Tərəflər qucaqlaşıb söhbətləşirlər
Bloger Mehman Hüseynovla Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun barışdığına dair videogörüntülər yayılıb.
“Report”un yaydığı görüntülərdə blogerlə zərərçəkən qismində tanınan Əli Abdalovun qucaqlaşması, söhbətləşməsi görünür. Görüntülər “Allah şeytana lənət eləsin” deyimi ilə yekunlaşır.
Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi.
O, Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmamaqda, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək, bədən xəsarəti yetirməkdə günahlandırılırdı. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.
Bloger deyilənlərin böhtan olduğunu bildirdi və buna etiraz olaraq aclıq aksiyasına başladı. Bundan sonra aksiyaya siyasilər və ictimai fəallar dəstək verdi. Beynəlxalq təşkilatlar və xaricdə yaşayan azərbaycanlılardan da bu aksiyaya dəstək verildi. Demokratik Qüvvələrin Milli Şurası məsələ ilə bağlı yanvarın 19-da mitinq keçirdi. Aksiyaya Real və Müsavat partiyaları da dəstək verdi.
Bundan sonra Mehman Hüseynovun və bir qrup hökumətyönümlü hüquq müdafiəçilərinin prezident İlham Əliyevə müraciəti yayıldı.
İlham Əliyevin Baş Prokurorluğa tövsiyəsindən sonra cinayət işinin icraatına xitam verildi.