Mehman Əliyev: ”Azərbaycan hansısa meydançaya çevrilə bilər”


“Güman edirəm ki, hakimiyyət gələn ildən Amerika ilə insan haqları və demokratiya barədə danışıqlara başlayacaq”



2015-ci il siyasi-iqtisadi hadisələrlə zəngin oldu. Siyasi baxımdan hakimiyyət daxilində kadr və struktur dəyişiklikləri, yüksək çinli məmurların həbsləri, iqtisadi-maliyyə baxımından son 10 ayda 2 dəfə devalvasiya qərarı gündəmin hələ də müzakirə predmetidir. “Turan İnformasiya Agentliyi”nin direktoru Mehman Əliyevlə bu məsələlərin yaratdığı sualları ilin yekunları baxımından cavablandırmağa çalışdıq.



Mehman müəllim, 2015-ci ili hansı müsbət və mənfi hadisələrə yola salırıq?

–  Müsbət heç bir şey yoxdur. İlin nəticələri haqda xülasəni hazırlayanda maraqlı məqamlarla rastlaşdım, biri var ay və günbəgün izləyirsən,  biri də var ilə baxış, günlərlə izlədiyini aylıq xülasəyə daxil edirəm, ayların mənzərəsi əsasında isə ilin xülasəsini yaratdım. Acınacaqlı odur ki, prezident başda olmaqla rəsmilər çətin il olacağını deyirdilər, ancaq bu çətinliyin dərinliyini dərk etməmişdilər. Həm də gedişat hakimiyyətin çətinliyə hazır olmadığını göstərdi. Bundan əlavə, Yaxın Şərq və Azərbaycan ətrafında gedən prosesləri nə dərindən anladılar, nə də strateji yanaşma sərgiləyə bildilər. Görünür, hakimiyyət daxili və xarici siyasətdə regional və beynəlxalq oyunçuların tam istəklərini o qədər dərk edə bilmədilər. Bu hədəfləri və çətinlikləri keçmək üçün gərəkli tədbirlər görülməmişdi. Hökumət sanki düşünürdü ki, birtəhər ili başa vurarlar. Nəyəsə ümid edirdilər.



Yaxud prezident İlham Əliyev də idmançılar qarşısında “biz elə bilirdik ki, neftin qiyməti 50 dollarda qalacaq” fikirləri də həmin düşüncədən doğmurmu?

–  Görürsənmi, “biz elə bilirdik ki” ifadəsi işlənilməməliydi. Bunu mən deyərəm, yaxud ulduz fallarında söylənilə bilər. Hakimiyyətin isə institutları var, “Turan” İnformasiya Agentliyinin institutu yoxdu, 5-6 nəfər işçimiz var, darmadağın etdilər, əvvəl onlarla işçimiz vardı. Əgər bu vəziyyətdə bunları görüb narahatlığımızı ifadə ediriksə, o boyda dövlətin strukturları nə işlə məşğuldur?! Yalnız iqtisadi sahədə xeyli institutları var, gəlin sayaq: iqtisadi inkişaf, maliyyə nazirlikləri, Mərkəzi Bank, ARDNŞ, Nazirlər Kabineti, MTN-nin tərkibində İqtisadi Təhlükəsizlik İdarəsi və nəhayət, prezidentin müşavirləri, Strateji Araşdırmalar Mərkəzi. Bunlar nə işlərlə məşğuldurlar, nəyə görə maaş alırlar?! Əgər proqnoz verib, vəziyyəti izah edib, qarşısını ala bilmirlərsə, bu, faciədir.



Bu baxımdan prezidentin köməkçisi Əli Həsənovun 2016-cı ilin çətin olacağı barədə fikirlərinin arxasındakı mesaj nədən ibarətdir?

–  2015-ci ilin də çətin olacağını demişdilər, xatırlayırsınızsa, prezident yanvarın 10-da sınaq ili olması barədə anons verdi. Düzdür, çətin olacağını başa düşürlər, ancaq vacib addımlar atılmadı, problem bundadır. İndi isə təbirlər planı irəli sürülməliydi.



Nədən ibarət olmalıdır bu plan?

–  Mənim narahatlığım odur ki, hökumət dərin islahatlara hazır deyil. Yenə birtəhər hansısa formada, nəyisə güzəştə getməklə, iqtisadiyyatın və cəmiyyətin azadlığını əldən verməməklə ili yola vermək istəyirlər. Əsas məsələ odur ki, dövlət və xalqın naminə yox, şəxsi maraqlar üçün nəyin bahasına olursa olsun, hakimiyyəti əldə saxlamaq istəyirlər. Bax, bu, ciddi problemdir.



İl həm də məmurların həbsləri, iri nazirliklərin rəhbərliyinin, strukturunun dəyişdirilməsi, bir nazirliyin isə səlahiyyətlərinin məhdudlaşdırılması ilə yadda qaldı. Proses davam edəcəkmi?

–  Proses ondan başladı ki, neftin qiymətlərinin zərbəsi ilə hakim sistemdə çat yarandı. Maliyyə sistemi neftin qiymətinin yüksək olması hesabına qurulur, milyardlar içində oğurlanma adi hala çevrilir. Və neftin qiyməti düşməyə başlayanda xarici kapital Azərbaycandan qaçdı. İnvestorlar birinci növbədə Beynəlxalq Bankdan pullarını sürətlə çıxardılar, bu, bank sistemini çökdürən əsas amildir. Arxasınca da azalan neft gəlirləri sistemdə yaranan çatları aradan qaldıra bilmirdi və problemlər daha qabarıq üzə çıxdı. Bir də baxdılar ki, filan məmur 1 milyardı, digəri 2 milyard oğurlayıb, başladılar həbslərə. Onsuz da layihələrdə büdcə pulları oğurlanırdı, bundan əlavə, oğurlanan vəsaitlərin qaytarılması tələb olundu. Oyun qaydalarını pozduğu üçün qaytarmalıdırlar, oğurladıqlarına görə yox. Çünki hamısı oğrudurlar, məmur korpusunda oğru olmayan yoxdur. Sadəcə, qaydaları pozanlara qarşı sərt hərəkətlər edilir, bunun xalqa və dövlətçiliyə aidiyyatı yoxdur. Bu məsələlərə sistemin təmizlənməsi kimi yanaşılmamalıdır.



Bu il müxalif düşərgənin fəaliyyətini necə şərh edirdiniz?


– Müxalifət parçalanmış, passiv vəziyyətdədir. Passiv o demək deyil ki, mitinq etmir. Müxalifət ortaya antiböhran proqramı qoymur. Gözləməlidir ki, bohran nəticəsində hakimiyyət itirilsin, özləri iqtidarı götürsün? Bu, düzgün deyil. Yəni alternativ təkliflər paketi, konkret işlənmiş sənədlər hazırlanmalıdır. Müxalifət xalqa alternativ göstərməliydi, xalq indi çaşqın durumdadır.



Müxalifət hakimiyyətin onu dinləmədiyini bəyan edir…

–  Müxalifət ona görə olmur ki, hakimiyyət onu dinləyir. Müxalifət tədbirlər planını ictimaiyyətə çatdırmalıdır ki, ay xalq, alternativ bundan ibarətdir və bu olacaqsa, gözləntilərin doğrulacaq. Bax, xalq üçün istiqamətlər yoxdur. Bəlkə istiqamətlər olsa, xalq seçimin düzgün edəcək və hakimiyyətdən tələb edəcək ki, filan işləri gör. İkinci, proqramı ortaya qoyandan sonra müxtəlif formalarda tələblər başlanır və bunu həyata keçirmək üçün xalqın dəstəyini almalısan. Bu, hakimiyyətə gəlmək proqramı deyil, sistemi dəyişmək proqramıdır. Sistem dəyişəndə isə hamı üçün yaxşı olacaq. Bizə sağlam və normal dövlət lazımdır. Yoxsa səhər yuxudan oyanırsan ki, 48 faiz kasıblamısan. Bu, çox ciddi məsələdir. Niyə Ermənistanda bu cür kasıblaşma baş vermədi? Ermənistanda 2009-cu ildən 50 faiz devalvasiya olub və buna uyğun maaşlar da artıbsa, Azərbaycanda son 10 ayda 90 faizdən çox devalvasiya olub. Belə olmaz, hələ arxası da gəlir. Səudiyyə Ərəbistanı büdcəsində neftin qiymətini 29 dollardan götürüb, deməli, neftin qiyməti 20-40 dollar civarında oynayacaq. Sabah neftin qiyməti 20 dollara düşsə, nə edəcəyik?



Amma rəsmilər hökumətin antiböhran planının olduğunu deyirlər…

–  İndi başlayıb təkliflər səsləndirirlər. Mənə bir az Ümumdünya Bankı ilə imzalanan 5 illik çərçivə sazişi ümid verir. Sənəddə hökumət tərəfindən vəziyyəti sabitləşdirmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün hansı addımların atılması qeyd olunub. Düzdür, bankın saytında hesabat var, amma hökumət konkret gedişlər etməlidir, söhbət qərarlardan gedir. Məndə olan məlumata görə bunun üstündə iş gedir. Əvvəllər də nəsə ediblər, ancaq bu dəfə vəziyyət kifayət qədər ciddidir, artıq illizüyalar dövrü keçdi. OPEC-n sonuncu hesabatında neftin istehsalının ildən-ilə düşdüyü göstərilir, Yəni qiymətlər qalxsa belə, biz itkilərə məruzuq. Ancaq qeyri-neft sektorunun inkişafı vacibdir ki, bu da sərbəst və azad bazar iqtisadiyyatı formasında. Şərtlərdən birincisi inhisarçlığın götürülməsi, azad bazar rəqabətinin yaradılmasıdır. Ardınca biznesin təhlükəsizliyi təmin olunmalı, azadlıq formalaşmalı, nəzarət və yoxlamalar aradan qaldırılmalıdır. İnsanlara öz bacarığını ifadə etmək imkanı verilməlidir. Yəni istedadlı insanlar ortalığa çıxmalıdır, bu ölkəni yalnız istedadlılar böhrandan çıxarda bilər. Vaxtında bunlar edilsəydi, heç vaxt indiki vəziyyətə düşməzdik.



Əgər dedikləriniz gerçəkləməsə, yuxarıda xatırlatdığınız sistem çatı böyüyə bilərmi?

–  Problem ondadır ki, çat qaçılmaz şəkildə böyüyür. İlham Əliyev böyük dövlətlərin neftin qiymətinin düşməsində marağından danışdı. Bəli, ABŞ-ın marağı var, Vaşinqtonun strategiyası dünyada demokratik ölkələr məkanını qorumaqdır. Demokratiya o deməkdir ki, idarəetməni beynəlxalq qanunlar, prinsiplər və qaydalar əsasında qurursan. Biz bu prinsipləri qəbul etmişik, öhdəlik götürmüşük, konvensiyalara qoşulmuşuq, ancaq əməl etmirik, problem bundan ibarətdir. Demokratiya odur ki, beynəlxalq prinsipləri qəbul edib dünyaya açıq olursan. Amerikanın iqtisadi-siyasi maraqları da bunun üzərində qurulub. Vaşinqton deyir ki, silahlı qüvvələrlə yox, demokratiya vasitəsilə maraqlarını təmin edirlər. Demokratiya ilə təmin etmək Gürcüstanı və Azərbaycanı istismar etmək deyil. Bu respublikaların nəyi var ki, istismar da etsin? Fəlsəfə ondan ibarətdir ki, bu dövlətlərin vətəndaşları varlı olsun, daha 5 faiz yox. O zaman Amerika da varlı olacaq. Baxın, Amerika və Yaponiyaya, bu iki dövlətin İkinci Dünya Müharibəsindən sonrakı münasibətləri ilə indiki münasibətlərini müqayisə edin, indi bunların forma və şirkətləri dərin əməkdaşlıq edirlər, dünya qloballaşıb. Hamı bilir ki, qloballaşan sistemdə Amerikanın payı çox böyükdür. Amerikaya varlı istehlakçı bazarı lazımdır və bizim kimi ölkələrin də varlı olması onun marağına cavab verir. 5 faiz varlı olanda isə əks proseslərə start verilir, bunlar özlərinə bahalı maşınlar alır, xaricdə və öz məmləkətində villalar inşa edir, vəssalam! Varlı istehlakçı təbəqə olanda onlar gündəlik tələbat malları alacaq, soyuducu, televizor, maşın, qaz piltəsi və s. Son 10 ildə neft gəlirləri hesabına əhali kreditlərlə bunları alırdısa, o dövr bitdi, deməli, biz ala bilməyəndə o da satmaq imkanından məhrum olacaq. Amerika üçün bazar Ərəbistan, Hindistan, Azərbaycan kimi ölkələrdir, amma bu, o demək deyil ki, özün istehsal edə bilməzsən. Rusiyada nə qədər zavod açıblar, özləri istehsal edirlər və nəticədə iş yerləri açılır. Bu, kooperasiya sistemidir. Azərbaycana bu model həmişə təklif olunub, amma qəbul etmədilər.



Nə üçün qəbul etmədilər?

–  Çünki şəxsi maraqlar imkan vermədi.



2015-ci ilin sonu həmkarımız Rauf Mirqədirovun 6 il azadlıqdan məhrum edilməsi və həbsdə jurnalistlərin, QHT və siyasi fəalların qalması ilə yadda qaldı. Bu fonda QHT və medianın durumunu necə qiymətləndirirsiniz?

–  Vəziyyətin indiki həddə çatmasında iki amil var: hakimiyyət, prezident hirslidir ki, neftin qiymətinin enməsi birbaşa bizə də dəyir. Başda Amerika olmaqla Qərb deyir ki, bəsdirin, neft dolları hesabına avtoritar sistemlər yaradırsınız, bitdi. Açıq deyirlər ki, dəyişməlisiniz, söhbət yalnız Azərbaycandan getmir, Venesuala, Rusiya və başqa avtoritar sistemlər də bu sıradadır, artıq birincidə seçkilər yoluyla dəyişiklik oldu. Hakimiyyət də narazıdır ki, niyə belə oldu, 35 faiz inkişaf, indi də belə. Sanksiyalarla hədələyirlər, hakimiyyət də düşünür ki, güzəştə getsələr, ictimayyət qorxduqlarını deyəcək və daxildə proseslər başlayacaq. Bunu yolverilməz hesab edirlər və parlamentə hətta alternativ sənəd də təqdim olundu. Sadəcə, görüntü yaradırlar. Güman edirəm ki, gələn ildən Amerika ilə insan haqları və demokratiya barədə danışıqlar başlayacaq. Hansı variantlar üzərində getsinlər danışıqlara? Vaşinqton təkamül yolu təklif edib, ADR-in ənənəsi və nümunəsini. Amma hakimiyyətdəkilərin şəxsi maraqları buna imkan vermir. Məgər, Rəsulzadə ilə Topçubaşov şəxsi maraqları üçün ADR-i qurmuşdular? Ömürlərini qurban verdilər, yaxınları sürgün olundu, daha hansı faciələr yaşandı, bunu bilirsiniz. Vaqif  Mustafayevin  “Fransız” filminə baxmısınız, “siz də millət olun da” frazası yəqin yadınızdadır. Yəni hakimiyyət də başa düşməlidir. Bizə onsuz da son illər xəbərdarlıq edirlər ki, təkamül yoluna keç, neftin qiyməti enir, əks təqdirdə inqilabi yola gedirsən, insanlar dözə bilmir. Artıq paket maaşı da yoxdur, məmurların özlərinın kasıblaşma mərhələsi başlanıb, maaşlar da devalvasiya olub. Ona görə QHT-lərə və mətbuata münasibət dəyişməlidir. Yalnız iqtisadi paketləri elan etməklə nəsə etmək mümkünsüzdür. Çünki paralel olaraq başqa islahatlar da getməlidir, bir daha deyirəm, münasibət dəyişməlidir. Bilmirəm, hakimiyyət buna gedəcəkmi, amma ən yaxşı variant ictimai müqavilədir. İctimai müqavilə Azərbaycan üçün çox aktualdır, ağılları çatsa, bunun əsasında işləyərlər. Düzdür, hələlik buna getməyəcəklər, amma iqtisadi islahatlardan, sonra təminatlar olmalıdır, əmlak toxunulmazlığı və s.



ABŞ Konqresi Helsinki Komitəsinin qanun layihəsini qəbul edə bilərmi?

–  ABŞ mesaj verdi ki, addım at, əks təqdirdə, qəbul edəcəklər.



Ancaq Azərbaycan Milli Məclisi alternativ layihə ilə qarşıya çıxdı…

–  Bu, təşəbbüsdür, qəbul etsə, başqa məsələ. Bəli, təşəbbüsün hakimiyyətdən gəldiyini Vaşinqton bilir. Məgər deputatlar xalqın səsi ilə mandat alıblar? Yox. Müstəqil olmadıqlarından müstəqil təşəbbüslə də çıxış edə bilməzlər, bunu Vaşinqtonda da gözəl bilirlər.



Son əfv fərmanı ilə hakimiyyət hansı mesajı verdi?

–  Vaxtı uzadırlar. Çünki sabah iqtisadi islahatlara start veriləcəksə, ardınca siyasi məhbuslar azad olunmalıdır, sonra vətəndaş cəmiyyəti ilə danışıqlar başlamalıdır. Amma ictimai dialoqa çox ehtiyac var və bu, ictimai müqavilə ilə nəticələnsə, çox yaxşı olardı. Amerikanın sabiq səfiri Ənn Dersi bu barədə vaxtında danışıqlar aparmışdı. Bütün hallarda çox zaman itirdik. Amerika Konqresindəki sənəd göstərir ki, təzyiq təkliflər müstəvisindən kənara çıxır.



Siz çox vaxt itirdiyimizi vurğuladınız. Bu mənada 2016-cı ili də itirə bilmək təhlükəsi varmı?

–  Bu, hakimiyyətdən asıldır. Hakimiyyət mütləq islahatlara getməlidir, onsuz da hamı narazıdır, Azərbaycan hansısa meydançaya çevrilə bilər. Vaxtilə biz özümüz ABŞ-dan yardım istəmişik. Sabiq dövlət başçısı Heydər Əliyevin birbaşa Vaşinqtondan xahişi olub ki, Azərbaycanı Rusiyadan xilas etsinlər. Uzunmüddətli müttəfiq olduğumuzdan indi Amerikanın maraqlarını nəzərə almamaq çox ciddi problemə çevrilir.

Ana səhifəVideoMehman Əliyev: ”Azərbaycan hansısa meydançaya çevrilə bilər”