Mehriban Əliyeva parlamentə gəldi, tərifləndi, alqışlarla yola salındı

Oqtay Əsədov: “Mehriban Əliyeva ilk dəfədir Milli Məclisin tribunasına təşrif buyurub”

Source:


Oqtay Əsədov: “Mehriban Əliyeva ilk dəfədir Milli Məclisin tribunasına təşrif buyurub”

Milli Məclisin martın 7-də keçirilən plenar iclasında sabiq millət vəkili, Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib. Deputatlar ayağa qalxaraq onu alqışlarla qarşılayıblar. Milli Məclsin sədri Oqtay Əsədov parlament adından onun Birinci vitse-prezident seçilməsi münasibəti ilə təbrik edib.

Mehriban Əliyeva 4 amnistiya aktının təşəbbüskarıdır

Oqtay Əsədov bildirib ki, M.Əliyeva ilk dəfədir Milli Məclisin tribunasına təşrif buyurub.

Oktay Əsədov
Oktay Əsədov

“Mehriban xanım öz doğma evinə gəlib. Onun çoxsaylı fəaliyyəti var. O, 12 il yaxın dövrdə bizimlə həmkar olub. Xalqımıza, dövlətə qulluq edib. Ölkədə parlament mədəniyyətinin inkişafına töhfə verib. Bir sıra qanununvericilik təşəbbüslərinin müəllifi olub, eyni zamanda 4 amnistiya aktının təşəbbüskarıdır. Milli Məclisin fəaliyyəti dövründə Amerika, Fransa parlamentlərasrası dostluq qrupunun sədrləri olub. Milli Məclisi beynəlxalq aləmdə layiqincə təmsil edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, YAP-ın sədr müavinidir. O, həm də Heydər Əliyev Fondunun prezidentidir. O, sözün əsl mənasında millət vəkilidir. Əminəm ki, bundan sonra da xalqımızın vəkili olaraq qalacaq. Onun bu posta təyinatı ölkəmizin ictimai siyasi həyatına yeni nəfəs gətirəcək” – deyə spiker fikirini tamamlayıb.

Daha sonra çıxış üçün söz Mehriban Əliyevaya verilib. Kürsüyə qalxan vitse-prezidenti ayaq üstə alqışlayıblar.

İslahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb

Mehriban Əliyeva deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncama əsasən yeni vəzifəyə təyin edilməyilə əlaqədar olaraq Azərbaycan Milli Məclisində fəaliyyətimi dayandırmalı olur:

“Mən 10 ildən artır parlament üzvü olmuşam. Bu illər ərzində Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəfli idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub. Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsi millət vəkillərinin birgə səyi nəticəsində hazırlanıb, müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir. Əziz həmkarlar millət vəkili kimi çalışdığım müddət ərzində burada daim ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi vardı. O, 10 ildən artıqdır ki, Milli Məclisin sədr vəzifəsini layiqlə icra edir. Hörmətli Oqtay müəllim, sizə gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam

Mehriban Əliyeva keçmiş deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.

“Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlı çalışacağam. Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək”.

Siyavuş Novruzov

Bu təyinat hakim partiya üçün ikiqat sevinclidir

Çıxış edən deputat Siyavuş Novruzov Mehriban Əliyevanın Birinci-vitse prezident seçilməsini cəmiyyətin sosial sifarişi kimi qiymətləndirib. O, bu təyinatı eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib. “Bu təyinat hakim partiya üçün ikiqat sevinclidir. Çünki 2013- cü ildə M. Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi ilə o, YAP-ın fəaliyyətinə yeni impuls verib”.

Mehriban xanım, nimdaş və boz sifətləri utandırdınız

Deputat Fəzail İbrahimli isə deyib:

“Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini kənara qoyub, təkcə dünya və Azərbaycan tarixində şərəflə yazılacaq Birinci Avropa Oyunlarındakı təşkilatçılıq qabiliyyətini qeyd etmək olar. Bu oyunun ölkəmizdə keçirilməsi ilə tarixə öz adınızı yazdırmış oldunuz”.

F.İbrahimli əlavə edib ki, Birinci Avropa Oyunlarının açılış mərasimində kürsüyə çıxan Mehriban Əliyeva bir daha dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Azərbaycan həqiqətlərini də dünya ictimaiyyətinə çatdırıb:

“Mehriban xanım yüksək təşkilatçılıq qabiliyyəti ilə bir daha Azərbaycanı dünyaya qalib və qüdrətli bir ölkə kimi təqdim etdi. Mehriban xanım yüksək təşkilatçılıq qabiliyyəti ilə bu oyunları boykot edən ölkələri və ona dəstək verən qüvvələri utandırdı. Mehriban xanım, nimdaş və boz sifətləri utandırdınız”- deyə, F. İbrahimli vurğulayıb.

Ölkəmizin İlham Əliyev kimi bacarıqlı, savadlı, güclü prezidenti var

Çıxış edən vitse-spikerlər Ziyafət Əsgərov, Bahar Muradova və digər deputatlar da M.Əliyevanı təbrik ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatlarının onunla bağlı çıxışlarına münasibət bildirib. O, hər bir qələbənin, nailiyyətinin arxasında eyni niyyətli, eyni fikirli, güclü və vahid bir komandanın durduğuna əmin olduğunu deyib: “Mən öhdəmə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Eyni zamanda, həyəcan da keçirirəm, amma gələcəyə optimizmlə yanaşıram. Çünki bilirəm ki, məni dəstəkləyən xalqım var. Bununla yanaşı, ölkəmizin İlham Əliyev kimi bacarıqlı, savadlı, güclü prezidenti var. Odur ki, müstəqilliyimizin bərkiməsi üçün əlimizdən gələni tam gücümüzlə bir yerdə, bir komanda kimi həyata keçirə biləcəyik”.

Daha sonra M.Əliyeva parlamenti tərk edib. Deputatlar onu ayaq üstə sürəkli alqışlarla yola salıblar.

Ana səhifəXəbərlərMehriban Əliyeva parlamentə gəldi, tərifləndi, alqışlarla yola salındı