklikdən biri vitse-prezident institutunun təsis edilməsidir. Yeni Konstitusiyaya görə Birinci vitse-prezident və ailəsi dövlət hesabına təmin edilir. Onların təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Azərbaycan prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək prezident səlahiyyətlərini birinci vitse-prezident icra edir.