Bir vaxtlar məni də öldürmüşdüz zindanda, Siz, vətəndaş cəmiyyəti. Siz, siyasilər, demokratlar, insan haqları hayqıranlar.
İndi Mehmanı öldürdük, bu dəfə sizə şərikəm. Birlikdə öldürdük Mehmanı!
2012-ci ilin iyun ayının 18-də həbs edilmişdim. Əslində Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları həbs etməmişdi, girov götürmüşdü məni. Yeddi gün durmadan ən ağır işgəncələrə məruz qaldım (hələ də acısını çəkirəm). Yalnız 26 iyun tarixində rəsmi açıqlama oldu – sərhəd pozarkən yaxalanmışam. Sualların üstündən keçirəm – sərhəd pozurdumsa, MTN niyə tuturdu, sərhəd pozana elektrikli işgəncə niyə verirlər, sərhəd pozanı 7 gün girovluqda niyə saxlayırlar və ən əsası bir dəlil varmı göstərməyə sərhəd pozduğuma dair?..
Daha sonra Səbail Rayon Məhkəməsi 2 aylıq sanksiya ilə MTN dən canımı qurtarıb Kürdəxanıya göndərdi. 2 ay keçməmiş siyasilər həbsimdən xəbər tutdu. Ancaq bu xəbərtutma Mehmanın həbsi kimi səssizcə qarşılandı.
Hansı ki, elə 2-3 ay öncə çiyin- çiyinə meydanlarda davamlı aksiyalar keçirirdik, çiyin-çiyinə. Halbuki hər aksiyada həbs edilir, döyülür, söyülürdük, bərabər, eyni məkan, eyni meydanda. Amma mən artıq lazım deyildim heç kimə. Tələm –tələsik Kürdəxanıdan Gəncəyə etap olundum. Tam blokadada idim – telefon danışığı, görüş yasaqdı. Meydan dostlarıma xəbər etdim, vəkil tutun mənə, ciddi işlər dönür başımda. Səssizlik… Mehman kimi ölümə tərk edilmişdim.
556 gün (MTN də saxlanıldığım 7 gün cəza müddətimə sayılmadı, həmin günləri yoxmuş kimi hesab etdilər və üzümə durdular ki, sən 26 iyunda həbs edilmisən, vəssalam) həbsdə yatdım. Nə telefon danışığı, nə də görüş hüququm vardı (mənimlə həbsdə olan digər siyasi məhbuslar bunu təsdiqləyər). Ailəm rayonda, mən Bakıda həbsxanada idim. İndi eşidirəm ki, siyasi məhbuslara yardım edilirmiş (maddi). Bir nəfər barmağını qatlasın ki, bir paket siqaret gətirib, göndərib… Yardım belə “bizim kruq”un uşaqlarına edilib – Mehmanlara olmaz. Yanımda başqa bir siyasi məhbus vardı, partiyası nüfuzlu idi. Onun yanına gələndə bir kitab da mənə vermək olmazdı? Bu bilirsiz siyasi məhbus üçün nə anlama gəlir? Amma heç vaxt olmadı. Ailəm ayda bir dəfə bağlama göndərirdi, onu da məhkumlara demokratik düşərgə, müxalifət göndərib deyirdim. İnamı qırmamaq üçün. Bildikləri halda ki, ziyarətə getdikləri zonda iki siyasi məhbus yatır, yalnız ona gəlirdi xüsusi bağlama. Heç olmasa bir məktub belə atmırdılar içinə ki, bunu da digər siyasi məhbusa ver.
Mehmanda belə yaşayacaqdı, “srok”unun axrına kimi unudulmuş olduğu üçün rejim tərəfindən daima təzyiq altında. Necə ki həbsim boyu unudulmuş siyasi məhbus olaraq təzyiq, kars, döyülmə ilə qaldım.
Mehmana da heç kim kitab göndərməyəcəkdi. Mehmanı da kimsə yad etməyəcəkdi və buna görə də rejim basqısı daima üzərində olacaqdı.
Daha necə qətlə yetirilməyə namizəd mehmanlar var zindanda. Onları da biz öldürəcəyik, nə İlham Əliyev, nə də Mehrian Əliyeva.
Mehmanı biz öldürdük, birlikdə, səssiz qalaraq.
Siz məni öldürmüşdüz, mən də çıxıb sizinlə birlikdə Mehmanı öldürdüm.
Biz birlikdə hələ çox Mehmanları öldürəcəyik. Çünki Mehmanlar NİDA-çı, Cəbhəçi, Müsavatçı deyil. Çünki Mehmanlar bizim “kruqun” uşağı deyil.
***
Başqa bir xatırlatma edim, birlikdə törətdiyimiz qətliamlar haqqında.
2015-ci ilin may ayında ailəm, içində 5 yaşlı uşaqdan, hamilə qadından, yaşlısına kimi, toplam 12 nəfər girov götürüldü. Fikrimcə, bu, ilk belə hal idi. Heç kimdən səs çıxmadı. Çünki mən bu “kruq”un uşağı deyildim. Səssizlik bu yolun önünü açdı. Rejim gördü ki, bu cür olay gün üzünə çıxmırsa, deməli, bu metodla daha necə insanlara “xox” gəlmək olar. Ardınca bir yazar, başqa bir jurnalist və s. bu durumla üz-üzə qaldı. Yalnız o zaman məsələ ictimai səviyyədə etiraza, beynəlxalq səviyyədə masaya yatırıla bildi. Çünki o jurnalistin, yazarın və digərlərinin mətbuatı vardı, onlar “bizim kruqun” uşaqları idi.
Rejim sınaqdan keçirir, nəyi, necə, kimə etməklə cəmiyyətdə qorxu yarada bilərəm. Biz susduqca, davam edəcək. Yaradıb, yaradacaq.
Hələ Mehmanla bitmədi, bitməyəcək.
Əsas olan “bizim kruq”du, onlara heç nə olmasın. Mehmanlar da gəlsin, mübarizə aparsın, təşkilat üzvü deyilsə, məhv olsun.
Kimsə daha deməsin insanlar niyə bizə qoşulmur – Mehman olmamaq üçün. Çünki biz mehmanları öldürür, monopoliyamıza daxil olanları göyə qaldırırıq.
Mehman Qələndərovu sayğı ilə yad edirəm. O, demokratiyanın növbəti fədaisi oldu.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.