Mehman Əliyev: Hakimiyyətin planı fərqli idi


”Açılan cinayət işini şişirtmək, agentliyin başqa işçilərini də həbs etmək istəyirdilər”



Ötən həftə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxıldı. Bundan sonra Vergilər Nazirliyi agentliyə qoyduğu sanksiyaları ləğv etdi. Sentyabrın 18-də isə agentliyin dondurulmuş bank hesabları açıldı.



Meydan TV baş verənlərlə bağlı yaranmış sualları agentliyin direktoru Mehman Əliyevə ünvanlayıb.


– Mehman bəy, sentyabrın 11-də azad olundunuz, ardınca ötən həftənin sonu rəhbərlik etdiyiniz agentliyin üzərindən sanksiyalar götürüldü, bu həftənin birinci günü isə bank hesablarınız açıldı. Proseslərin belə sürətlər gedəcəyini gözləyirdinizmi?

– Xeyr, sürətli olacağını gözləmirdim. Yəni bütövlükdə çevik şəkildə azad olunacağıma inanmırdım.


– Sizcə, niyə proseslər belə sürətlə davam etdi?

– Çünki güclü beynəlxalq və yerli təşkilatlardan dəstək oldu. Beynəlxalq mesajlar çox israrlı və konkret idi. Amma hakimiyyətin planı fərqli idi, açılan cinayət işini daha çox şişirtmək, agentliyin başqa işçilərini də həbs etmək istəyirdilər. Paralel olaraq yerli və xarici ictimaiyyətə mütəşəkkil cinayətkar şəbəkə kimi təqdim edib “beşinci kolon” təbliğatını aparmaq məqsədi vardı.


– Belə bir ehtimal var ki, hakimiyyət Avropa Şurasının oktyabr sessiyasında gözlənilən sərt  qərarları qabaqlamaq istəyib. Bu məqsədlə də sizi həbs etməklə, “Turan” İA bağlamaqla diqqəti fərqli istiqamətə yönəldib və ardınca indiki addımları atmaqla fərqli mənzərə yaradıb. Yəni AŞPA-da gözlənilən müzakirələr olmayacaq…

– Əslində, 3-4 ayda baş verən proseslərə baxmaq lazımdır. Hakimiyyət mənim həbsimə görə bu dərəcədə təpki gözləmirdi. Əli Həsənov Tapdıq Fərhadoğluna dedi ki, bu həbs onlar üçün böyük başağrısı oldu, bunu gözləmirdilər. Axı bunlar deyirdilər ki, “Turan” İnformasiya Agentliyi yoxdur, oxunmur,  yaxud vergi məsələsidir. Bəs nə oldu? Amma beynəlxalq aləmin bəyanatlarında bizim agentlik sonuncu qala, etibarlı, yeganə informasiya mənbəyi və s. kimi vurğulanırdı. Fakt budur ki, reaksiya bunlar üçün gözlənilməz oldu.


– Bank hesablarınızın açılması agentliyin fəaliyyətinin bərpası deyilmi?

– Xeyr, bərpa etmək üçün xeyli məsələlər var, onları həll etməliyəm. Onsuz da az işçi qalmışdı, sürünə-sürənə gedirdik.



“Turan”İA -nin informasiya siyasətində dəyişiklik olacaqmı?

– Bizə verilən qiyməti çalışacağıq ki, qoruyaq və gücləndirək.

Ana səhifəVideoMehman Əliyev: Hakimiyyətin planı fərqli idi