Mehman Əliyev: “Son dəyişikliklər kadr islahatı deyil”

“İlham Əliyev fransız diplomatı Taleyranın qurduğu siyasi sistemdən istifadə edir. Ki, hamı bir-birinə qarşı və bir-birini izləməklə məşğuldur”

Source:


“İlham Əliyev fransız diplomatı Taleyranın qurduğu siyasi sistemdən istifadə edir. Ki, hamı bir-birinə qarşı və bir-birini izləməklə məşğuldur”

“G 20 Sammitinin Azərbaycanın daxili siyasətinə heç bir aidiyyatı yoxdur. Çünki Azərbaycanın iştirak etdiyi layihələr sammitin gündəliyində yoxdur. O cümlədən, Cənubi Qafqaz məsələsi də gündəlikdə yoxdur, əsas müzakirə predmetləri iqlimdir, terrorizmdir, Suriya müharibəsi və humanitar böhrandır. Bundan əlavə, Suriyadan qaçqın düşənlər Cənubi Qafqaza yox, Avropaya üz tuturlar”.

Bu fikirləri Turan İA-nin direktoru Mehman Əliyev Meydan TV-yə müsahibəsində səsləndirib.

Mehman Əliyev bildirib ki, G 20 Sammitinin yalnız dolayısı yolla bizə aidiyyatı ola bilər. Bu da Yaxın Şərhqdə sabitliyin bərqərar olunması istiqamətində addımlar atılması ilə bağlıdır: “13 noyabr Paris terroru və Suriyadakı son hadisələr artıq humanitar böhranın ciddiləşdiyini göstərir. Son hadisələr yaxın günlərdə Suriyada hərbi piyada əməliyyatlarının keçiriləcəyi ehtimalını artırır.

Prezidentin Antaliya səfərindən əvvəl konfliktoloq Arif Yunus haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsinə gəlincə, Mehman Əliyev bildirdi ki, G 20 Sammiti həm də Amerika və Azərbaycan prezidentlərinin bir araya gəlməsi üçün meydandır: “Ona görə ABŞ-ı narahat edən məsələlər əvvəlcədən öz həllini tapmalıydı. Söhbət siyasi məhbuslardan, demokratik, iqtisadi islahatların aparılması və sabitliyin formalaşmasından gedir. Çünki hazırki iqtisadi durum qeyri-sabitlik yaradır. İkinci, G 20 Sammiti ilə bağlı Amerika-Azərbaycan İşçi Qrupu işləyirdi. İşçi Qrupu hər iki ölkəni narahat edən problemlərin aradan qaldırılması üçün təkliflər və öhdəliklər hazırlayıb. Antaliyada Obama ilə Əliyevin 2-3 dəqiqəlik görüşməsi bu məsələlər haqda düşünməyə kifayət edərdi. Prezidentlərin xüsusi müzakirələr aparmasına ehtiyac yox idi, artıq müzakirələr olmuşdu və bunun əsasında iki ölkə münasibətləri barədə xüsusi plan hazırlanıb. Sadaladıqlarım onu göstərir ki, Bakı Vaşinqtonu narahat edən məsələləri həll edəcəyi ilə bağlı razılaşıb. Elə iki prezidentin görüşü də həmin plana bir xeyir-dua vermək idi”.

Mehman Əliyev dedi ki, yaxın zamanlarda ictimaiyyət Bakının Vaşinqtonla birgə hazırladığı plandan əhatəli məlumat ala biləcək: “Arif Yunusun buraxılması bir addım idi, ondan sonra dövlət katibi Con Kerri növbəti addımları gözlədiyinə işarə vurdu. Bu baxımdan Arif Yunusun azad olunması G 20 Sammiti ərəfəsində Obama ilə görüşün bir avansı idi. İlham Əliyev göstərdi ki, o, kompromislərə getməyə hazırdır. Ona görə də kompromislərin davamını gözləmək lazımdır və gedişat qaçılmazdır”.

Agentlik direktoru son kadr dəyişiklikləri və həbsləri barədə suala belə cavab verdi: “İlham Əliyevin onu dinlədiklərindən xəbəri olub. Azərbaycan kimi ölkələrdə bu cür hərəkətləri gizlətmək çətindir, gec-tez üstü açılacaq. Nəzərə alın ki, MTN də bu işin içindədir və nazirlikdə çoxlu sayda zabit sıradan çıxarılıb. Digər tərəfdən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki son hadisələr. Nazir çıxarıldı və həbslər başladı. Bu mənada belə məsələləri gizlətmək mümkün deyildi. Ən əsası Azərbaycanda əks-kəşfiyyat var, yəni söhbət nazirliklərin bir-birinə qarşı əks-kəşfiyyatından gedir. Prezidentin mühafizəsi də bu işin içindədir, DİN, Fövqəladı Hallar Nazirliyi və hərbi kəşfiyyat da. Prinsipcə, İlham Əliyev fransız diplomatı Taleyranın qurduğu siyasi sistemdən istifadə edir. Ki, hamı bir-birinə qarşı və bir-birini izləməklə məşğuldur. Normaldır, çünki bütün dövlətlərdə xüsusi xidmət orqanları bir-birinə nəzarət edir ki, heç kəs çərçivədən çıxmasın. Ona görə son dəyişikliklər kadr islahatı kimi qələmə verilməməlidir. Düşünülməməlidir ki, milli təhlükəsizlik və rabitə və yüksək texnologiyalar nazirliklərindəki korrupsiyaya görə kimlərsə cəzalandırılıb. Onsuz da bütün nazirliklərdə korrupsiya, büdcə vəsaitləri oğurlanır. Niyə hər iki nazirlikdəki korrupsiyadan danışılır, amma Ziya Məmmədovla bağlı bunlar açıq deyilmir, orda hər şey sakitcə gedir? Bu mənada baş verənlərin kadr siyasətinə heç bir aidiyyatı yoxdur”.

Ana səhifəXəbərlərMehman Əliyev: “Son dəyişikliklər kadr islahatı deyil”