Mənbə: Meydan tv

Mehman Əliyev: Azərbaycan mediasını “qara kassalar”dan maliyyələşdirirlər

Mehman Əliyev: Azərbaycan mediasını “qara kassalar”dan maliyyələşdirirlər

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Bu il mətbuatın yaranmasının 146-cı ildönümüdür. Bu münasibətlə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Meydan TV-nin suallarını cavablandırıb.

  • Mehman bəy, hələ 2018-ci ilin 22 iyulunda “Altun” sarayında keçirilən tədbirdə dövlət başçısının köməkçisi Əli Həsənov deyirdi ki, Azərbaycan mediası dünya səviyyəsinə qalxıb. Oxşar açıqlama bugünlərdə ADA-da  Mətbuat Günü ilə bağlı tədbirdə də səsləndi. Ötən 3 ildə Əli Həsənov vəzifəsindən kənarlaşdırıldı, Vüqar Səfərli həbs olundu, onun sədri olduğu fondun əsasında yeni agentlik yarandı. Bu prizmadan yanaşdıqda Azərbaycan mətbuatında hansı dəyişikliklər olub?

      Onların dediyi beynəlxalq səviyyəyə baxır hansı tərəfdən yanaşırsan. Hazırda Azərbaycan söz azadlığı indeksinə görə beynəlxalq səviyyədə 168-ci yerdədir. Əslində, layiqli yerdir. Çünki hakimiyyətin uzun illərdir apardığı siyasət ona yönəlirdi ki, Azərbaycan bu sıralarda olsun.  Onsuz da bütün göstərcilərə görə “öndəyik” - korrupsiya və s. Yəni nöqsanlı nə varsa, beynəlxalq standartlara mənfi nöqteyi-nəzərdən, hamısına cavab veririk. Azərbaycan mətbuatı o gündədir ki, çap mətbuatı ölüb, onu süni şəkildə öldürüblər, təkamül yoluyla meydandan çıxmayıb. Aparılan səhv siyasət nəticəsində çap media bir institut kimi artıq yoxdur. Hüquqşünas Ələsgər Məmmədli ilə birgə bugünlərdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla görüşdük. O dedi ki, gələcəkdə ayrılan vəsait çap medianı elektron vəziyyətə keçirməyə yönəlib. Artıq özləri də başa düşürlər ki, çap medianı bərpa etmək mənasızdır. Əslində, mümkündür, amma mənasızdır. Geriyə getmək nəyə lazımdır? Medianın durumu barədə yaxın günlərdə kiçik tədqiqat yazdım, iqtisadi və reklam bazarının vəziyyəti ağır olaraq qalır, yaxşılığa doğru heç nə baş vermir. Dövlət Statistika Komitəsinin məlumatına görə ildə bütün mediaya 12 milyon manata yaxın ayrılır, onun 90 faizi televiziyalara düşür, bu, medianın hansı vəziyyətdə olduğunu göstərir. Beləliklə, Azərbaycan mediasını bu gün “qara kassalar”dan, korrupsioner pullardan  maliyyələşdirirlər. Beləliklə, media kifayət qədər çox pis durumdadır. Məsələ ondadır ki, 90-cı illərdə media rəqabət əsasında yarandı, inkişaf etdi, gücləndi, keyfiyyətini artırdı. Ancaq süni media da var, hansı ki, heç bir rəqabət yoxdur, pulunu verib sifariş edirlər. Bura qeyri-sağlam insanların axını çox böyükdür. Nəticədə qeyri-sağlam münasibətlər həmin mediada at oynadır, bu, real vəziyyətdir. Ancaq hakimiyyət özü də bu durumdan narahatdır. O mənada ki, media bir tərəfdən təsirini itirib, hakimiyyətin istədiyi kimi ictimai rəyə təsir edə bilmir, keyfiyyət düşüb. Artıq başa düşürlər ki, bu qədər vəsaitin xərclənməsi səmərəsizdir. Ona görə də hakimiyyətdə bir sıra suallar var; nə etmək, hansı yolu getmək, vəziyyəti necə düzəltmək? Əslində, hakimiyyət istəyir ki, media işləsin, ictimai rəyə təsiri qalsın, amma özünün istədiyi kimi. Yəni hakimiyyətin mövqeyini ifadə edən media olsun.     

  • Bildiyim qədəri ilə siz və Ələsgər Məmmədli Əhməd İsmayılovla görüşmüsünüz, razı qaldınızmı söhbətdən?

      Xeyr, çünki xeyli suallar qaldı. Bir şeyi başa düşdük ki, media haqqında qanunun hazırlanması qapalı şəkildə aparılıb və bununla bağlı müzakirələrin getməsi barədə deyilənlərə də inanmıram.

  • Əhməd İsmayılov APA-nın kollektivi ilə görüşüb və xəbər yayıldı ki, layihə müzakirə olunub...

      Bizimlə də görüşüb, müzakirə olub, amma qanun layihəsini görməmişik. APA-nın işçilərindən soruşun görək onlar qanunu görüblərmi? Əgər layihə kollektivdə müzakirə olunubsa, deməli, onlar qanunla tanış olmalıdır. İndi soruşun görək, layihəni görüblərmi, sizi nə narahat edir, layihə nədən ibarətdir, nələr qane edir, yaxud etmir...?

  • Onlar deyirlər ki, Əhməd İsmayılovun suallarımıza cavablarından razıyıq...

      Mən yenə deyirəm, müzakirə predmetli şəkildə aparılmalıdır, yəni layihə ortada olmalıdır, onu oxuyub təhlil etməlisən, sonra fikrini bildirməlisən. Başqa cür olmur.

  • Məsələ ondadır ki, hüquqşünas Ələsgər Məmmədli Əhməd İsmayılovla söhbətdən razı qalıb, ancaq siz əksini deyirsiniz, bunu necə anlayaq?

      O mənada razı qalmıram ki, söhbətin əvvəlində və sonunda mən o layihəni görmədim. O, bizi müzakirəyə dəvət etmişdi. Nəyi müzakirə etdik? Qanun layihəsini görmədim və indiyə qədər də görməmişəm, vermirlər. Bu, onu göstərir ki, hakimiyyət formal olaraq müzakirələrin aparıldığı görüntüsünü yaradır, media da dəstək verir. Bu da xarici təşkilatlara hesablanır ki, görürsünüz, bizdə müzakirə gedir və dəstək də var.

  • Bəs siz onunla nəyi müzakirə etdiniz?

      Medianın ümumi vəziyyətini və aparılan siyasət bizi hara gətirib çıxarıb. Eyni zamanda, qanun layihəsindən söz düşəndə Əhməd İsmayılov vahid reyestrin, vahid vəsiqənin yaradılamsına necə münasibət bəsləməmizi soruşub, bu tipli sohbət olub. İkinci vacib məsələ mediaya iqtisadi yardım müzakirə olunanda mən dedim ki, siz KİV-ə Yardım Fondunun xəttini davam etdirirsiniz, indiyə qədər vəsait ayrılsa da, media daha da pis vəziyyətə düşüb. Əslində, mən əvvəldən bu siyasətin əleyhinə çıxmışam. Hətta fondun İdarə Heyətinin üzvü olmaq təklifini də etmişdilər, şərt qoydum ki, azad, ədalətli, keyfiyyətli və məsuliyyətli media yaranırsa, hazıram, əks təqdirdə, iştirak etmirəm. Mən jurnalistlərə mənzil verilməsinin, pulların ayrılmasının əleyhinə idim, mediaya şərait yaradılmalıdır ki, jurnalistlər özləri pul qazanıb varlansın, maşın da, ev də alsınlar.

  • Danışıqlarınızı Əhməd İsmayılova deyəndən sonra reaksiyası necə oldu?

      Dedi ki, bu barədə düşünürlər, indi vəsaiti müvəqqəti veriblər, çünki bu, çap mediadan elektron mediaya keçiddir, gələcəkdə başqa cür olacaq. Amma necə olacağını mən bilmirəm, fakt odur ki, müvəqqəti addım olduğunu söylədi. Mən yenə də mediaya şəraitin yaradılmasının tərəfdarıyam.

  • Sizcə, qanun layihəsinin müzakirəsi niyə gizli aparılır, məqsəd nədir?

      Əvvəla, bir məsələyə diqqətinizi yönəldim, Medianın İnkişafı Agentliyi yarananda prezidentin fərmanı oldu və əsasnamə təsdiqləndi. Həmin sənəddə söz azadlığı və medianın müstəqilliyi ifadələri çıxarılıb, daha çox texniki məsələlər qabardılıb. Bu, geriya atılan addımdır. Məgər, medianın problemi texnikidir? Xeyr, problem medianın peşə əxlaqı normalarına riayət olunmamasıdır. Hakimiyyətin maliyyələşdirdiyi media orqanları peşə qaydalarını kobud şəkildə pozurlar. Əhməd İsmayılova da dedim ki, bu qədər vəsait ayırmaqla, qanun pozuntularına dəstək verirsiniz. Ona görə vəsaitlərin ayrılmasından əvvəl monitorinq aparılmalıydı, peşə normalarına əməl etməyən media qurumlarına heç bir dəstək verilməməliydi, münasibət başqa cür olmalıydı.

  • Ümumiyyətlə, “Media haqqında” qanunun yenilənməsinə ehtiyac varmı?

      Bugünkü gündə informasiya cəmiyyəti, informasiya istehsalçıları və KİV hardadırlar, hansı şəraitdədir, Azərbaycanın da o cümlədən, problemləri nədən ibarətdir? Biz bugünkü gündən danışırıqsa, dünyada informasiya məkanı çevik şəkildə dəyişir, biz isə xeyli geridə qalırıq. Vəziyyətə uyğunlaşmalıyıq, ona görə nəsə hazırlayanda, 5-6 addım önə baxmalıyıq. Birinci növbədə informasiya cəmiyyətinin inkişafı konsepsiyası olmalıdır. İkinci, konsepsiya bütün sferaları əhatə etsə də, hər sfera üzrə proqramlar olmalıdır, junalistika yaradıcılığı böyük problem olaraq qalır, qanunvericilik, təhlükəsizlik, informasiya təhlükəsizliyi, dövlət və media, cəmiyyət və media münasibətləri necə tənzimlənməlidir, bu suallar hələ açıq qalır. Bax, bunların çərçivəsində qanun lazımdır.

  • Əvvəlki qanundakı müddəalara uyğun media mühiti vardımı?

      Əslində, bizdə qanunlar var, bəs jurnalistlər həmin qanunları oxuyubmu? Jurnalistlərin 80-90 faizi qanunları oxumayıb, xəbərləri yoxdur, amma fəaliyyət göstərirlər. Jurnalistlərdən soruşun, peşə normalarını bilirlərmi, 4 prinsipin adını çəksinlər, bilməyəcəklər. Bu, o deməkdir ki, jurnalistlər qanun çərçivəsində fəaliyyət göstərmirlər, formaldır. Əgər hakimiyyət jurnalistləri yalan danışmağa, insanları aldatmağa, çaşdırmağa, təhqir etməyə məcbur edirsə, buna görə pul verirsə, o zaman qanun nəyə lazımdır? Kimə lazımdır belə qanun? Açın televiziya kanallarını, niyə insanlar baxmırlar? Əhməd İsmayılovla söhbətdə televiziya auditoriyasına baxışın 25 faiz olduğunu söyləyəndə, Ələsgər Məmmədli 9 faizə endiyini dedi. Bizim evdə kanallara baxan yoxdur, hamı “Youtube” baxır. İnsanlar artıq nəyə baxacağıını özləri seçir. Sual yaranır, niyə televiziyalara baxmırlar? Çünki bu gün cəmiyyəti aldatmaq mümkün deyil. Cəmiyyət balans, düzgünlük, obyektivlik, plüralizm axtarır. Tarif Şurası qiyməti qaldıranda, ictimaiyyət bilmək istəyir ki, qərar əsaslıdır, yoxsa əsassızdır. Amma hakimiyyətin maliyyələşdirdiyi media bunları verə bilmir. Ona görə də cəmiyyətlə dövlət arasında böhran yaranıb. İnformasiya cəmiyyəti dövlətin təqdim etdiyi mediadan lazımı qədər bəhrələnə bilmir, bu mənada özü axtarır və paylaşır. Siz indi bunları necə idarə etmək istəyirsiniz? İstəyirsiniz ki, cilovlayasınız, insanlar danışmasın, mübadilə aparmasın, nə etmək istəyirsiniz? Mənim üçün aydındır, qanun barədə informasiya alıram, söhbət ondan gedir ki, Əhməd İsmayılovla açıq, predmetli danışıq olmayıb. Ondan sonra da qanun layihəsini göndərməyiblər. Mən sənədin ictimai müzakirəyə çıxarılmasını söylədim,  o, normativ orqana verdiyini, agentliyin isə müzakirələri təşkil etdiyini dedi. Yenidən normativ orqana qaytaracaqlar, ordan da Milli Məclisə. Niyə dolayı yolla gedirik, olmazmı birbaşa cəmiyyətə təqdim etsinlər? Qoy müzakirədən keçsin, nəticədə İşçi Qrupu bütün təklifləri, iradları səsləndirsin, sonra parlamentə göndərilsin, bunu da dedim. Ancaq qanunverici orqanda da ekspertlərin iştirakı təşkil olunsun, deputatların hamısı o sahədə biliklidirlərmi?! Əslində, qanunun hazırlanmasında normal ekspertlər iştirak eməlidir, hər istiqamət üzrə. Nəhayət, qanun medianın və informasiya cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmamalıdır, daha da yol açmalıdır ki, sağlam inkişaf getsin.       

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zi6l5e

Ən çox baxılan