“Turan” İnformasiya Agentliyinin direktoru məhkəmə zalından azadlığa buraxıldı
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
Jurnalist məhkəmə zalından azadlığa buraxılıb.
Mehman Əliyev məhkəmənin qərarını Meydan TV-yə şərh edərkən bildirib ki, o, kiçik həbsxanadan böyük həbsxanaya gəlib.
Jurnalist onu müdafiə edənlərə təşəkkürünü çatdırıb:
“Birinci növbədə Azərbaycan ictimaiyyətinə təşəkkür edirəm, o qüvvələrə ki, bizə inanır və dəstək verirdilər. İkinci, xarici dövlətlərə və beynəlxalq təşkilatlara minnətdaram. Bütövlükdə ailəmə minnətdaram ki, özlərini kifayət qədər güclü apardılar. Bu, mənim üçün çox vacib idi. Və mənimlə bir kamerada olan dostlara minnətdaram ki, çox hörmətlə yanaşırdılar”.
Mehman Əliyev “Turan” İA-na qarşı qaldırılan cinayət işinin təsdiqini tapmayacağını deyib:
“Biz istintaqdan yayınmırıq, bütün sənədləri nazirliyə təqdim etmişik, real vəziyyətin necə olduğu tam şəkildə bilinəcək”.
Mehman Əliyev prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib:
“Müraciətdə rəhbərlik etdiyim agentliyin 30 ilə yaxın dövrdə fəaliyyətini xatırladıb, qaldırılan cinayət işi barədə qeyd etdim ki, istintaq başlayandan prosesdən yayınmamışam. Bunu nəzərə alaraq həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdim. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin sədrinə də məktub yazıb həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəmişəm”.
Bundan sonra “Turan”İA-nin fəaliyyənin necə olacağına gəlincə, direktor deyib ki, bu barədə danışmaq çətindir:
“Çünki bütün hesablara həbs qoyulub. Onsuz da vəziyyətimiz çətin idi, bundan sonra necə olacağı barədə dəqiq heç nə demək olmur”.
M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev Qazaxıstandan qayıdandan sonra müvafiq orqanlara seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.