Avqustun 26-da Musavat Partiyasının Qərargahında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı toplantı keçirilib. Tədbirdə Mehman Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması qərara alınıb. Toplantıda iştirak edənlər yaradılacaq komitə ilə bağlı təkliflərini bildiriblər.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib ki, Mehman Əliyev ölkədəki vəziyyətin çətinliyini faktlarla, rəqəmlərlə göstərirdi. Həbsindəki başlıca səbəb azad mətbuatı boğmaqdır.
“Hakimiyyət beynəlxalq birliyin onlarla danışmaqdan bezdiyini hiss edib və bundan narahat olub. Bazarlaşma yoxdur ki, sən kimisə azad et, biz də sənin rejiminə dəstək verək. Məhz buna görə Mehman Əliyev kimi bir fiqur həbs olunub ki, beynəlxalq birlik buna reaksiya versin və bazarlıq məkanı yaransın”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə hesab edib ki, Mehman Əliyev ləyaqətli insan olduğuna görə həbs edilib:
“Jurnalistərə ev verilməsinə başlanandan Mehman Əliyevə və “Turan” İnformasiya Agentliyinin iki əməkdaşına ev təklif olunub. Mehman bəy isə bundan imtina edib. Mehman bəyin bugünkü həbsi ona edilən təkliflərdən imtinasının bədəlidir”.
“Hökumət müxalifəti hər cür resurddan məhrum edib, zəiflədib. Vətəndaş cəmiyyətini haradasa məhv edib, Azərbaycan mətbuatının kökünü qazıb. Ortada müəyyən sayda mübariz insanlar qalıb ki, onlar təslim olmur, mübarizə aparırlar”- AXCP sədri Əli Kərimli bildirib.
Musavat başqanı Arif Hacılı isə deyib ki, mövcud vəziyyətdən xilas olmaq üçün funksional birlik yaradılmalı, güclər birləşməlidir.
Tədbirdə qərara alınıb ki, M.Əliyevin Hüquqlarını Müdafiə Komitəsi avqustun 28-də toplansın və komitənin tərkibi açıqlansın.