”Mehman Hüseynovun işi, meşələrdə meyvələrin yığılması qadağası yeni situasiyanın yarandığını göstərir”

Əliməmməd Nuriyev: ”Bu gün qoruyuculara malik məmur yoxdur”

Source:
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev


Əliməmməd Nuriyev: ”Bu gün qoruyuculara malik məmur yoxdur”

“2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib”.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Süleyman İsmayılov

təhlili məqaləsində vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini yerinə yetirməyən vəzifəli şəxslər barədə bildirib.

Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarında ötən il 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb, onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.

Meydan TV-nin bu barədə sorğusuna cavab verən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, 5 il əvvəl vətəndaşlar üçün məmurların əlçatanlığı çətin idi.

“Bugün isə məmurlara əlçatanlılıq getdikcə genişlənir. Vəziyyətin dəyişməsi son 5 ildə həm də bütün nazirlərin yerlərdə görüşlər keçirməsi ilə bağlıdır. Bu görüşlər ən yüksək səviyyəli məmura çıxış imkanları yaradır. Digər tərəfdən internetin verdiyi imkanlardır. Mərkəzi icra hakimiyyətinin, dövlət qurumlarının elektron poçtuna müraciət etmək mümkündür. Doğrudur, müəyyən rayonlarda yerli icra hakimiyyətlərinə əlçatanlılıq olsa da, əksəriyyəti ilə problemlər qalmaqdadır”.

Onun sözlərinə görə, bəzi hallarda əlaqə vasitələrinə cavab verən yoxdur.

Ə.Nuriyev qeyd edib ki, elektron hökumətə keçid bu prosesləri asanlaşdırıb.

“Düzdür, məmurlara çıxış imkanları genişlənsə də, müsbət istiqamət yaransa da, arzuolunan nəticələr yoxdur. Cənab prezident də çıxışlarında hər bir məmurun xalqın xidmətçisi olmasını xüsusi vurğulayır. Bu da ondan irəli gəlir ki, məmurların vətəndaşların şikayətlərinə baxılmasında bürokratiya yetərincə vardır. Əslində, elektron xidmətlərin tətbiqi məmur-vətəndaş təmaslarının aradan qaldırılması ilə nəticələnəcək”.

“Niyə kiçik və orta məmurlar cəzalandırılır, ancaq yüksək çinli məmur toxunulmaz qalır” sualına Ə.Nuriyev cavab verib ki, orta məmurlar bu və ya digər qərarların qəbulu prosesində birbaşa iştirak edirlər. O vurğulayıb ki, onlar öz funksional vəzifələrini icra etmədikləri üçün cəzalandırılır.

“Ancaq elə bir məmur yoxdur ki, cəzalandırılmaya məruz qalmasın. Ötən ilin yayında enerji böhranı yarananda, ən yüksək məmur, nazir cəzalandırıldı. Bugün hansısa qapalı, qoruyuculara malik məmur yoxdur, onların hər biri cəzalandırıla bilər. Əlbəttə, bu prosesdə vətəndaşlar da fəal olmalıdır, cəmiyyəti qarşılaşdıqları problemlərlə bağlı vaxtında məlumatlandıra bilsinlər”.

Onun fikrincə, cəmiyyət bir çox sahələrdə cəzalandırılmanı hiss etməyə başlayıb”.

Ə.Nuriyev məmur-vətəndaş münasibətlərində vəziyyətin müsbətə doğru getdiyini düşünür:

“İndi sosial şəbəkələr yeni imkanlar yaradıb. Nəticədə məlumatın daha sürətli ötürülməsi prosesi baş verib. Bu, məmurları daha məsuliyyətli olmağa sövq edir. Diqqət yetirin, bir çox məmurlar haqlarında məlumat yayılanda müxtəlif vasitələrlə informasiyanın çıxarılmasını xahiş edirlər, yaxud başqa tədbirlər görürlər. İrəliləyişlər vardır. Məsələn, Mehman Hüseynovun işi, Baş nazirin meşələrdə meyvələrin yığılması qadağası yeni situasiyanın yarandığını göstərir”.

Ana səhifəXəbərlər”Mehman Hüseynovun işi, meşələrdə meyvələrin yığılması qadağası yeni situasiyanın yarandığını göstərir”