Mehman çəkdikləri ilə bizə deyirdi…

Ölkəmizdə yaşanan hadisələrlə hər hansı film, kitab arasında oxşarlıq aramağın əlehinəyəm.

Source:

“…mənim xalqım mülayimdir, bir qamçı vuracam, cibimi pul ilə dolduracaqlar”. (A.Tolstoy “Buratinonun sərgüzəştləri”)

Ölkəmizdə yaşanan hadisələrlə hər hansı film, kitab arasında oxşarlıq aramağın əlehinəyəm. Çünki məmləkətimizdə olanlar unikal, heç yerdə görülməmiş hadisələrdir ki, bunların analoqu yer üzündə çətin tapıla. Həm də bu diyarda hər olaya o saat reaksiya vermək də düzgün deyil. Ona görə ki, adam emosiyalara qapılıb nəticə çıxartdığı yerdə baş vermiş hadisə gözlənilmədən tam tərsinə çönür. Yəni ki, səhər hər hansı nazirin vəzifədən getməsi, tutulması xəbəri yayıla, həmən gününün axşamı isə o nazirə artıq daha yüksək vəzifə verilə bilər. Yaxud da əksinə.

Bir sözlə sehirli, möcüzəli, paronormal bir ölkədir.

Yəqin ki, uşaqlıqda Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun sərgüzəştləri” kitabını oxumusuz. Bu nağılda “möcüzəli çöl” deyilən ərazi var ki, ora Buratino pul ağacı əkməyə gedir. Eynən bizim ölkəmiz kimi. Orada dollar ağacda bitir, parklarda mərmərlərdən bardyurlar qurulur, siqaret çəkməyən adamın evindən narkotik çıxır, maşını olmayan vətəndaşa cərimə yazılır, həkim xəstənin sol ayağının yerinə sağ ayağını kəsir, heykəl insanlara hökm oxuyur, pasportsuz vətəndaşa cinayət işi açılır, jurnalistlər gündüz vaxtı yoxa çıxır, möminlər məscidə silahla gedir, kral və kraliça firavan yaşayır, saray təlxəkləri isə kəndlilərlə məzələnirlər və s.

Nağılda Buratinonun aradığı sehirli çölün yerləşdiyi məkan isə səfehlər şəhəri adlanırdı.

“…biz donuzlar kimi yaşayırıq, donuzlar kimi də öləcəyik. Çünki bir-birimizə yadıq”. ( Y. Bıkov “Səfeh” filmi )

Səfeh demişkən..dünənlərdə sosial şəbəkədə “Mehman Hüseynov 2 il azadlıqdan məhrum edildi” xəbərin oxuduqda, ilk ağlıma gələn Yuri Bıkovun“Səfəh” filmi oldu. Bu kinoya bir neçə ay bundan əvvəl baxmışdım. Kinonun rejissoru istedadlı, prespektivli artxausçudır. Filmdə Rusiyanın uzaq, qarlı, soyuq və boz əyalətində yaşayan, kommunal istismar idarəsində mühəndis işləyən vətəndaşın başına gələn hadisədən danışılır. Bıkov bu filmdə Rusiyanın indiki acı, sərt, qara reallığını, ölkənin korrupsiya bataqlığında çapalamağını, məmur özbaşnalığını, insanların dözülməz sosial problemlərinı tam çılpaqlığı ilə təsvir edib.

Bıkovun qəhrəmanı, şəhərdə bir köhnə binada ciddi problemlər tapır və bu barədə şəhər adminstrasiyasın xəbərdar edir. Hətta deyir ki, bina bir sutka ərzində çökəcək. Həmin qəzalı binada isə 800-ə yaxın insan yaşayır. Şəhəri idarə edən hakimiyyət orqanları isə camaatı qəzalı binadan evakuasiya etmək əvəzinə, başlayırlar bir-birilərinin paxırın açmağa ki, bəs görək bu binanın təmirinə ayrılmış pulu kim və nə qədər yeyib. Sonda filmin qəhrəmanı şəhər meryasından bir hərəkət görməyib, başlayır özü təkbaşına milləti gecə oyadıb binadan çölə qovmağa. Yuxudan ayılan camaat isə aşağı düşüb, binanın çökmədiyini, hər şeyin normal olduğunu görür və başlayırlar onları oyadan, xilas etmək istəyən insanı döyməyə. Oğlanı ölümcül döyüb, şaxtada, qarlı asfaltda uzanmış vəziyyətdə qoyub gedirlər evlərinə. Elə film də burda bitir.

“İnan ki, mən də qorxanlardan biriyəm. Bu ölkədə salamat qalan yalnız qorxaqlardır”. (Orxan Pamuk “Qar”əsəri )

İndi isə keçək Mehmana. Əvvəla ona deyim ki, öz yurdunda peyğəmbər olmur məsəli, Mehmana çox yaraşır. Bu, faktdır ki, insanlarımızın bəzi təbəqəsi, “onu niyə tutmurlar”, “Mehman hakimiyyətin adamıdır”, “mühacir olmaq istəyir”, “klanlararası müharibənin üsuludur” ifadələrini deyib durmuşdular. Hətta Mehmanı oğurlayıb başına min oyun açdıqdan sonra da, qafqazlı bir gəncin, kameralar qarşısında ağlamsınmağı belə o şəxslərin daş ürəklərin əritməmişdi.

Mehman barəsində hakimiyyətyönlü internet portalların paskvil yazmaqları, bəndənizi açığı təəccübləndirmir. Anlaşılandır, sistemin əlinə baxırlar, oradan dolanırlar.

Məni qıcıqlandıran sistem tərəfindən hər gün aldadılan, alçaldılan ortastatistik vətəndaşların Mehman barəsində qaragüruh etməkləridir.

Amma Bıkovun “Səfeh” filmini analiz edib, həmin adamların acıq verməklərini bir növ anladım. Yadıma saldım ki, bu cür hallar NİDA-çı gənclər tutulanda da, Taleh Bağırzadə məsələsində də, Xədicə İsmayıl və Yunusovlar ailəsi həbs olunanda da olmuşdu.

Yəni bu adamların hədəfi tək Mehman Hüseynov deyil, bunların məqsədi cəmi ədalətsizliyə, ətrafda baş alıb gedən bürokrat lotuluğa, sosial problemlərə az da olsa etiraz edən mübariz insanların adını qaralamaqdır.

Bu adamların azarının adı isə qorxudur. Onlar qorxaqdırlar, amma bununla belə öz qorxularını, sistem qarşısında olan fobiyalarını kompensasiya etmək üçün istənilən mübarizə aparan insanı alçaltmağa, aşılamağa, dəyərdən salmağa çalışırlar. Qorxu onlara yaşamağa imkan vermir, vicdan onları boğur və hər dəfə qorxmaz və tələbkar gəncləri, mübariz insanları görəndə, “axı bunlarda bu cəsarət hardandır? Necə olur ki, mən qorxuram, bunlar qorxmurlar? “ sualları içlərini qaynadır.

Əslində o insanlar ruhən artıq kölədirlər və hər gün öz köləliynə bəhanə axtarışındadırlar. “Mənim ailəm var”, “mənim uşaqlarım var”, “mən işimi itirə bilərəm”, “mənim valideyinlərim yazıqdır”.

Lakin bu bəhanələr onların qorxaq qəlbini sakit etmir, rahatlıq yaratmır. Onda onlar başlayırlar mübarizə aparanlara bəhanə axtarmağa, onların cürətini süni adlandırmağa, mübarizələrini maddiyyata bağlamağa.

“Səfeh” filminin ən təsirli yeri, baş qəhrəmanın gecə, boş dəhlizləri qaçaraq sakinlərin qapısını tələm-tələsik döyməyi, “çıxın, eviniz başınıza uçur” bağırması idi.

Mehman da öz çəkdikləri ilə bizə “ baxın, evimiz, ölkəmiz başımıza uçur” deyirdi.

Əfsus ki, ona dəstək olub, başımıza uçan evi düzəltmək əvəzinə, qorxumuzu adlaya bilməyib, Mehmanı əldən verdik.

Əslində cəmiyyətimizin real ab-havasını Mehmanın sonuncu videosunda orta yaşlı bir kişi daha dəqiqi təsvir edir. Mehman ona məlum sualla yaxınlaşdıqda, o ürkək səslə “ ə, get burdan, sənin işin-gücün yoxdur?” deyərək kameradan qaçır.

Yəni ki, a bala, mənim tək qorxaqa görə sənə nə gəlib özünü oda atırsan?

Qoy qorxumuza bürünüb ömrümüzü yaşayaq də.

Dostoyevskiy demişkən, “zəmanəmizin hər mədəni və tərbiyəli insanı, qorxaq və qul olaraq yaşamalıdır”.

Ana səhifəMənim FikrimcəMehman çəkdikləri ilə bizə deyirdi…