“İttihamlar əsassızdır, M.Əliyevin azadlığını istəmişik”
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsindən apelyasiya şikayəti verilib. Vəkil Fuad Ağayev belə deyib.
O, şikayəti Yasamal Rayon Məhkəməsinin qərarından verdiklərini söyləyib:
“İşə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Dəqiq vaxtı isə hələlik məlum deyil”.
Vəkil vurğulayıb ki, onlar ittihamları əsassız sayaraq, M.Əliyevin azadlığını istəyirlər.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Hüseynov ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.