Məhləmizdə bir quyu var…

(Özümüzü yaxşı aparsaq, içinə su da dolduracaqlar)

Source:

Əyninə turizm paltarı geyindirdikləri Qəbələni neçə ildir söküb sıfırdan yığırlar. Son aylar şəhərin su-kanalizasiya sisteminin müasirləşmə prosesi gedir. Bu müasirləşmənin sonu nə olacaq bilmirik, hələ ki, toz-torpağın, suyun-lehmənin içindəyik. Deyilənə görə, işi icra edən şirkət bu işi tenderlə “udub”. Necə deyərlər, yiyəsinə qismət!

Birinci yazı

Şirkətin nəhəng ekskovatoru torpağın altında dağ-daş hesab elədiyi bərk cismi var gücü ilə dəfələrlə döyəcləyəndən sonra axır ki, su və ya kanalizasiya borusu fəvvarə vururdu. Bunun nəticəsində yeni xətlər üçün qazılan dərin xəndək dolur, növbəti ailə mini “blokadaya” düşürdü. Uşaqlar sürüşüb xəndəyə yıxılmasınlar deyə biz dərhal süni “fəlakət zonasına” alternativ yollar axtarıb tapırdıq.

Məhləmizin qadınları tində oturub siyasətdən, futboldan, şirkətin faktiki sahibindən və yaxud sahibəsindən ehtimal yürüdən kişilərdən min dəfə qoçaq idilər. Məsələn, partlayan borudan təzyiqlə fışqıran suyun üstünü ekskavatorun çömçəsiylə örtən “prorab”a başa salırdılar ki, çömçəni götürəndən sonra deşiyi yaş ağac parçasıyla necə tutmaq olar. Nəticəsiz çabalardan yorulmuş tenderçilər bizim arvadların üsulunu tətbiq edən kimi suyun ağzı möhkəmcə bağlanırdı. Başı dəbilqəli, yaxası birkalı “prorab” heyrətlə bizə baxıb soruşurdu:

– Siz bunları hardan öyrənmisiz?

Bizimkilər mırt vuran kişiləri göstərib gülümsəyirdilər:

– Onların fərasətsizliyindən…

Və yaxud büdcə təşkilatında mühasib işləyən Sənəm dünən böyük tenderçiyə sual verdi ki:

– Əlinizdə köhnə xətlərin yerini göstərən bir əsas varmı?

Adam cavab əvəzinə Sənəmdən soruşdu:

– Köhnə xətlər nəyimizə lazımdı ki?

Sənəm onu başa saldı ki, bəlli bir mənbə ilə hərəkət etsəydilər, köhnə xətlərə lüzumsuz həmlə edib bu qədər problem yaratmazdılar. Çünki, əhali hələ neçə ay (il də ola bilər deyənlər var) bu xətlərdən istifadə etməlidir. Məsələn, onların suyu dünənki qırhaqırda kəsilmişdi. Əlinə lopatka, məftil alıb gəldi, qaranlıq düşənə qədər köməkləşib xətti bərpa elədik.

Adam xeyli fikirləşib dilləndi:

– Altı-üstü su, kanalizasiya çəkirik, buna köhnə layihə-flan nə gərəkdi? Müvəqqəti çətinlikdir, bir neçə aydan sonra hər şey düzələcək. Suyun axmağının kimə ziyanı var ki? Yay vaxtıdı, sevinin ki, küçələrinizin tozu ölür.

Əslində qazılmaqdan topuğa çatan toz ölməyib, palçığa çevrilirdi, adamlar qızmar günün altında kompüter oyunlarındakı maneələri dəf edirmiş kimi yeriyirdilər. Bilmirdik, ayağımıza dolan içməli sudu, yoxsa kanalizasiya axıntısı. Təbii, belə cüzi şeyə görə sevinməməklik etmək olmaz. Necə deyərlər, su ayaqqabıya girdi, oldu içməli.

Mən müsbət emosiyamı paylaşmaq üçün uzun illər “komxoz”da çalışmış mərhum qonşumuz Murad dayıdan söz saldım:

– Ehh, rəhmətlik Murad dayı asfaltın üstündən baxanda yerin altındakı hər xəttin yerini əzbər bilirdi.

Qadınlar təsdiqlədilər:

– Hə vallah, rəhmətlik oxumamış alim idi.

Fikri hardasa olan şirkətçi birdən canlandı:

– İndi o Murad dayı bizim şirkətdə işləməzmi?

– Xeyr, işləməz.

– Niyə işləməz ki? Gülə-gülə işləyər. İşdən ötrü bilirsizmi, gündə nə qədər adam bizə xahiş-minnətə gəlir?

– Bilirik, siz də imkansız adamları ağzından vurub geri qaytarırsız. Yaxşı da eləyirsiz, bu rejimlə onsuz da vaxtda özləri çıxıb gedəcəkdilər.

Dialoqumuzun mehriban yerində Sənəm dözməyib, əlavə etdi:

– İşə götürdüklərinizi də görmüşük. Odeyy, nə qədər yalvar-yaxardan sonra şirkət mənim kürəkənimi gözətçiliyə götürmüşdü. Bir ay fasiləsiz gecə işləyib, gündüz toyuq kimi ayaqüstə yatırdı anası ölmüş. Harda görünüb ki, gecə gözətçisi növbəsiz işləsin? Buna insan orqanizmi dözərmi? Dözmədi də. Çıxdı uşaq işdən, maaşının yarısını da kəsdilər. Budur da sizn tenderiniz. Bəyənmədiyiniz sovet hökümətinin ibtidai üsulla çəkdiyi qırxillik boruları indi heç müasir texnika ilə dağıda bilmirsiz.

Mən sülhməramlı bir söz demək istəyəndə qarşıdan möhkəm şappıltı eşidildi. Param-parça olmuş yolun qumuna, torpağına qarışıb horraya dönmüş iri gölməçəyə düşən adamın qışqırığına yüyürdük. Caan…

İki ay əvvəl qəzada ayağı qırılmış qonşu idi. Yazıq indi-indi gəzməyə başlamışdı. Yola nisbətən xeyli çökəkdə yerləşən həyətlərinə qəfil su axanda köməyə adam çağırmaq üçün küçəyə çıxıbmış. Əsanın rezin başlığı boşluğa düşən kimi sol qolu üstə gölməçəyə çırpılıb. Hirsindən, canının ağrısından qovrulan keçmiş futbol hakimi küçəmizi labirintə döndərən naşı başbilənləri necə ürəkdən “tərif” etdisə həmsöhbətimiz ilim-ilim itdi. Bayaq bizdən ayrılıb evə çörək bişirməyə gedən həyat yoldaşı:

– Sənə dedim axı, getmə, yıxılarsan! İndi biz neyləyəcəyik? – deyə çırpınırdı. Kiminsə çağırdığı “təcili yardım” birtəhər bizə çatan kimi məhləmizin kişiləri qol-bud olmuş qonşumuzu ehtiyatla xərəyə qoyub içəri uzatdılar.

Bayaq qeybə çəkilmiş şirkət adamı qəfil peyda olub ortalığa söz atdı:

– Qonşunuz bizə qarşı haqsızlıq etsə də, keçmiş olsun.

Həyat yoldaşının palçıqlı pencəyini əlindən-əlinə ötürən məhləmizin cəfakeş mələyi şirkət yetiklisinin “nəzakət”ini cavabsız qoymadı:

– “Keçmiş olsun” deməklə keçəcəkmi? Sizcə o təcili yardımdakı xəstəni getdiyi ünvanda təmənnasız qarşılayacaqlarmı? Yoxsa spirtinə-bintinə kimi özümüzə aldırmayıb, yarasını dövlət hesabına sarıyacaqlar? Bəlkə indicə xərəkdə gedən adamın cibinə qoyduğumuz pulu servantın gözündən götürmüşük? Lap bunlar hamısı cəhənnəm, yazıq bu istidə təzə gipsə necə dözəcək? Dünən-srağagün yaşadıqlarımızın üstündən bir də bunu həzm etmək asandırmı? Ehh, mən də kimə nə deyirəm… Bu boyda rayonun altını-üstünə çevirmisiz, partlatdığınız borunun suyunu necə kəsməyi bizdən öyrənirsiz. Sizi bilmirəm, belə getsə bizə həmişə keçmiş olacaq…

Neçə ilin qonşusuyduq, hələ onu bu qədər təmkinli görməmişdik. Hamımızın nitqi qurumuşdu. Handan-hana ümummilli ağbirçəyimiz Cəvahir xala kövrək səslə sükutu pozdu:

– Bu qız hansı məktəbi oxuyub, a bala?

Bizim məhlənin çoxbilmişi Sənəm tutqun səslə cavab verdi:

– Həyat məktəbini, Cəvahir xala.

Cəvahir xala fikrli-fikrli pıçıldadı:

– O tenderi bu gəlinə niyə vermədilər görəsən?…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəMəhləmizdə bir quyu var…