”Mehman azadlığa çıxacağı sonuncu həftələri sayırdı”

Bloger Mehman Hüseynov atası ilə görüşündə azadlığa çıxacağı sonuncu həftələri sayırmış. Amma yeni ittihamlarla onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Rəsmi məlumata görə Mehman Hüseynov ədliyyə leytenantı Əli Abdalova xəsarət yetirib, otaqdakı əşyaları qırıb və üzərində saxlanılması qadağan olan 461 manat pul aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.

Hüquq müdafiəçisi, REAL Partiyasının idarə heyətinin üzvü Rəsul Cəfərov ittihamı ağılabatan hesab eləmir. O, sentyabrdan bu yana həbs müddəti bitmiş siyasi məhbusların heç birinin azadlığa çıxmadığını vurğulayır. Onların həbs müddəti yeni ittihamlarla uzadılıb.

Yeni ittiham Mehman Hüseynovun azadlığa çıxmasına iki ay qalmış irəli sürülüb. Onun kimi yerli və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavini Məmməd İbrahim, hicaba azadlıq aksiyasında tutulan Telman Şirəliyev, Elnur Cavadov da eyni aqibəti yaşayıblar.

27 dekabrda Mehman Hüseynov 10 günlük cərimə kamerasına salınıb. Bloger yeni cinayət işinin açılmasına, ona qarşı təzyiqlərə və vəkilinin yanına buraxılmamağına etiraz olaraq müddətsiz aclıq elan edib.

Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub. Nəsimi Rayon Polis İdarəsinin rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.

Bloger həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib. O çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatlara məxsus olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.

Ana səhifəVideo”Mehman azadlığa çıxacağı sonuncu həftələri sayırdı”