”Mehman Əliyevə verilmiş ittiham hətta formal-hüquq baxımından da əsassızdır”

Mehman Əliyevin müdafiəsi Vergilər Nazirliyinin ittihamlarına cavab verdi

Source:


Mehman Əliyevin müdafiəsi Vergilər Nazirliyinin ittihamlarına cavab verdi

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin müdafiəsi avqustun 25-də Vergilər Nazirliyinin onunla bağlı yaydığı açıqlamaya münasibət bildirib.

Məlumatı Mehman Əliyevin vəkili Fuad Ağayev verib.

O, nazirliyin iddiasının həqiqətdən tamamilə uzaq olduğunu bildirib:

“Adıçəkilən cinayət işi avqustun 7-də başlanıb. İstintaq idarəsinin eynitarixli qərarı ilə “Turan”da növbədənkənar səyyar vergi yoxlaması təyin olunub. Bununla bağlı qərar isə agentliyə sabahı gün, avqustun 8-də deyilib. Cinayət işi hələ təyin olunmamış səyyar vergi yoxlamasının nəticələrinə əsasən başlaya bilməz. Burada yazı müəllifləri, görünür, avtomatik olaraq qanunla nəzərdə tutulmuş ardıcıllığa istinad etmiş, Mehman Əliyevin işində ifrat dərəcədə ciddi və çoxsaylı qanun pozuntularına yol verilməsini nəzərə almamışlar”.

Müdafiə tərəfi bildirir ki, avqustun 24-ü saat 16:45-də internet informasiya portallarından birində hüquq mühafizə orqanlarına istinadən məlumat yayılıb ki, guya Mehman Əliyev Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən tutulub:

“Halbuki, həmin vaxt M.Əliyev İstintaq Departamentinin otaqlarından birində sərbəst oturmuşdu. O, saat 18:20-də şübhəli şəxs qismində tutulub”.

Müdafiə tərəfi ittiham barəsində də fikirlərini bölüşüblər:

Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə nəzərdə tutulmuş əmələ görə məsuliyyətdən o zaman söhbət gedə bilərdi ki, “Turan” sahibkarlıq fəaliyyəti ilə:


1) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan məşğul olsun;


2) və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan və ya lisenziyalaşdırılma şərtlərinin pozulması ilə məşğul olsun;


3) və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə məşğul olsun.

Vergilər Nazirliyi

Təkzib:



1. “Turan” qanunvericilik ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və vergi uçotundadır.



2. İnformasiya agentliyinin fəaliyyəti üçün heç bir lisenziya (xüsusi razılıq) tələb olunmur.



3. “Turan” mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməyib.

“Buradan birmənalı olaraq o nəticə çıxır ki, Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq cinayətinin baş verməsindən söhbət gedə bilməz. Həmin maddənin dispozisiyasında göstərilmiş zəruri elementlərdən biri də yoxdur. Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə bağlı müdafiə tərəfi bir daha vurğulayır ki, “Turan”da səyyar vergi yoxlaması davam etməkdədir. Müvafiq akt tərtib edilməyib. Halbuki, qanunla müəyyən edilmiş ardıcıllıq bu cürdur: əvvəl yoxlama aktı tərtib olunur, onun əsasında vergi orqanı qərar qəbul edir, sonra isə vergi ödəyicisinin (o cümlədən “Turan”ın) həmin qərarı inzibati qaydada və ya məhkəmə qaydasında mübahisələndirmə hüququ var. Bu müddətdə nəinki kiminsə cinayət məsuliyyətinə cəlb olunması, hətta cinayət işinin başlanılması qanuni deyil. Onu da əlavə edək ki, agentlik barəsində 2016-cı il üzrə keçirilmiş vergi yoxlaması nəticəsində hesablanmış mənfəət vergisinə dair qərar “Turan”ın inzibati şikayəti əsasında Vergilər Nazirliyi tərəfindən ləğv edilib; kameral qaydada vergi hesablanmasına dair qərarlara dair agentliyin iddia ərizəsinə dair iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır”.

O ki qaldı CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilmiş ittihama, müdafiə tərəfi deyir ki, bu da tamamilə gülüncdür:

“Burada göstərilir ki, qanunsuz sahibkarlıq (yəni CM-nin 192-ci maddəsi ilə nəzərdə tutulan əməl) və vergi ödəməkdən yayınma (CM-nin 213.1-ci maddəsi) yolu ilə Mehman Əliyev dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Qısaca deyək ki, istintaq orqanı kauçuka çevrilmiş 308.1-ci maddəsini M.Əliyevin ayağına yazdığı 192 və 213-cü maddələrdən törəmə hesab etdiyindən, aydındır ki, 308-ci maddədən də danışmaq olmaz. Beləliklə M.Əliyevə verilmiş ittiham hətta formal-hüquqi baxımdan belə əsassızdır. İş üzrə icraata xitam verilməli və o, dərhal azad edilməlidir”.

Müdafiə tərəfi Mehman Əliyevin tutulması və barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərarlardan şikayətləri məhkəməyə təqdim edib.

Avqustun 25-də Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə bağlı açıqlama yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

““Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulan funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib” – məlumatda bildirilir.

M.Əliyev avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyir, bunu azad sözə qarşı atılmış addım kimi dəyərləndirirlər.

Ana səhifəXəbərlər”Mehman Əliyevə verilmiş ittiham hətta formal-hüquq baxımından da əsassızdır”