“Mehman Əliyev müstəqil xəbərləmə uğrunda mübarizənin pionerlərindəndir”
Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və “TV5-Monde” noyabrın 7-də 2017-ci il Mətbuat Azadlığı Mükafatını təqdim
edəcək
.
Tədbir Strasburqda Ümumdünya demokratiya Forumu çərçivəsində keçiriləcək. Mükafat iki jurnalist və bir media orqanına veriləcək.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mükafata 18 nominant arasındadır. Onun namizədliyi jurnalist kateqoriyasından irəli sürülüb.
RSF bildirir ki, Mehman Əliyev Azərbaycanda jurnalistika və müstəqil xəbərləmə uğrunda mübarizənin pionerlərindəndir:
“O və dostları sovet senzurasına dirəniş göstərərək 1990-cı ilin mayında “Turan” İnformasiya Agentliyini yaradıblar. Hazırda “Turan” bu ölkədə qalan yeganə müstəqil media orqanıdır”.
“Üç dildə bülletenlər hazırlayan “Turan” reportyorlarının peşəkarlığı sayəsində vacib xəbər mənbəyinə çevrilib. Onlar ölkədə çox həssas mövzuları belə əhatələməkdən çəkinmirlər. Artan repressiya bu ilin avqustunda Mehman Əliyevin həbsiylə sonuclanıb. “Turan” işini dayandırmalı olub. Beynəlxalq təzyiq sayəsində o, üç həftə sonra həbsdən buraxılıb və nəyin bahasına olursa-olsun, komandasıyla işini bərpa etməyə çalışır”, – məlumatla vurğulanır.
Mükafata digər namizədlər arasında Rusiyadan olan araşdırmaçı jurnalist Alexander Sokolov, Əfqanıstanlı jurnalist Masoumeh Hidary, İranlı fotoqraf Soheil Arabinin də adı var.
Azərbaycan RSF-in Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə içində 162-ci yerdədir.
Ancaq Azərbaycanın hakimiyyət təmsilçiləri mediaya təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Ölkədə digər təməl hüquqlar kimi mətbuat azadlığının da tam təmin olunduğunu bildirirlər.