Mehman Hüseynov: Mənə qarşı alçaldıcı hərəkət etmək istəyirdilər

“Biri üstümə çıxmışdı, onlara tapşırıq gəlmişdi ki, onu mələdin”.

Source: Specify Source


“Danışdıqca döyürdülər, etiraz etməyin xeyri yox idi”

Video-bloger Mehman Hüseynov dekabrın 27-də polis tərəfindən döyüldüyünü bildirib.

Bu barədə Meydan TV-yə danışan Mehman Hüseynov gecə Fəvvarələr Meydanında heç bir səbəb olmadan polis tərəfindən saxlanıldığını deyib:

“Polis məni kobud şəkildə tutdu. Onda anladım ki, pis şeylər olacaq. Maşına mindirən kimi polislər başladılar vəhşicəsinə döyməyə. Paltarımı başıma keçirmişdilər. Danışıqlarından eşitdim ki, məni Lökbatana aparırlar. Bir düzənliyə gətirdilər. Düşürəndən sonra maşının işığını söndürdülər və döydülər. Məni döyəndə, deyirdilər ki, “niyə gecə vaxtı bizi narahat edirsən”. Gördüm, danışdıqca döyürlər, etiraz etməyin də xeyri yoxdur. Səbəbini də demirlər. Yalnız DİN qarşısında plakat qaldırmağımı soruşurdular. Bəli, mən sivil şəkildə plakat qaldırmışam, reper Pərviz Quluzadənin azadlığını tələb etmişəm, vəssalam! Bu hadisə saat 18.00-də olub. Məni döymək cəhənnəm, kişiyə yaraşmayan hərəkətlər etməyə başladılar, dedim ki, nə edirsiniz edin”.

Mehman Hüseynov döyənlərin onu telefona çəkdiklərini söyləyib:

“Mənə qarşı alçaldıcı hərəkət etmək istəyirdilər. Dedilər ki, sənə dəyənək də edərik. Cavab verdim ki, nə edirsiniz edin, onsuz da həbsxanada görmüşəm. Məni 6 nəfər döyürdü. Biri üstümə çıxmışdı, onlara tapşırıq gəlmişdi ki, onu mələdin. Onlardan birini şəxsən tanıyırdım, çünki aksiyalarda görmüşəm”.

Mehman Hüseynov baş verən hadisəni seçki kampaniyası ilə əlaqələndirib:

“Məncə, konkret səbəb yox idi. Sadəcə, döyürdülər. Məndən telefonun kodunu istədilər, vermədim. Döyəndən sonra elə orda atıb getdilər. Yaxşı ki, dostlarıma zəng etdim, gəlib apardılar. Mən heç bir qanunsuzluq etməmişəm. Fəvvarələr Meydanında məndən başqa adamlar da etiraz edib, yalnız məni apardılar”.

O, paltarının cırıldığını və bədənində işgəncə izi olduğunu göstərib:

“Ayaq, boyun tərəfdə ağrılarım qalır. Mütləq həkimə göstərməliyəm ki, tibbi rəy alım. Mən mütləq şikayət edəcəm. Mənim saxlanılmağıma ümumiyyətlə heç bir səbəb yox idi. Ancaq məni çox zorakı şəkildə apardılar, bax, bunlar hamısı qanunsuzluq və özbaşınalıqdır”.

image_from_ios (2).jpg
Mehman Hüseynov

Daxili İşlər Nazirliyi (DİN) bloqger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddiaları əsassız hesab edib.

Ehsan Zahidov bildirib ki, dekabrın 27-də gecə saat saat 22:00 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər:

“Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apelyasiya Məhkəməsi də hakim Elşad Şamayevin sədrliyi ilə qüvvədə saxlayıb.

Daxili İşlər Nazirliyi
DİN

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

2019-cu il yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

Mehman Hüseynov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində iştirak edib. O, gələn ilin fevralın 9-da keçiriləcəkl parlament seçkilərinə “Hərəkət” Seçki Blokundan qatılacağını bildirib.

Ana səhifəSiyasətMehman Hüseynov: Mənə qarşı alçaldıcı hərəkət etmək istəyirdilər