Bu həbsxananın ilk siyasi məhbusu Əbülfəz Elçibəy olub
Aprelin 21-də həbsdə olan bloger Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb.
Hüquq müdafiəçisi, bir müddət əvvəl həbsdən azad olunmuş
Rəsul Cəfərov
sa bu cəzaçəkmə müəssisəsini pisləyir.
Bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşan hüquq müdafiəçisi deyir: “Mehman Hüseynov çoxdan ləğv edilməli olan 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Orada hazırda başqa siyasi məhbus yoxdur, gediş-gəlişi çətin yerdir”.
14 saylı Cəzaçəkmə Müəssisəsində həbs həyatı yaşamış, vaxtilə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər Meydan TV-ə fikirlərini bölüşüb.
Müəssisə 1050 nəfər üçün nəzərdə tutulub
Müsavat Partiyasının başqan müavini
Yadigar Sadıqov
deyir ki, 14 saylı Cəzaçəkmə Müəssisəsi şəraitinə görə Azərbaycandakı ən pis cəzaçəkmə müəssisəsi sayılır:
“Çünki 50 il bundan əvvəl istifadəyə verilmiş müəssisədir. Digər tərəfdən, ətrafı daş karxanaları və səhra ilə əhatə olunub. Bir qədər külək əsən kimi orada güclü tozanaq başlayır, dustaqların üst-başı bütün toz içində olur. Hətta tibbi maskalar vasitəsilə gəzirdik. Orada yataqxana sistemidir, kamera sistemi deyil. Təxminən 150 nəfər insanın yatdığı böyük yataqxanalardır. Çox darısqaldır. Müəssisə 1050 nəfər üçün nəzərdə tutulub. Daim sıxlıq olur. Mən orada olanda son aylarda dustaqlar həddindən artıq çoxalmışdı. Buna görə də çarpayıları sıxlaşdırmaq məcburiyyətində qalmışdılar. Orada ən ciddi problemlərdən biri sudur. Yay aylarında günlərlə su olmur. Xatırlayıram ki, 15 gün su gəlməmişdi. Təsəvvür edin də, tozun içindəsən və su gəlmir. Ayaqyolu həddindən artıq bərbaddır, ümumiyyətlə, bütün cəzaçəkmə müəssisələrində eynidir, iyrənc mənzərə var. Normal cəhət ondan ibarət idi ki, yataqxanalar “kombi” istilik sistemi ilə təchiz olunmuşdular. Qışda soyuq olmur. Müəssisə rəhbərliyi kifayət qədər adekvat idi. Tibbi xidmət normal səviyyədədir. Ordakı həkimlər məndə xoş təəssürat yaratdılar. Orada ciddi nöqsan təbii şərait və yerləşdiyi yerdir. Dustaqları əsas narahat edən toz və istidir. Təsəvvür edin, yayda azca da olsa külək əsmirdi ki, bir az sərinlik olsun”.
Bu “zon”un ilk siyasi məhbusu Əbülfəz Elçibəy olub
Müsavat Partiyasının başqanı
Arif Hacılı
bu müəssisə ilə bağlı fikirlərini özünün bloqunda qeyd edib:
“Mehman Hüseynov, son yarım əsrdə Elçibəydən başlayaraq onlarla siyasi məhbusun saxlandığı Qızıldaşdakı 14 saylı Cəzaçəkmə Müəssəsinə göndərilib. Bayıl həbsxanasında köhnə dustaqlar 5 il iş aldığımı biləndə məni təbrik edirdilər. “Kütləvi ixtişaşın təşkilatçısı” kimi 12 il alacağımı gözləyirdilər. Həm də indi hakimiyyətə gələn prezidentə qarşı ixtişaşın əsas, birinci təşkilatçısı olan siyasi dustaq da, ona verilən cəmi 5 il həbs cəzası da, hətta uzun illər “yol getmiş” residivistlərə də qeyri- adi görünürdü. “Torpedo” göndərib bizi kameradaca niyə boğub öldürmürlər deyə məəttəl qalırdılar. Məsləhətləri də bu idi: Hansı zona, hətta “tuberkulyoz zon”una gedin, amma 14- cü zona getməyin… Məni 14-cü zona göndərdilər.
O vaxta qədər Azərbaycanda təbiət baxımından Qızıldaş kimi bərbad yerin mövcudluğundan xəbərsiz idim. Külək yoxdusa, nəfəs almaq mümkün deyil, külək varsa, toz-qum qarışığı divar kimi üzərinə gəlir. Lap Afrika səhralarında olduğu kimi günəşin üzü tutulur. Həbsxana termini ilə desək, orada “atmosfer” təbii atmosferdən də dəhşətlidi.
Bu “zon”un ilk siyasi məhbusu Əbülfəz Elçibəy olub. Sonra biz də olduq. Bizdən sonra da müsavatçılar, cəbhəçilər, NİDA-çılar bu “zon”da siyasi məhbus həyatı yaşadı. Müsavat başqanının müavinləri Yadigar Sadıqov, Fərəc Kərimli ilə bəzən 14 saylı cəzaçəkmə müəssəsi haqqında danışırıq. Bəzən pisliklər belə xatirəyə çevriləndə adiləşir. Adama əvvəl dəhşətli görünən sonra adi görünür. Ən böyük dəhşət, elə dəhşətlərin adiləşməsidir. Biz Elçibəyin həbsxana həyatı barədə Alfred Hiçkokun filmləri kimi düşünürdük. Özümüz bu həyatı daha ağır, daha uzunmüddətli yaşadıq. Bu reallıq bizim üçün adiləşdi. İndi siyasi məhbusların sayı həmişəkindən çoxdu. Bu da adiləşib. İndi siyasi məhbuslar daha uzun müddətə məhkum edilir, bu da adiləşib. İndi 18- 25 yaşlı gənclər siyasi əqidəsinə görə həbs edilir, bu da adiləşib. Əvvəl siyasətçiləri “kütləvi ixtişaşa”, “dövlət quruluşunu dəyişdirmək cəhdi”nə görə həbs edirdilərsə, indi “Facebook”da yazdığı statusa, videoçəkilişə, sarkazma görə həbs edirlər. Bu gün Azərbaycanda dəhşətləri adiləşdirən, normal həyat tərzinə çevirənlərin hökmranlığı dövrüdür. Antikommunist fəaliyyətinə görə həbs edilən Elçibəy sonda kommunist rejiminin qənimi oldu. Bu rejimin qənimi 14-cü zonun məhbusu olmaya da bilər, amma yaratdıqları Azərbaycan adlı məhbəsdən olacağı şübhəsizdir”.
Məhkumlar 40, 100, 120 nəfərlik ümumi baraklarda qalırdılar
14 saylı CÇM-də həbs həyatı yaşayanlardan biri də ictimai fəal
Bəxtiyar Hacıyev
dir. O da hesab edir ki, bu müəssisə Azərbaycanda ən ağır şəraiti olan həbsxanalardandır:
“Ətrafda daş karxanalarının işləməsi, yaşıllığın olmaması məhkumların bütün günü toz və isti külək altında qalmasına səbəb olurdu. Ümumi ayaqyolularında natəmizlik təsviredilməz dərəcədə idi. Bəzən günlərlə müəssisədə su problemi olurdu, məhkumlar əl-üz yumaq üçün onlara ailələri tərəfindən göndərilmiş içməli sudan istifadə edirdilər. Yay aylarında tozlu həbsxanada yuyunmaq vacib olsa da, hamamdan istifadə həftədə bir dəfə ilə məhdudlaşırdı. Xüsusi hallarda bir neçə dəfə istifadəyə icazə verilirdi. Məhkumlar 40, 100, 120 nəfərlik ümumi baraklarda, ikimərtəbəli çarpayılarda yatırdılar və gündüzlər bu baraklardan istifadə, istirahət və oturmaq qadağan idi. Çox sayda məhkumun eyni kiçik barakda qalması isə əlavə bir çətinlik törədirdi. Mən orada olduğum müddətdə artıq həbsxanada təmir işləri başlamışdı, su problemi həll edilirdi. İndi həmin problemlərin nə qədər hissəsinin həll olunduğunu deyə bilmərəm”.
Nəsimi RPİ-nin rəisi Musa Musayev Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs olunub. Blogerin apelyasiya şikayəti təmin olunmayıb.