Mehman Hüseynovun işi yenidən Apelyasiya Məhkəməsinə qaytarılıb

Ali Məhkəmə blogerin kassasiya şikayətini qismət təmin edib

Source:


Ali Məhkəmə blogerin kassasiya şikayətini qismət təmin edib

Sentyabrın 29-da Ali Məhkəmədə bloger Mehman Hüseynovun kassasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda hakim bildirib ki, Mehman Hüseynov məhkəməyə iki ərizə göndərib. Ərizələrdən birində o, vəkili Elçin Sadıqov tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini, vəkilləri – Fuad Ağayevlə Şəhla Hümbətova tərəfindən verilmiş kassasiya şikayətini müdafiə etdiyini bildirib. Xahiş edib ki, məhkəmədə həmin şikayətə baxılsın. Vəkillər Elçin Sadıqov, Fuad Ağayev və Fəxrəddin Mehdiyev həmin vəsatəti müdafiə ediblər. Məhkəmə onun vəsatətini təmin edib.

M. Hüseynov digər ərizəsində isə məhkəmə iclasında iştirakının təmin edilməsini istəyib. Məhkəmə onun vəsatətini təmin etməyib. Bildirib ki, iclasda onun vəkilləri iştirak edir.

İclasda çıxış edən vəkil Fuad Ağayev deyib ki, Mehman Hüseynovun işi ilə bağlı həm vəkillər, həm də M.Hüseynovun özü məşəqqətli yol keçiblər:

Fuad Ağayev

“Bu hadisələrin kökündə Mərdanov qardaşları küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində baş vermiş hadisə dayanır. Həmin ərazidə axşam saatlarında bir neçə nəfər Mehmana hücum edib, başına torba keçirib, elektroşok verərək, maşına mindiriblər. Onu bir neçə saata o formada maşında gəzdirdikdən, hara aparmalarını müzakirə etdikdən sonra qərar veriblər ki, Nəsimi rayon Polis İdarəsinə aparsınlar. Həmin vaxt Mehmanın halı pisləşib. Polis idarəsində də qanunsuz hərəkətlər davam etdirilib, onu ayaq üstə saxlayıblar və Mehmanın ikinci dəfə halı pisləşib. Bu zaman həkim çağırıblar və ona yuxugətirici iynə vurub yatızdırıblar. Növbəti gün isə onu Nəsimi Rayon Məhkəməsinə aparıblar. Guya inzibati xətaya yol verib və məhkəmə onun barəsində cərimə cəzası təyin edib. O, azadlığa buraxılanda məhkəmənin həyətində başına gətirilənlərlə bağlı açıqlama verib. Orada xüsusi ittihamçı kimi çıxış edən Nəsimi rayon Polis İdarəsinin rəisinin adını çəkməyib. Onun adını heç vaxt eşitməyib. Amma həmin Musa Musayev xüsusi ittiham qaydasında şikayət verib ki, Mehman Hüseynov onlara böhtan atıb və cəzalandırılmalıdır. Suraxanı Rayon Məhkəməsi isə qanunsuz qərar qəbul edərək, onun cəzalandırılması barədə qərar qəbul edib. Bir yer göstərsinlər ki, Mehman Hüseynov Musa Musayevin adını çəkib. Musa Musayev deyir ki, onun rəhbərlik etdiyi idarəyə qarşı böhtan atıb. Belə cinayət yoxdur. Mehman Hüseynov cinayət sayılmayan əmələ görə cəzalandırılıb. Bu, həm milli , həm beynəlxalq qanunvericiliyə ziddir. Bundan əlavə, proses boyu vəkillər çətin vəziyyətə salınıb, heç bir vəsatət təmin edilməyib, həmin davanın görüntüləri məhkəməyə təqdim edilməyib. Araşdırıla bilən bütün sübutlar ittiham tərəfinin sərəncamında olub”.

Vəkil işə xitam verilməsini və M. Hüseynovun azadlığa buraxılmasını məhkəmədən xahiş edib.

Elçin Sadıqov

Vəkil Elçin Sadıqov isə bildirib ki, xüsusi ittiham qaydasında olan şikayət Nəsimi Rayon Məhkəməsində araşdırılmalı olduğu halda Suraxanı Rayon Məhkəməsində baxılıb. O bildirib ki, məhkəmə zamanı heç bir vəsatətləri təmin edilməyib, məhkəmə onlara hazırlaşmaq üçün kifayət qədər vaxt verməyib, xüsusi ittihamçının özü məhkəmədə iştirak etməyib və çəkişmə prinsipi pozulub. O da işə bəratverici əsaslarla xitam verilməsini, M. Hüseynovun azadlığa buraxılmasını istəyib.

Vəkil Fəxrəddin Mehdiyev isə deyib ki, M.Hüseynov ölkədə tanınmış fotoreportyordur. M.Hüseynovun fəaliyyətinə görə dəfələrlə təqib olunduğunu deyən vəkil bildirib ki, M.Hüseynov müsahibədə başına gələnləri danışıb və bu, böhtan sayıla bilməz:

Fəxrəddin Mehdiyev

“Bu ölkədə və beynəlxalq aləmdə rezonans doğuran hadisədir. İşə xitam verilməsi aşağı instansiya məhkəmələrinin səhvini düzəldər və ədalət məhkəməsinə hörmət gətirər”.

Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə deyib ki, kassasiya şikayəti təmin edilməməlidir:

“Deyirlər, Mehman Hüseynov Musa Musayevi tanımayıb. Qanunvericilikdə elə tələb yoxdur ki, böhtan atan şəxs həmin şəxsi mütləq tanımalıdır. Mehman Hüseynovla orada dalaşan şəxs ifadə verib və bildirib ki, həqiqətən onlar dalaşıblar və polislər onlara yaxınlaşıb. Mehman Hüseynov özü də məhkəmədə ifadə verdi. Bildirdi ki, müsahibəsində olan fikirlər ona məxsusdur, hələ az danışıb və bu fəaliyyətinə davam edəcək. Bunu jurnalistikaya bağlamaq düzgün deyil. Azərbaycanda söz və ifadə azadlığı qorunduğu qədər başqa ölkələrdə qorunmur. Biz də söz və ifadə azadlığının tərəfdarıyıq, lakin bundan başqa formada istifadə etmək düzgün deyil. Kassasiya şikayəti formal mülahizələrə əsaslanır, xahiş edirəm, təmin edilməsin”.

Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynov barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

Nəsimi RPİ-nin rəisi Musa Musayev bloger M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

Ana səhifəXəbərlərMehman Hüseynovun işi yenidən Apelyasiya Məhkəməsinə qaytarılıb