“Mədət Quliyevin təyinatı İlham Əliyevin etibar etdiyi adamın az olduğunu göstərir”
“Əgər prezident Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasını əvvəlcədən planlaşdırmışdısa, artıq yeni nazir təyin edilməliydi. Çünki nazirlik başsız qalıb. Adi bir misal, Namiq Abbasov 2004-cü ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan gün Eldar Mahmudov təyin olunmuşdu”.
Bu fikirləri Meydan TV-yə “Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyev 17 oktyabrdan sonrakı hadisələri şərh edərkən bildirib.
Yeni nazirin kim olacağına gəldikdə, Mehman Əliyev ehtimal edir ki, aşkar namizəd yoxdur: “Əgər ölkə rəbərliyi Mahmudova etimadsızlıq göstəribsə, onun müavinlərindən hec kəs bu vəzifəyə layiq görülməyəcək. Kənardan namizədlər sırasından isə generallar Ramil Usubovun, Məhərrəm Əliyevin və Vahid Əliyevin adları cəkilir. Son ikisi prezidentin müşavirləri siyahısına daxildir, Usubov isə ölkə rəhbərliyinin ən etibarlı adamlarından biri olaraq qalır, böyük təcrübəyə, o cümlədən aparat oyunları sahəsində və hakimiyyətin üst qatlarında vəziyyət barədə informasiyaya malikdir. Amma peşəkarlıq baxımından onların hec biri MTN rəhbərı vəzifəsinə uyğun deyil, cünkü kadr çekisti deyil. Hərcənd ki, Vahid Əliyev bir müddət Naxçıvanda MTN-nin başçısı olub”.
“Generalitet arasında bu vəzifəyə uyğun olan namizədin adını çəkmək çox çətindir. Bəlkə də bir nəfəri peşəkarlıq baxımından MTN rəhbəri vəzifəsinə layiq hesab etmək olar. Söhbət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadədən gedir. KQB orqanlarının yetişdirməsi olan Tağızadə təhlükəsizlik sistemindən gedəndə özü baradə bacarıqlı peşəkar rəyini formalaşdırmışdı”,-deyə “Turan”-nin direktoru bildirib.
Mehman Əliyev düşünmür ki, hakimiyyətin yeni nazir təyinatını gecikdirməsi ictimaiyyəti gözlətmək məqsədindən irəli gəlir: “İndiki prezident atasından fərqli olaraq daha az ictimai rəylə hesablaşır. Onun cəmiyyətin hansısa dəstəyini almağa ehtiyacı yoxdur. Həm də Azərbaycanda hakimiyyətin cəmiyyətin istəyi ilə nazir təyin etmək, yaxud etməmək ənənəsi yoxdur. Sadəcə, fakt odur ki, nazir təyinatı yoxdursa, Mahmudovun çıxarılması qərarı qəflətən qəbul olunub. Bu, Astanada MDB dövlət başçılarının toplantısından dərhal sonra baş verib, yəni nə informasiya olubsa, Qasaxıstanda olub”.
Mehman Əliyevin fikrincə, Mədət Quliyevin təyinatı İlham Əliyevin etibar etdiyi adamın az olduğunu göstərir: “Mədət Quliyev nazir təyinatına qədər MTN-ni nəzarətdə saxlamaq və müvəqqəti kadr təyinatına rəhbərlik etmək üçün ora göndərilib. Amma Mədət Quliyevin birinci müavin təyin olunması ilə heç nə dəyişməyəcək. Çünki sistemin siyasi və iqtisadi məsələlərə münasibəti dəyişməlidir”.
Ötən həftədən başlanan prosesdə hakimiyyətin cəmiyyəti müəyyən qədər informasiyasızlıqda saxlamaq məqsədinə gəldikdə, Mehman Əliyev bildirib ki, başlanan cinayət işi iqtisadi yöndə gedəcək: “Ancaq, bu, əsas məsələ deyil. Çünki hadisələrə iqtisadi yöndən baxanda, bütün məmurlar istefaya göndərilməli və ardınca haqlarında istintaq araşdırılması aparılmalıdır”.