Mehman Əliyev: “Azərbaycanda bütün KİV potensial olaraq bağlanmaya namizəddir”

Milli Məclis “KİV haqqında” Qanunu sərtləşdirdi

Source:


Milli Məclis “KİV haqqında” Qanunu sərtləşdirdi

Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərə etiraz edib.


Modern.az

 saytının məlumatına görə, deputat bildirib ki, əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanlarını məhkəmələr ikinci dəfə cəzalandıra bilməz.

Onun sözlərinə görə, qəzetdəki bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun deyil: “Bu vaxta qədər 3 dəfə idi, indi isə dəyişikliyə görə 2 dəfə olacaq. Bunun nə mənası var?! 2 dəfə məhkəmə iddiasından sonra media orqanının bağlanması absurddur. Belə bir təcrübə özünü doğrultmursa, bu dəyişikliyi niyə etməliyik?”

Partiya sədri bildirib ki, beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsinə dəyişikliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaradılır: “Onlarda belə təəssürat yaranır ki, Azərbaycanda KİV haqqında qanunvericilikdə mürtəce dəyişikliklər edilir. Buna niyə şərait yaratmalıyıq? Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur. Bu qanun layihəsinin heçbir mənası yoxdur”.

Deputat Zahid Oruc isə deyib ki, qanun layihəsindəki dəyişiklik heç bir mürtəce xarakter daşımır. O bildirib ki, bəzi media qurumlarının xarici kəşfiyyata xidmət etdikləri müşahidə edilib.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan mediasında bəzi deputatlar haqqında mənfi fikirlər formalaşdırılır: “Deyirlər ki, guya parlamentin bir çox deputatı çıxış etmir, aktiv deyil. Bu, təhqirdir”.

Milli Məclis sədri Oqtay Əsədov vurğulayıb ki, media orqanlarının belə iddialarla çıxış etməsi düzgün deyil.

Spikerin müavini Bahar Muradovanın fikrincə, bəzi qüvvələrin bu qanuna dəyişiklik edilməsini mürtəcelik kimi dəyərləndirməsi anlaşılan deyil: “Kim qanun pozmayacaqsa, o cəzalanmayacaq. Bəzilərinin şivən qoparmasını anlamıram. Bəziləri mətbuat adından danışmağa başlayır. Bu nəyə lazımdır axı? Hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır”.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyi normal addım kimi dəyərləndirib. “Jurnalistlər hamını tənqid edə bilər, amma təhqir yox”.

Deputat Aqil Abbas bildirib ki, qorxu, vahimə yaradan informasiyalarla bağlı cəza tədbirləri də nəzərdə tutulmalıdır.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qanun layihəsinə deputatlardan 1-i əleyhinə, 94-ü isə lehinə səs verib. Bir nəfər isə bitərəf qalıb

Qanun layihəsini Meydan TV-yə şərh edən “Turan İA”-nın direktoru Mehman Əliyev sənəddəki dəyişiklikləri absurd və Konstitusiyaya, qanunvericiliyin məntiqinə zidd adlandırıb: “Bu qanuna əsaslansaq, Azərbaycanda bütün KİV potensial olaraq bağlanmaya namizəddir. Çünki əksər media orqanlarında qanun pozuntuları var, bura televiziya kanalları da, çap mətbuatı da aiddir”.

Mehman Əliyev Azərbaycanda müstəqil məhkəmənin olmadığını xatırladaraq bildirdi ki, beynəlxalq təhqiqatlar da, Avropa Məhkəməsinin qərarları da bunu göstərir: “Ona görə icra hakimiyyətindən asılı məhkəmələr medianın qapadılması üçün bir alətə çevrilir. Məsələn, mənim İqtisadi İnkişaf Nazirliyi ilə məhkəməm oldu, sübut etdim ki, həm bu nazirlik, həm də Vergilər Nazirliyi sənədləri saxtalaşdıraraq saxta qərar veriblər. Faktı ortaya qoyandan sonra məhkəmə barışığa çağırdı, mən prosesdə deyirdim ki, necə barışaq, bu, cinayətdir ki, yüksək səviyyəli məmurlar sənədləri saxtalaşdırıb qərara təzyiq etmək istəyirlər. Nəhayət, bildirdim ki, o zaman barışığa gedərəm ki, onlar öz vəzifələrini yerinə yetirəcəklərinə söz verəcəklər. Ancaq hakim qeyri-qanuni qərar çıxardı. Bununla bağlı prezidentə şikayət etdim, Nazirlər Kabineti araşdırma aparıb və bunların nəticəsi göstərdi ki, nazirlik qanun pozuntusuna yol verib. Belə olduğu halda mən hansı məhkəməyə inana bilərəm?”

Mehman Əliyev deputatların dəyişikliyin müzakirəsi zamanı mediaya ünvanlandıqları ittihamlara da cavab verdi. Onun sözlərinə görə, Azərbaycan mətbuatında bir prinsip pozulur – o da həqiqətə xidmət prinsipi: “Qanunla televiziya və çap mediasının yalan danışması, yalan məlumat yayması qadağan olunur. Yalan danışmağın səbəbi odur ki, mediada plüralizm və balans təmin olunmur. Azərbaycan mediası kütləvi şəkildə ölkədə çaşqınlıq yaradır, düzgün informasiyalar vermirlər, kanallara və qəzetlərə baxın, dediklərimi görəcəksiniz. O zaman qəzetlər və televiziyalar qapanmalıdır? Axı qanundakı dəyişikliklərin məntiqi bunu tələb edir”.

Mehman Əliyev Milli Məclis qarşısında tələb və təkliflə çıxış etdi: “Parlament komissiya yaratsın və aparıcı mütəxəssisləri cəlb etsinlər. Araşdırılsın görək, KİV müvafiq qanuna riayət edirmi? Fakt budur ki, media qanuna riayət etmir. Siz hansı televiziyada müxalifəti, yaxud tənqid olunan opponentlərin cavablarını görərsiniz? Yaxud “Yeni Azərbaycan”, “Səs”, “Azərbaycan” qəzetlərində plüralizm qorunur? Kim nə istəyir yazır. Bu, normaldırmı? Bir daha deyirəm, Azərbaycan KİV-də əsas pozuntu vətəndaşlara düzgün informasiya çatdırmamaqla bağlıdır, bu isə cəmiyyətdə çaşqınlıq yaradır və nəticədə doğru olmayan qərarlar çıxarılır”.

Ana səhifəXəbərlərMehman Əliyev: “Azərbaycanda bütün KİV potensial olaraq bağlanmaya namizəddir”