Mehman Əliyev: “Hakimiyyət Rusiyadan qorxur”

“Azərbaycanın Rusiya iqtisadiyyatına müəyyən dərəcədə sponsorluq etməsi faktdır”

Source:


“Azərbaycanın Rusiya iqtisadiyyatına müəyyən dərəcədə sponsorluq etməsi faktdır”


“Turan İA”nın direktoru Mehman Əliyevlə ölkədəki son durumu müzakirə etdik. Hakimiyyətin anti-qərb təbliğat kampaniyasını hansı amillərin doğurduğu, 1 noyabr seçkiləri və gündəmin digər məsələləri barədə sualları cavablandırnağa çalışdıq.

 –


Mehman bəy, Avropa Parlamentinin 10 sentyabr qətnaməsinə Azərbaycan prezidenti İlham Əliyevin “Bilik günü” məktəblilər qarşısındakı reaksiyası və Milli Məclisin bəyanatı hansı gözləntilərdən xəbər verir?

–   Əvvəla, ondan xəbər verir ki, Avropa strukturları-ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Avropa Şurası, Avropa Birliyi 1 noyabr parlament seçkilərini müşahidə etməyəcək. Ola bilər ki, ayrı-ayrı deputatlar və qruplar dəvət olunsun və yerli televiziyalar da onları göstərəcək.




Artıq ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkini müşahidə etməyəcəyi bəyanatını yaydı…

–  ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) bəyanatı aydındır. Ancaq ayrı-ayrı deputatlar dəvət olunması mümkündür və ya belələri öz təşəbbüsləri ilə 1 noyabr seçkilərində Azərbaycana gələ bilərlər. Mən bunu gözləyirəm, yəni “Azərbaycanın dostları” adıyla müşahidə edəcəklər. Eyni zamanda, MDB və Türkiyədən deputatlar gələcəklər, hakimiyyət bu baxımdan müşahidəçi toplayacaq. Əsas məsələ odur ki, ABŞ və Qərb institutları seçkiləri müşahidə etməyəcək, bu isə hakimiyyət üçün seçkiləri daha rahat keçirilməsi deməkdir, çünki beynəlxalq qiymətləndirmə olmayacaq.




Ümumiyyətlə, ATƏT-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə etməməsinin Azərbaycan hakimiyyəti və cəmiyyəti üçün müsbət və mənfi tərəfi nədən ibarətdir?

–  Təəssüf ki, Azərbaycanın yeni tarixində demokratik seçki keçirilmədiyindən ədalətli və şəfaff seçki ənənəsi yaranmayıb. Azərbaycan 1 noyabr seçkilərində də növbəti fürsəti əldən verir. Bu mənada cəmiyyət və Azərbaycan xalqı itirir. Ancaq Gürcüstanda, Moldovada, Ukraynada və hətta Qırğızıstanda bu ənənə yaranıb. Hakimiyyət isə qazanır, çünki DTİHB müşahidə etməyəndə onun seçkilərlə bağlı problemi xeyli az olur. 2013-cü il prezident seçkilərinə mənfi rəy verilmişdi, amma hakimiyyət parlament seçkilərində bu rəyi neytrallaşdırır. Bu məsələdə Avropanın da səyi çox olub.




Avropa nədən müşahidə etməmək üçün səy göstərib?

– Məsələlərə məntiqlə yanaşaq, əgər onlar 1 noyabr seçkilərinə müşahidəçi göndərsəydilər, o zaman kifayət qədər mənfi rəyin olacağı şübhəsiz idi. Deməli, Qərb seçkilərə mənfi rəyin verməkdən çəkinir. Bu, o deməkdir ki, Qərblə İlham Əliyev arasında əldə olunmuş razlıqlar var. Ki, seçkilərdən sonra Azərbaycanda iqtisadi və siyasi islahatlar aparılsın. İkinci, Azərbaycanda neft erası bitir, gələcək inkişaf qeyri-neft sektoru ilə bağlıdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün isə kifayət qədər azad bazarın qurulması, əmlakın, kapitalın qorunması, monopoliyaların götürülməsi və rəqabət şəraitinin yaradılması vacibdir. Bunlar isə siyasi yanaşmalarla bağlıdır, yəni çox ciddi iqtisadi-siyasi islahatlara ehtiyac var. Gündəmin tələbi belədir, əgər islahatlar aparılmasa, sosial-iqtisadi gərginlik artacaq, bu isə vəziyyəti çox pis həddə gətirər.




Siz yenə də nikbinsiniz və bu çıxışınızı oxuyanlar bir daha sual edəcək, Mehman Əliyev bu dəfəki nikbinliyinin əsasında nəyə əsaslanır, informasiyalara, yoxsa təhlillərə?

– Gəlin, proseslərə fəlsəfi nəzəriyyələrdən baxaq, bütün siyasi proseslərin əsasında iqtisadiyyat dayanır və siyasət iqtisadiyyatın xidmətçisidir. Ona görə də bugün Azərbaycanda iqtisadi tələblər nədirsə, siyasət də ona uyğun qurulacaq. İqtisadi tələb odur ki, neft dövrü və neftin gətirdiyi böyük pullar dövrü bitdi, onun üçün də başqa iqtisadi tələblər gündəmə gəlir.




Maliyyə Nazirliyinin təqdim etdiyi 2016-cı ilin büdcəsi 5 milyard azalıb, neft də 50 dollardan götürülüb…

– Nə azalıb?




Büdcə azalıb…

– Xeyr, siz manatla hesablayırsınız, 2015-ci ilin büdcəsi kəsirlə 22 faiz azalıb. Əgər ötən il büdcə dollarla 25 milyard, manatla 21 milyard manat idi, gələn il 16 milyard manat deyirlər, bu 9 milyard dollardır, daha çox azalıb.




Bütün bunlara rəğmən prezident bildirdi ki, gələn il hökumət yeni situasiyada işləyəcək və Azərbaycanda iqtisadi yüksəliş olacaq…

– Mən də Ümumdünya Bankının proqnozlarını götürürəm, onlar da hökumətlə razılaşdırılmış hesabat hazırlayıb. İnflyasiya birrəqəmlidir, 4 faizi keçmir, ÜDM-də bir az artım var, yəni bütün rəqəmlər sabit inkişaf göstərir, cüzi də olsa geriləmə yoxdur. Bəlkə dediklərim təəccüblü görünür, amma hökumət bunları həyata keçirmək üçün səylər göstərməlidir. Çünki artıq büdcəni neftin hesabına doldura bilməz.




Bu mənada hökumət konkret hansı addımları atmalıdır?

– Büdcədə oğurluq azalmalıdır. Büdcə 21 milyard manat olanda infrastruktur layihələrinə ayrılan vəsaitin 60-70 faizi oğurlanırdı. Deməli, real büdcə maksimum 14 milyard idi, qalanı oğurlanırdı. Gələn ilin büdcəsi onu göstərir ki, oğurluq səviyyəsi azalacaq. Düşünürəm ki, gömrükdən gələn vəsait daha şəffaf toplanacaq, hətta Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi gözlənilir, islahatlar aparılmalıdır.




Siz hakimiyyətin monopoliyanı aradan qaldıracağına inanırsınızmı?

– Azərbaycanda monopoliya çox ciddi problemdir, ya idarəolunan monopoliya olmalıdır, ya da qiymətləri endirməlidirlər. Necə ki, dərmanlarla bağlı bunu edirlər. Əvvəl üçqat qazanırdılar, indi 50 faizlə kifayətlənəcəklərinə işarə vururlar. Maaş və pensiyaları artırmaq istəmirlər, çünki bu, inflyasiya ilə nəticələnəcək. Hələ ərzaq bazarında qiymət endirimi görünmür, halbuki, dünya bazarı ilə müqayisədə Azərbaycanda yağın, şəkərin, buğdanın qiyməti bahadır. Ancaq Azərbaycan hakimiyyəti qiymətləri endirə bilər, əgər monopoliyaları idarə edəcəksə. Düzdür, sərbəst buraxılsa, daha yaxşı olar, çünki o zaman rəqabət olacaq. 90-cı illərin əvvəllərində bazarın sərbəst buraxılması şəraitində rəqabəti gördük. SSRİ dağıldığından həmin vaxt bazarlarda ərzaq çatışmırdı, onda kim bacarırdı İran və Türkiyədən mal gətirirdi və heç bir maneçilik də yox idi. Monopoliya olmadığından qiymətlər məqbul idi, insanlar dolana bilirdi. Əlbəttə, hakimiyyət buna getsə, çox yaxşı olar. Ancaq görünür dövlətin təsiri altında məmur-oliqarxlar tərəfindən idarəolunan monopoliya qalacaq və bununla qiymətlər aşağı salına bilər.




Yenidən siyasi məqama qayıdaq, şərhçilər Qərblə münasibətlərin pisləşməsində Rusiya amili və hakimiyyət daxilindəki “beşinci kalonu”nun fəaliyyətini daha çox qabardırlar. Siz bu yanaşmanı qəbul edirsinizmi?

–  Hakimiyyət Rusiyadan qorxur, bu, realdır. Rusiyaya qarşı tənqidi fikir səslənmir, nə hökumət, nə də parlament səviyyəsində. Baxmayaraq ki, Qarabağın və ətraf rayonların işğalı Rusiyanın Ermənistana birbaşa dəstəyi nəticəsində olub, konkret, Xocalı faciəsində Moskvanın iştirakı şəksizdir. Bunlar deyilməlidir, biz də dəfələrlə bu barədə danışmışıq, cəmiyyət də bu faktları qəbul edir. 2008-ci ilin Gürcüstan, sonra Ukrayna və hətta Suriya hadisələrində Rusiya kifayət qədər destruktiv rol oynayıb. Hakimiyyət isə bu məsələlərdə susur, deməli, Rusiyadan qorxurlar. Ümumiyyətlə, hakimiyyət Rusiya mövzusunda ehtiyatlı davranmağa çalışır. Ona görə şimal ölkə haqqında tənqidi fikirlər səslənmir. Qərblə münasibətləri bu formada göstərmək isə hakimiyyətin xeyrinədir, o mənada ki, “mövqeyimiz anti-Qərbdir, sizin mövqeyinizə yaxındır, bu baxımdan müttəfiqik” deyə ifadə edirlər.




Bu gedişlə Azərbaycan Avrasiya İttifaqına və ya Gömrük Sazişinə üzv olacaqmı?

–  Hələ real heç bir danışıq yoxdur və tələb də qoyulmur. Hazırda Rusiya-Azərbaycan ticarət dövriyyəsi çox artıb, bugün 4 milyarddır. Əslində, biz Rusiyadan aldığımız malları başqa ölkələrdən də ala bilərdik, daha keyfiyyətli və aşağı qiymətə. Ancaq Azərbaycanın Rusiya iqtisadiyyatına müəyyən dərəcədə sponsorluq etməsi faktdır, yəni bu ölkənin bazarına sərmayə qoyuruq. Hələ mən məmur-oliqarxların başqa formada qoyduğu sərmayələrdən danışmıram, bu iqtiqamətdə informasiyamız qıtdır. Amma Dövlət Neft Fondunun sərmayə qoyması faktdır. Rusiyanın marağı odur ki, biz onların iqtisadiyyatına daha çox dəstək verək, çünki ruslar hakimiyyətdəkilərin maliyyə imkanlarının hansı səviyyədə olduğunu və bunun nə qədərinin rəsmi və nə qədərinin oğurluq olduğunu bilirlər. Bu mənada onların davranışı spesifik xarakter daşıyır. İkinci, Rusiya Azərbaycan ərazisindən özünə təhlükə istəmir. Xatırlayırsızsa, apreldə Putinin hakimiyyətinin 15 illiyi ilə əlaqədar Rusiya kanallarında “Prezident” proqramı yayımlanırdı. Həmin müsahibəsində Putin Azərbaycanla bağlı kifayət qədər hədələyici ifadələr işlətdi, dedi ki, Azərbaycan ərazisindən onlara qarşı istifadə olunur. Bu müsahibənin səhəri Azərbaycanda anti-qərb kampaniyası başlandı. Azərbaycan hökuməti bununla göstərmək istəyir ki, heç də belə deyil. Bir daha təkrar edirəm, hakimiyyətin son addımlarında Rusiya amili rol oynayır, ancaq aparıcı rol deyil.




Yəni Azərbaycan hakimiyyəti Qərblə bütün “körpüləri yandırmayıb”…?

– Heç yandıra da bilməz. Baxın, Azərbaycanın iqtisadi dövriyyəsinə, 70 faizi Qərbə bağlıdır, Avropa Birliyi ölkələri ilə bu səviyyədə ticari dövriyyə varsa, deyilənlər fantastik bir şeyə bənzəyir. Hakimiyyətdəkilərin övladları hardadır? Prezidentdən başlamış nazirlərə qədər bütün məmurların uşaqları Avropadadır, Əli Həsənovun oğlu Çikaqoda deyil?! Kamaləddin Heydərovun oğlanları Londonda nə edir, gəlsinlər səngərlərdə otursunlar da. Ziya Məmmədovun oğlu Amerikada Azərbaycan üçün lobbiçilik edir?  Kimə lazımdır onun lobbiçiliyi? Baş nazirin müavini Əli Həsənovun bir neçə gün əvvəl diplomatlar haqqında dedikləri elə məmur övladlarına da aiddir. Necə yəni, uşaqları Avropada yaxşı həyat sürür, ataları da deyir ki, Avropa pisdir. Əgər dəyərlərdən danışırıqsa, niyə Avropa universitetlərində təhsil alırlar, gəlib Azərbaycanda təhsil alslnlar da. Bu, demoqogiya deyilmi?

Ana səhifəXəbərlərMehman Əliyev: “Hakimiyyət Rusiyadan qorxur”