”Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq”

Əli Kərimli: “Hakimiyyəti səhv etməməyə çağırıram”

Source:
Mehman Əliyev
Mehman Əliyev


Əli Kərimli: “Hakimiyyəti səhv etməməyə çağırıram”

“Mehman Əliyevin saxlanması çox ciddi hadisədir”.

Bu sözləri AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə münasibət bildirərkən deyib.

“Mehman bəyə qarşı Cinayət Məcəlləsinin 213.1 və 308-ci maddələri ilə ittiham irəli sürülüb. Şübhəli şəxs qismində saxlanılıb. Son illərdə dəbdə olan maddələrlə – vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Mehman bəy ölkədəki sonuncu azad və nüfuzlu KİV-in – “Turan” İnformasiya Agentliyinin rəhbəridir. Mehman bəy həmçinin ölkənin nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Milli Şura Koordinasiya Mərkəzinin üzvüdür. Mehman bəy ölkəmizdə də, beynəlxal aləmdə də əqidəli demokrat və dürüst ictimai xadim, mətbuatın ən peşəkar nümayəndələrindən biri kimi tanınır. Mehman Əliyevi həbs etmək hökumətin böyük səhvi olar. Hakimiyyəti bu səhvi etməməyə çağırıram” – Əli Kərimli qeyd edib.

Sivil Toplum Platforması da Mehman Əliyevin saxlanması ilə bağlı bəyanat yayıb. Sənəddə deyilir ki, Mehman Əliyevin Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək şübhəli şəxs kimi saxlanılması ölkənin fəal vətəndaşlarına qarşı hüquq-mühafizə orqanlarının əli ilə həyata keçirilən növbəti qanunsuz davranışdır:

“Mehman Əliyev vətəndaş cəmiyyətinin parlaq simalarından biri olmaqla yanaşı, beynəlxalq və yerli ictimaiyyətin etimad göstərdiyi ictimai-siyasi xadim, ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edən istedadlı jurnalist və hər zaman beynəlxalq tədbirlərdə ölkənin maraqlarını peşəkarcasına müdafiə edən dəyərli vətəndaşdır.

Xüsusilə də Ermənistanla aparılan informasiya müharibəsində ölkəmizin ən samballı müstəqil informasiya alətlərindən biri olan “Turan” Agentliyinə dövlət tərəfindən daha geniş imkanlar yaratmaq əvəzinə, ona qarşı uydurma ittihamlarla cinayət işinin açılmasını və fəaliyyətinə əngəl yaradılmasını anlamaq çətindir.

Öncə vergi qanunvericiliyinin tələblərini gözləmədən agentliyin ofisində aparılan qanunsuz axtarışın ardından, qurumun rəhbərinin qanunsuz olaraq saxlanması azad sözün sonuncu mənbəsini susdurmaq, ölkəni daha da dözülməz qaranlığa məhkum etmək, fəal vətəndaşlarda dövlətin hüquqla idarə olunmadığı qənaətini gücləndirmək cəhdidir”.

Sivil Toplum Platforması baş verən qanunsuzluqları qayğı və təəssüflə izlədiyini bəyan edir, söz azadlığının boğulmasına, azad mətbuatın susdurulmasına yönələn hüquqazidd addımların cəmiyyəti cəhalətə sürüklədiyinə diqqət çəkmək istəyir:

“Habelə, hökuməti “Turan”-a qarşı irəli sürülən qondarma ittihamları ləğv etməyə, ölkəmizdə və beynəlxal aləmdə əqidəli demokrat, dürüst ictimai xadim, peşəkar jurnalist kimi tanınan Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq”.

Ana səhifəXəbərlər”Mehman Əliyevin barəsində həbs qərarını dəyişdirməyə çağırırıq”