Mehman Hüseynovun kassasiya şikayətinə baxılacaq

Məhkəmə sentyabrın 29-da olacaq

Source:


Məhkəmə sentyabrın 29-da olacaq

Bloger Mehman Hüseynovun iki il həbs edilməsindən Ali Məhkəməyə verilmiş şikayət icraata götürülüb.

Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib.

Kassasiya şikayətinin verilməsindən 3 aydan artıq vaxt keçdiyini xatırladan vəkil bildirib ki, ona hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxacaq.

Məhkəmə iclası sentyabrın 29-na təyin edilib.

M.Hüseynovun böhtana görə həbsinin həm milli qanunvericilik, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından əsassız olduğunu deyən vəkil hesab edir ki, şikayətə ədalətli baxılarsa, bloger azadlığa buraxılmalıdır.

Kassasiya şikayətində Mehman Hüseynov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun azadlığa buraxılması istənilir.

Hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan bloger bir müddət əvvəl Ali Məhkəmədə şikayətinə baxılmasının yubadılmasından şikayətlənmişdi.

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bu il martın 3-də həbs olunub.

Polis rəisi iddia edirdi ki, M.Hüseynovun yanvarın 9-da başına torba keçirilib oğurlanması və daha sonra idarədə işgəncələrə məruz qalmasını söyləməsi böhtana söykənir. Ona görə Suraxanı Rayon Məhkəməsinə müraciət edib, blogerin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəmişdi. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Bakı Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

M.Hüseynov ittihamın əsassız olduğunu bildirir. Deyir ki, onun işgəncəyə məruz qalması haqda açıqlaması tam həqiqətdir. Konkret Musa Musayevə gəlincə, nəinki onun adını çəkməyib, ümumiyyətlə, bu adamı tanımır.

Bloger M.Hüseynov son aylar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Bloger azadlığa çıxan anda da işgəncələrə məruz qalması ilə bağlı məlum açıqlamasını vermişdi.

Ana səhifəXəbərlərMehman Hüseynovun kassasiya şikayətinə baxılacaq