”Mən sanki böyük Azərbaycandan kiçik Azərbaycana düşmüşəm”
Martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrum olunan bloger Mehman Hüseynov vəkili Elçin Sadıqov vasitəsilə həbsxanadan yaxınlarına və dostlarına məktub göndərib.
Meydan TV blogerin məktubunu olduğu kimi təqdim edir:
“Salam dostlar, qəribə səslənsə də, artıq həbsxanadayam. Kimlərsə deyirdi, bura qorxulu yerdi, amma qaqaş canı, elə deyil. Mən sanki böyük Azərbaycandan kiçik Azərbaycana düşmüşəm. O biri Azərbaycanda nə edirdimsə, burda da onu edirəm. Fəaliyyətim davam edir.
Hətta deyərdim ki, burada, həbsdə olan insanların mənə daha çox ehtiyacları var. Burada onlara hüquqlarının olduğunu başa salıram, çalışıram, onların qayğısına qalım. Elə adamlar var ki, kasıbdırlar, əyinlərində isti paltarları belə yoxdur, üşüyürlər. Bacardığım qədər onlarla paylaşmağa çalışıram. Həyatından küsmüş insanlar var burda. Onlara da başa salıram ki, həyat davam edir. Burda kiçik bir ailəm var, deyib gülürük. Bir sözlə, hər şey bombadır!”.
Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunan bloger həbsini siyasi sifariş hesab edir.