Məhkəmə jurnalistin apelyasiya şikayətini təmin etməyib
Avqustun 30-da Bakı Apelyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsindən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Mehman Əliyev həbsdə qalıb.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Apelyasiya şikayəti bu qərardan verilib.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.