Mehman Əliyev: Məhkəmə iddiama baxılma qaydasını pozub

”Mənə xəbərdarlıq məktubu məhkəmə günü gəlib”

Source:


”Mənə xəbərdarlıq məktubu məhkəmə günü gəlib”

“1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi mənim Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı iddiama baxılma qaydasını pozub”.

Bu sözləri “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir. O, Meydan TV-yə deyib ki, işə baxan hakim Elçin Məmmədov məhkəmə iclasının mayın 12-də keçiriləcəyi barədə xəbərdarlığı gec göndərib:

“Martın 31-də keçirilən məhkəmə iclasında məlumat verildi ki, mən sözügedən tarixdə xarici ezamiyyətdə olacam. Bundan başqa bildirişdə tarix 1 may göstərlilir. Ancaq zərfin üzərindəki möhürdən məlum olur ki, 14 saylı poçt şöbəsi bildirişi mənə mayın 9-da göndərib və 10 saylı poçt şöbəsinə mayın 10-da daxil olub. Məktub bizə mayın 12-də, iclas günü çatdırılıb”.

M.Əliyev deyir ki, martın 31-də cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməyiblər və bu barədə məhkəməni xəbərdar etməyiblər:

“Məhkəmə zamanı bildirdim ki, mayın 9-12-də xaricdə ezamiyyətdə olacam və bunun nəzərə alınmasını xahiş etdim. İclas mayın 1-nə təyin edilib və bu barədə biz öz oxucularımıza martın 31-də

məlumat

vermişik.

Hakim E.Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərəcəyini bildirdi ki, meriya növbəti məhkəmə iclasına qədər informasiya sorğusuna cavab göndərsin. Ancaq heç bir cavab gəlməyib”.

“Turan” İA-nin direktoru informasiya sorğusuna cavab almadığı üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Sorğu bu il yanvarın 24-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adına göndərilib, iddia isə fevralın 23-də məhkəməyə təqdim edilib.

Bakı meriyasına informasiya sorğusu Buzovna qəsəbəsi, Sübhi küçəsi, 2 ünvandakı binanın 8 və 9-cu mərtəbəsindəki iki mənzillə bağlıdır. Belə ki, 2016-cı il dekabrın 18-də baş vermiş yanğın zamanı həmin mənzillərə ziyan dəyib. Bina Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyindədir.

“Agentliyin və bina sakinlərinin öz hüquqları uğrunda birgə mübarizəsi sayəsində İH təmir işləri aparıb, balkonlardakı pəncərələri bərpa edib, binanın fasadını təmir edib. Ancaq bu işdə məhkəmənin rolu olmayıb.

Jurnalistlərin dövlət qurumlarına informasiya sorğusu göndərməsilə bağlı praktika və məhkəmələrin hərəkəti Azərbaycanda durumun acınacaqlı və “İnormasiya azadlığı haqqında” qanunun iflic vəziyyətdə olduğunu göstərir” – M.Əliyev qeyd edir.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən Meydan TV-yə deyilib ki, bildirişlər nəzərdə tutulan tarixdə göndərilir:

“Poçt xidmətinin necə işləməsinə biz cavabdeh deyilik”.

Ana səhifəXəbərlərMehman Əliyev: Məhkəmə iddiama baxılma qaydasını pozub