Bu adsız qəbr bloger Mehman Qələndərovundur. Hüquq müdafiəçiləri 4 saatlıq axtarışdan sonra onun qəbrini Zabrat qəbristanlığında tapıblar. Baş Prokurorluq 1 mayda yaydığı məlumatda blogerin Bakı İstintaq Təcridxanasında intihar etdiyini, bəzi hüquq müdafiəçiləri isə onun işgəncə verilərək öldürüldüyünü iddia edirlər.
Bloger Mehman Qələndərov bu ismarıcı göndərəndən sonra eks-prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazıb. Polislər onu saxlayıb və Nəsimi rayon Polis İdarəsinə gətirib. Burada Mehman Qələndərov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. 7 fevralda Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mehman Qələndərova 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Blogerin dostu Qələndər Muxtarlı deyir ki, sonuncu dəfə onunla 24 apreldə telefonla danışıb.
Qələndər Muxtarlı dostunun intihar etdiyini düşünür. O, zənglərində həbsxanada boğulduğunu deyirmiş.
Blogerin Tiflisdə yaşayan dostu Daşqın Ağalarlı deyir ki, Mehman Qələndərov Gürcüstanda keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edən aksiyada iştirak edib. Bu aksiyalardan sonra o, Bakıya qayıtmağa çəkinirmiş, amma anası ağır xəstə olduğuna görə geri qayıdıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə bəyanatında qeyd olunur ki, bloger 28 apreldə saat 13:30 radələrində kamera yoldaşının yuxuya getdiyindən istifadə edib cırdığı döşək üzlüyünü pəncərənin dəmir barmaqlığına bağlayaraq özünü asıb.
Meyitin ilkin müayinəsi zamanı bədən səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət izi aşkar edilməyib. Hadisəyə görə təcridxananın nəzarətçisi və Tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət elan olunub.
Mehman Qələndərov Tiflisdən Bakıya qayıdanda nə pulu, nə də qalmağa yeri olub. Dostlarının köməkliyi ilə yaşayıb. O, həbs olunandan sonra da yanına gedib-gələn təkcə dostları olub. Dostu deyir ki, Mehman Qələndərovun ən çox sevdiyi, canına and içdiyi qızı idi. Elə şərhlərinin birində də Mehman Qələndərov yazıb ki, “Azad Azərbaycana gələndə çox xahiş edirəm məni axtararsan. Artıq gözüm dolur, başıma nəsə gəlsə, qızıma deyərsən ki, atan səni çox sevirdi”.