Mehman Hüseynov: Sübut etdik ki, dedikləri nağıldı

“Biz bu seçkidə namizəd olmaqla insanlara göstərdik ki, bunların gerçək üzü budur”

Source: google.az


“Biz bu seçkidə namizəd olmaqla insanlara göstərdik ki, bunların gerçək üzü budur”

Yanvarın 10-da Bakı Apelyasiya Məhkəməsində son seçkidə Qaraçuxur bələdiyyəsinə (31 saylı İkinci Seçki Dairəsindən) namizəd olmuş bloger Mehman Hüseynovun Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb. Bloger Mərkəzi Seçki Komissiyasının (MSK) 2 yanvar 2020-ci il tarixli qərarından şikayət verib.

M.Hüseynov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən sonra MSK-ya şikayət edib. Şikayətində göstərib ki, bundan əvvəl də Qaraçuxur bələdiyyəsinin sədri olmuş, bu dəfə də namizədliyini irəli sürən Ağaqulu Nəcəfov onun təbliğat-təşviqat materiallarını korlayıb. Bloger bu barədə video və fotonu da təqdim edib.

“Səsvermə günü isə açıq-aşkar ədalətsiz seçki keçirildi. Seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlər atıldı. “Karusel” üsulu ilə qrup halında adamlar seçki məntəqələrinə gətirilir, onlar bir neçə məntəqədə səs verirdi. O adamların əksəriyyətinin də həmin dairəyə, məntəqəyə aidiyyəti yox idi. Belə hərəkətlərin hesabına seçici aktivliyi süni şəkildə artırıldı“, – deyə M.Hüseynov şikayətində yazıb.

O, 30 saylı Suraxanı Birinci seçki dairəsinin 22, 23, 24, 25, 26 saylı məntəqələrində, həmçinin 31 saylı Suraxanı ikinci seçki dairəsinin 5, 12, 13, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 28, 29, 32 saylı məntəqələrində səslərin yenidən sayılmasını, qanun pozuntuları olan məntəqələrdə nəticələrin ləğvini, pozuntuya yol verənlər haqda prokurorluğun məlumatlandırılmasını istəyib. Lakin MSK 2 yanvarda qəbul etdiyi qərarla M.Hüseynovun istəyini rədd edib.

M.Hüseynov da həmin qərardan məhkəməyə şikayət verib.

Bakı Apelyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyilə keçirilən prosesdə M.Hüseynov deyib ki, o, namizəd olmaqla vəzifəyə gəlmək, hansısa postu tutmaq yox, həqiqəti xalqa göstərmək istəyirdi: “Bizim məqsədimiz vəzifə deyil. Biz bu seçkidə namizəd olmaqla insanlara göstərdik ki, bunların gerçək üzü budur. Sübut etdik ki, “İslahat, gəncləşmə siyasəti” barədə dedikləri nağıldır, boş sözlərdir. Həmin dairədə bir neçə məntəqədə nəticələri ləğv elədilər. Özləri də sübut elədilər ki, saxtakarlıq olub. Amma bütövlükdə seçkinin nəticəsinə təsir göstərən məntəqələri ləğv eləmədilər. Necə oldu, Mehman Hüseynov bu bələdiyyənin 17 üzvündən biri seçilmədi? Xalq, insanlar bir daha bunların üzünü gördü. Bildi ki, bunlar normal seçki keçirmir. Mən MSK-ya qanun pozuntularını sübut edən kifayət qədər video və fotolar təqdim etmişəm. Lakin MSK araşdırmayıb, günahkarlar cəzalandırılmayıb”.

MSK-nın nümayəndəsi, vəkil Ramiz İbrahimov bildirib ki, təmsil etdiyi qurum M.Hüseynovun şikayətini obyektiv araşdırıb. Onun sözlərinə görə, həmin dairədə bir neçə seçki məntəqəsinin nəticəsi ləğv olunub. R.İbrahimovun sözlərinə görə, hansı məntəqədə pozuntu aşkarlanıbsa, lazımi addım atılıb. Onun fikrincə, digər məntəqələrdə səslərin yenidən sayılmasına ehtiyac duyulmayıb.

Bloger razılaşmayıb. Məhkəmədə vəsatət qaldırıb ki, hakimlər özləri sözügedən seçki dairəsinin məntəqələrindəki MSK-nın müşahidə kameralarının görüntülərinə baxış keçirsinlər. M.Hüseynov hansı məntəqədəki kamera görüntülərinə baxılmasını da hakimlərin öz ixtiyarına buraxıb. Deyib ki, əgər heç olmasa, 1-2 məntəqədəki görüntülərə baxsalar, eyni adamların müxtəlif məntəqələrdə səs verdiyini, məntəqəyə gələnlərin sayının qutudan çıxan bülletenlərin sayından dəfələrlə az olduğunu görəcəklər.

Lakin məhkəmə M.Hüseynovun nə bu vəsatətini, nə də ümumiyyətlə, MSK-ya qarşı şikayətini təmin edib.

M.Hüseynov apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Ana səhifəXəbərlərMehman Hüseynov: Sübut etdik ki, dedikləri nağıldı