Mehman Əliyev: Avropa İttifaqı Cənubi Qafqazı vahid məkan kimi görür

“ Biz də bilirik ki, o pul hardan gəlir”.

Foto: Avropa Birliyi


Tofiq Zülfüqarov: “Avropa İttifaqı Ermənistana yardım etdiyi sahələrdə ciddi nəzarət aparmalıdır”

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varxey iyulun 6-dan 9-na qədər Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda jurnalistlər qarşısında çıxış edərkən Azərbaycanın gələcəyinin bölgənin digər dövlətlərinin taleyindən asılı olduğunu deyib.

O, Azərbaycanı “regionun ən güclü və inkişaf etmiş dövləti” adlandırıb.

“Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətidir. Amma Azərbaycanın da gələcəyi regionda digər ölkələrin taleyindən asılıdır”.

Bir sıra ekspertlər bu bəyanatı Avropa İttifaqının bölgədə digərlərinin də inkişaf etmiş ölkə kimi görmək istədiyinin ifadəsi olduğunu qeyd ediblər. Bu konteksdə Azərbaycana güclü Ermənistanın nə dərəcədə lazım olub-olmaması sualı yaranır.

070200035119.jpg
Oliver Varxey


“Avropa İttifaqı Ermənistanı reallığa çağırmalıdır”

Məsələni Meydan TV üçün şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Oliver Varxeyin dediklərini sona qədər başa düşmədiyini qeyd edib.

“Ancaq bir şeyi dəqiq demək olar ki, Avropa İttifaqı Cənubi Qafqazda iqtisadi baxımdan ən güclü ölkə kimi Azərbaycanı hesab edir. Bu baxımdan Azərbaycanla münasibətlərini inkişaf etdirmək üçün yollar axtarır. Amma bu, heç də asan deyil, çünki bir neçə mövzu var ki, onların həlli hələ də yubanır”, – keçmiş nazir deyib.

Tofiq Zülfüqarov güclü Ermənistanın olmasının Azərbaycanın maraqlarına uyğun olub-olmaması barədə məsələyə toxunaraq, vurğulayıb ki, bu, ilk növbədə erməni xalqından asılıdır:

“Çünki ölkənin zəifliyi qonşulara qarşı işğalçı siyasət həyata keçirmələrindən irəli gəlir. Yəni ərazi iddiaları Ermənistanı bölgədə təcrid vəziyyətinə gətirib. Əgər Ermənistan güclü dövlət olmaq istəyirsə, əvvəlcə nöqsanlarını aradan qaldırmalıdır və bölgə ölkələri ilə normal münasibətlər qurmalıdır”.

Onun fikrincə, bu məsələdə Avropa İttifaqı Ermənistanın hansısa qeyri-real məqsədləri ilə oynamamalıdır, onları reallığa çağırmalıdır. Keçmiş nazir qeyd edib ki, Avropa İttifaqı Ermənistana yardım etdiyi sahələrdə ciddi nəzarət aparmalıdır ki, məhz nəzərdə tutulan məqsədlərə sərf olunsun:

“Avropa İttifaqı Ermənistana 5 ildə 1 milyard yarım avro verəcək ki, bu da ildə təxminən 300 min avroya yaxındır. Bunlar normal sahələrə sərf olunmalıdır. Son vaxtlar Yerevandan yenidən revanşist açıqlamalar səslənir. Təbii ki, yardım bu məqsədlərə xidmət etməməlidir”.

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov Azərbaycanın Avropa üçün iki əsas məsələdə maraq doğurduğunu deyib. O hesab edir ki, bunlardan biri enerji, digəri isə ölkənin perspektivli bazarının olmasıdır:

“Avropa İttifaqı bu bazara çıxmaq istəyir. Azərbaycan isə bunun marağında deyil. Avropanın keyfiyyətli və ucuz malları bizim bazara daxil olsa, istehsalçılarımız çətin vəziyyətə düşəcək. Onlar Avropa istehsalçıları ilə rəqabət apara bilməzlər. Azərbaycan bu məsələdə proteksionizim siyasəti həyata keçirir. Avropanın xoşuna gəlməsə də, bizim üçün bu normaldır”.

Onun sözlərinə görə, bizə xoş söz deyilirsə, arxasında, xoş niyyət dayandığını güman etmək lazım deyil.


“Avrokomissar regional əməkdaşlıq deyəndə, Ermənistanı nəzərdə tutur”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məsələyə münasibət bildirərkən vurğulayıb ki, regionun ən güclü dövləti deyəndə, Avrokomissar iqtisadi potensialı nəzərdə tutur:

_36405.width-1024.jpg
Mehman Əliyev

“İqtisadi potensialımız resurslara bağlıdır. Biz də bilirik ki, o pul hardan gəlir. Amma ölkənin gələcəyi regional əməkdaşlığa bağlıdır. O, Azərbaycanı Ermənistanla əməkdaşlıq münasibətlərinin qurulmasına dəvət edir və bunsuz dəstəklərinin olmadığına işarə vurur. Faktiki olaraq, regional əməkdaşlıq deyəndə, Ermənistanı nəzərdə tutur”.

Bununla belə, Mehman Əliyev qeyd edib ki, bəlkə də Azərbaycana güclü Ermənistan ümumiyyətlə lazım deyil, amma Ermənistanın güclü, yaxud zəif olduğunu Azərbaycan həll etmir:

“Azərbaycana əslində, dostluq axtaran, əməkdaşlıq istəyən, konfliktə getməyən ölkə lazımdır. Avropa İttifaqı Ermənistan, Gürcüstan və Azərbaycan münasibətlərini Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində görür. Yəni onlar regiona vahid məkan kimi baxırlar. Bu, onu göstərir ki, siz bir-birinizə bağlısınız və bizimlə əməkdaşlıqda bir yerdə nəyəsə nail ola bilərsiniz”.

Ana səhifəSiyasətMehman Əliyev: Avropa İttifaqı Cənubi Qafqazı vahid məkan kimi görür