Mehmanın həbsi hakimiyyət üçün ciddi başağrısına çevriləcək

Mehmanın həbsi repressiyaların durdurulacağı, islahatlara start veriləcəyi barədə nağılları növbəti dəfə yalanladı.

Source:

Mehmanın həbsi repressiyaların durdurulacağı, islahatlara start veriləcəyi barədə nağılları növbəti dəfə yalanladı. Təbii ki, bu həbsin arxasında duran əsas motiv elə həminkidir: qorxudan qorxutmaq.

Mehman bloqqer kimi hakimiyyət üçün ciddi başağrısı idi. Onun “Sancaq”da yerləşdirdiyi korrupsiya, qanunsuzluq, məmur özbaşınalığı mövzusunda süjetlərinə yüzminlərlə insan baxırdı. Nazirlərin, millət vəkillərinin, məmurların çoxmilyonlu villaları ilə bağlı reportajların insanlardakı yaratdığı ovqatı həmin reportajların altında “oğrular”, “quldurlar”, “rədd olsun monarxiya” kimi nisbətən yumşaq ifadələrdən tutmuş hakimiyyətin ünvanına ən sərt söyüşlərə qədər şərhlərdə görmək olurdu. Mehman bu reportajları ilə insanları maarifləndirirdi, düşündürürdü, onları şoka salırdı. Onun həbsi həmin reportajlara baxanların, oradakı söyüşlərin dairəsi xeyli genişləndirəcək. O cümlədən, birinci ledinin həm də Birinci vitse-prezident təyin edilməsi kimi utancverici hadisə ilə bağlı videobloqunda açdığı ictimai müzakirələrə maraq onun həbsi ilə daha da artacaq. Özü də təkcə ölkə hüdudları çərçivəsində yox.

Mehman adi adamlar arasında da çox populyar idi. Onun çox zaman tənqid hədəfi olan malalanmamış, amma şirin danışığı adi adamlara doğma gəlirdi, onlar Mehmanı özlərinə yaxın bilirdilər, küçədə, bayırda onu barmaqla göstərirdilər.

Mehman ictimai sektorda, gənclər arasında çox populyar idi, onu özünə örnək sayanların böyük bir dairəsi, çoxlu ardıcılları var idi. Civə kimi qaynayan bu gənci hər yerdə görmək olurdu. Polis dəyənəklərinin işə düşdüyü mitinqlərin ən gur yerlərində, son illər hesabını itirdiyimiz sifarişli məhkəmə proseslərində, özünü müsahibi kimi avam yerinə qoyub Hacıbala Abutalovla məzələnəndə, seçki məntəqələrindəki karusellərdə, polis idarələrinin, həbsxanaların qabağında… Mehman hər yerdə idi, ən çətin anlarımızda da, ən xoş dəqiqələrimizdə də yanımızda idi. Mehman ona görə çox sevilirdi.

Mehmanı qəhrəman sayanların ordusu var bu ölkədə. Ordusu olan qəhrəmanı isə hakimiyyət hər zaman özü üçün təhlükə sayıb.

Mehman həm də girov idi. Emin Hüseynovu xaricə buraxsalar da, qardaşının ölkədə girov kimi saxlanması ona dinc oturmaq barədə xəbərdarlıq idi. Mehman həm özünün, həm də dinc durmayan qardaşının yatmadığı həbsi çəkəcək.

Mehmanın həbsi hakimiyyət üçün ciddi başağrısına çevriləcək. Gənc fəal, uğurlu bloqqer, QHT lideri, diffamasiya ittihamı (özü də kimin-kimin, işgəncələrə görə ad çıxarmış polisimizin şikayəti əsasında!), keçmiş siyasi məhbusun qardaşı olması bir tərəfə, üzündən heç zaman əskik olmayan təbəssüm, orijinal saç düzümü, yaraşıqlı görünüşü – onu kampaniyalar üçün çox simpatik siyasi dustağa çevirir.

Möhkəm ol, əziz dost, səni sevirik!

Ana səhifəMənim FikrimcəMehmanın həbsi hakimiyyət üçün ciddi başağrısına çevriləcək