Mehman Hüseynov: Azərbaycanda söz azadlığının qiyməti bahadır

“Mənim kimi adamlara bu cəmiyyətdə yer olmadığı üçün buradayam”

Source:
Mehman Huseynov
Mehman Huseynov


“Mənim kimi adamlara bu cəmiyyətdə yer olmadığı üçün buradayam”

Aprelin 11-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, M.Hüseynova verilən ittihamın əsası yoxdur: “Mehmanın işi bir hadisəni xatırladır. Bir gün polis bir qadını tutub rəisin yanına gətirir. Deyir ki, polis qadını zorlamışdı, qadını tutub gətirdim. Rəis soruşur ki, qadını niyə tutmusan? Cavab verir ki, qadın zorlananda müqavimət göstərib. Birinci instansiya məhkəməsində çəkişmə prinsipi pozulub. Çıxışlara, son söz deməyə şərait yaradılmayıb. Tələm-tələsik ittiham hökmü çıxarılıb. Xahiş edirəm hökm ləğv edilsin və bəraətverici əsaslarla işə xitam verilsin”.

M.Hüseynovun digər vəkili Şəhla Hümbətova isə çıxışında deyib ki, M. Hüseynovu ölkədə çox adam tanıyır və o, “Sancaq” səhifəsində ölkədə baş verən korrupsiya, məmur özbaşınalığı kimi faktlar barəsində məlumat yayır: “Bu faktların yayılmasının qarşısını almağa çalışırlar. 2012-ci ildən Mehman təqiblərə məruz qalır. Bundan əvvəl Mehman dörd dəfə polislər tərəfindən oğurlanıb. Heç vaxt çıxıb polislərin pis rəftarından danışmayıb. İndi qarşı tərəf deyir ki, Mehman polisə böhtan atır. Əgər Mehman qərəzli olsaydı, digər hallarda da çıxıb deyərdi ki, pis rəftara məruz qalıb. Birinci instansiya məhkəməsində bütün vəsatətlər rədd edilib, heç bir məsələ araşdırılmayıb. Hakim müşavirəyə gedəndə Mehmanın zaldan çıxmasını qadağan edib. Bu, onu göstərir ki, artıq müşavirə otağına gedəndə qərar bəlli idi. 656 nəfər hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti üzvləri Mehmanın həbsinin siyasi sifariş olduğunu hesab etmələri barədə müraciət imzalayıblar və məhkəməyə müraciət ediblər ki, ədalətli qərar qəbul edilsin”.

Daha sonra iclasda Mehman Hüseynov çıxış edib. Bildirib ki, dünən məhkəmə iclası keçiriləndə hakim işin istintaqla araşdırılmaması barədə qərar qəbul edib:

“Bu, düzgün qərar idi. Çünki istintaqla aparılsaydı, məni bura atanların kimliyi bəlli olacaqdı. Mən bilirəm ki, günahsızam. Son aylar polis sistemi utanmadan xalqa sübut etməyə çalışır ki, qatıq qaradır. Biz görürük ki, insanlara işgəncə verirlər, zorlayırlar, susdururlar. Sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti çıxıb deyir ki, “biz mələyik”. Yenidən danışan adamları tutub işgəncə verirlər və tələb edirlər ki, çıxıb onların istədikləri kimi açıqlama versinlər. Lakin mən o adamlardan deyiləm. İşgəncə faktını gizlədə bilmərəm. Mən 8 ildir jurnalist fəaliyyəti ilə məşğulam və bu işə başlayanda bilirdim həbs və başqa təhlükələr ola bilər. Bilirəm ki, Azərbaycanda söz azadlığının qiyməti bahadır. Mən polislər tərəfindən dəfələrlə oğurlanmışam. Hətta mənə “ata silləsi” də vurublar. Lakin çıxıb bu məsələni danışmamışam. Bakı şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış Şöbəsinin rəis müavini çağırıb məni təhqir edib, söyüb ki, son zamanlar polislərdən çox danışırsan. Sonra xahiş edib ki, bunu ictimailəşdirməyim. Mən də elə etmişəm. Mən Musa Musayev adlı adam tanımamışam və tanımaq da istəmirəm. Həmin hadisədən əvvəl izlənirdim. Hətta tanış polislərdən biri mənə xəbər göndərmişdi ki, məni həbs etmək istəyirlər. Mən də evdən bayıra çıxmırdım. Çünki bir dəfə təxribat törətmək istədilər. Lakin mən qaçdım. Evdən çıxanda da dostlarımla gedirdim ki, həmişə yanımda adamlar olsun. Polislərin arasında mənə nə qədər nifrət edən varsa, o qədər də sevən var. Məni həbs edəndə ayağıma elektoşok kimi nəsə vurdular. Sonra başıma torba keçirib Nəsimi rayon Polis İdarəsinə gətirdilər. Orada mən huşumu itirdim. Orada təhqirlər oldu. Çıxıb üzərimdə oturmuşdular. Hiss edirdim ki, şəkillərimi çəkirlər. Mənim bədənimdə bir damar var. O ağrı verir. Gecələr onu sıx bağlayıb yatıram. Şəxsiyyət vəsiqəm olmadığı üçün heç bir xəstəxana da məni qəbul etmir. Dəfələrlə müraciət etmişəm, heç olmasa bir günlük vəsiqəmi versinlər, əməliyyat olunum, lakin etməyiblər. Həmin vaxt yenə damarım ağrıyırdı. Mən xahiş edirdim ki, elə etməsinlər. Halım da özümdə deyildi. Onlar da mənim şəklimi çəkirdilər. Bu, mənə pis təsir etdi. Sonra gördülər vəziyyətim pisdir həkim çağırdılar. Həkim gəlib dedi ki, burada qala bilməz. Dedilər, sən iynə vur, burada yatsın. Sonra məhkəməyə getdik. Orada polislər deyirdilər “səni niyə tutublar, biz səni dəstəkləyirik”. Mən də onlara inanmışdım, yeməyimi onlarla böldüm. Sonra onlar gəlib məhkəmdə yalandan üzümə durdular. Güya mən kiminləsə dalaşmışam , mən də pis oldum. Çünki bizə atamız belə tərbiyə verməyib. Onlara dedim ki, görün nə günə qalmısınız ki, 500 manat maaş üçün belə işlərlə məşğulısunuz. Sonra onlar gəlib məndən üzr istədilər. Hal şahidləri də mitinqdə camaatın anasını, bacısını tutub aparan iki nəfər şəxs idi. Onları da tanıdım. Hakim gülürdü bunlara. Hakim də dedi kimisə tutanda bunu peşəkarlıqla etmək lazımdır. Ona görə də mənə cərimə cəzası verdi. Bəlkə də sutka cəzası olacaqdı. Onlarda mənim kiminləsə dalaşmağım barədə hansısa video, ya şəkil olsaydı, onu yayardılar ki, baxın Mehman yalan danışır. Lakin elə bir sübut yoxdur. Çünki mən heç kimlə dalaşmamışam. Bunu sübut etsinlər, yüz il də yatmağa hazıram. Biz sübut etməliyik ki, bu saxta işdir və sabah sizin də övlalarınızın başına gələ bilər. Mənim kimi adamlara bu cəmiyyətdə yer olmadığı üçün buradayam. Hətta konvoylar da əlimə qandal vuranda utanırlar. Mən azadlığa çıxandan sonra kamera alıb arxama yerləşdirəcəm. Qoy arxadan da məni çəksin. Hamı bilir ki, mən günahsızam, lakin qərar vermək sizin səlahiyyətinizdə deyil. Sadəcə xahiş edirəm, sizə hökmlə bağlı zəng gələndə deyin ki, Mehman kişi kimi mübarizə apardı ”.

Hakim isə onlara heç kim tərəfindən zəng gəlmədiyini deyib.

İclasda vəkil Fuad Ağayev də çıxış edib. O bildirib ki, məhkəmə istintaqla aparılmalı idi: “Siz hadisənin necə baş verməsini bilmədən necə qərar çıxarmağa hazırlaşırsınız? Bütün sübutlar Daxili İşlər Nazirliyindədir. Əgər onlar sübutları təqdim etmirlərsə, demək maraqları var. Ehsan Zahidov bu işdə həlledici fiqurdur. O, Mehmanla bağlı bəyanat verib. Xahiş edirik ki, bəraət hökmü çıxardasınız”.

Daha sonra Musa Musayevin nümayəndəsi Əlirza Həbilov çıxış edib. O, apelyasiya şikayətinin əsasız olduğu üçün təmin edilməməsini xahiş edib.

Məhkəmə müşavirəyə geib. Məhkəmə qərarı sabah elan ediləcək.

Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Apelyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Ana səhifəXəbərlərMehman Hüseynov: Azərbaycanda söz azadlığının qiyməti bahadır