Mehman Əliyevin daha bir şikayəti icraata götürülüb

Jurnalistin vəkilləri onun həbsdən öncə tutulmasını qanunsuz sayır

Source:


Jurnalistin vəkilləri onun həbsdən öncə tutulmasını qanunsuz sayır

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin vəkilləri onun həbsdən öncə tutulmasını qanunsuz sayırlar. Buna görə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Məlumatı M.Əliyevin vəkili Fuad Ağayev verib.

O, Mehman Əliyevin tutulmasından verilən şikayətin icraata qəbul edildiyini söyləyib.

“Şikayətə hakim Hüseyn Səfərovun sədrliyilə avqustun 31-i saat 12:00-da baxılacaq”.

Mehman Əliyevin həbsindən də şikayət verilib. Bu şikayəti isə Bakı Apelyasiya Məhkəməsi icraata qəbul edib.

Apelyasiya şikayətinə isə avqustun 30-da baxılacaq.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlsə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Ana səhifəXəbərlərMehman Əliyevin daha bir şikayəti icraata götürülüb