Mehriban Əliyeva: Əsl mərhəmət real iş, konkret addımlar tələb edir

“İctimai xadim, dövlət məmuru öncə insanlığını qorumalıdır”

Source:
Mehriban Əliyeva
Mehriban Əliyeva


“İctimai xadim, dövlət məmuru öncə insanlığını qorumalıdır”

“Uzun illərdir təkcə xanımı deyil, həm də silahdaşıyam. Bütün bunlar onun bu qərarı verməsində rol oynayıb”, – ötən həftə birinci vitse-prezident vəzifəsinə təyin olunan Mehriban Əliyevanın sözləridir. O,  Rusiyanın “Rossiya 1” telekanalına müsahibəsində təyinatının şəxsən prezidentin qərarı olduğunu söyləyib:

“Onun təklifini öncə götür-qoy etdik. İşin öhdəsindən gəlib-gəlməyəcəyimlə bağlı şübhələrimin olduğunu dedim. Amma əminəm ki, dövlətin maraqlarıyla həyat yoldaşımın mənə məsləhətləri, yaxud deyəcəkləri tam üst-üstə düşəcək. İlham Əliyevin timsalında mənə yardım edəcək, dayaq olacaq, düzgün yol göstərəcək insanı görürəm”.

M.Əliyeva diqqəti, əsasən, sosial məsələlərin, aztəminatlı ailələrin problemlərinin həllinə yönəldəcəyini deyib. Əsl mərhəmətin real iş, konkret addımlar tələb etdiyini söyləyib:

“Ən qorxulu şey mərhəmətsizlik və laqeydlikdir. Bu olmamalıdır. İctimai xadim, dövlət məmuru öncə insanlığını qorumalıdır”.

M.Əliyeva vəzifə başında tarazlığı qorumağa, öhdəliklərini yerinə yetirməyə çalışacağını söyləyib:

“Hər şeydən öncə, əlbəttə, həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam. Mənim 5 nəvəm var. Ancaq ölkəmə ayırdığım diqqətin ikinci plana keçməsini qətiyyən istəmərəm. İndiyə kimi bu tarazlığı qoruya bilmişəm… Məsələn, yemək hazırlamağı sevirəm. Yemək bişirəndə istirahət edirəm. Dadlı yemək hazırlamaq, axı, yaradıcı işdir. Bu işi sevirəm, görürəm, bacarıram…”.

Müxalifətin prezidentin təyinatına reaksiyasına gəlincə, M.Əliyeva sağlam və konstruktiv tənqidi dinləməyə hazır olduğunu deyib:

“Hakimiyyətə müxalif olmaq olar, ölkəyə müxalif olmaq gərəksizdir, qorxuludur”, – deyə Mehriban Əliyeva bildirib. O tənqidlərin, tənqidə əsasın olmaması üçün əlindən gələni edəcəyini deyib.

“Ölkənin prezidenti olmaq, ölkəyə rəhbərlik etmək haqda nə vaxtsa fikirləşmisinizmi”, – sualına Mehriban Əliyeva “bu barədə düşünmədiyi”, – cavabını verib.

“Mən Azərbaycanın, Azərbaycan xalqının maraqlarını qoruyacağam. Azərbaycan üçün xeyirlisi budur. Gələcəkdə nə olacağını düşünmək, gərəksiz məşğuliyyətdir”.

Fevralın 21-də prezident İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin edib. Bununla da o, ölkədə ən çox səlahiyyəti olan ikinci və toxunulmaz şəxsə çevrilib. Prezident ölkədə və ya vəzifə başında olmadıqda, onu birinci vitse-prezident əvəz edəcək.

Ana səhifəXəbərlərMehriban Əliyeva: Əsl mərhəmət real iş, konkret addımlar tələb edir