Məhkumluqdan sonrakı həyat

“İnsanlar “qadın hara, həbsxana hara”, – deyə düşünürlər”

Source:


“İnsanlar “qadın hara, həbsxana hara”, – deyə düşünürlər”

“Bizdə insanları azadlıqdan yox, həyatdan məhrum edirlər”.

Bu sözləri keçmiş siyasi məhbus Nigar Həzi (Yaqublu) deyir. O, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı, hazırda həbsdə olan jurnalist Seymur Həzinin həyat yoldaşıdır.

Nigar Həzi 2012-ci ilin sentyabrında avtomobil qəzası keçirib. Onunla birgə maşında olan qohumu ölüb. Deyir, hər hansı şikayətçinin olmaması da onun həbsinə mane olmayıb:

“6 ay Bakı İstintaq Təcridxanasında qalıqdan sonra Məntəqətipli Cəzaçəkmə Müəssisəsinə köçürüldüm. Azərbaycanda bu cür hadisələrdə şikayətçi olmasa, məhkəmə müddətində təqsirləndirilən şəxs azadlıqda olur. Daha sonra məhkəmənin qərarından asılı olaraq ya həbs olunur, ya da Məntəqətipli Cəzaçəkmə Müəssisəsinə köçürülür. Burada mənə qarşı qərəzliliyin səbəbi siyasi fəaliyyətim idi”.

Nigar Həzi deyir ki, həbsdən çıxandan sonra uzun müddət Bakıdan kənara çıxa biməyib. Yalnız sonradan məhkəmə cəzasını şərtiyə çevirib. Onun sözlərinə görə, istər Bakıdan kənara çıx, istərsə də çıxa bilmə, əvvəlki həyatına davam edə bilmirsən:

“Siyasi fəaliyyətlə tanınanda və buna görə həbs olunanda fərqli olur hər şey. Bu, sıravi insanın həbsindən fərlənir. Mənə qədər ictimai sektordan heç bir qadını həbs etməmişdilər. Mətbuat yazmışdı, şəkillərim getmişdi. Buna görə də bir müddət çöldə-bayırda rahat gəzə bilmirdim. Elə bilirdim insanlar məni göstərir, tanıyırlar. Hətta bir dəfə “bax, həbsdə olan qızdır, buraxıblar”, – demişdilər. Adaptasiya dönəmi çətin olur. İndi siz nəzərə alın, 10 illərlə həbsdə yatan insanlar var”.

Qanunun tələbləri icra olunmayıb

Azərbaycan Dövlət Statistika Komitəsi sonuncu dəfə 2015-ci ildə cinayət törətmiş qadınların sayını açıqlayıb. Həmin statistikaya əsasən, 2015-ci ildə 1128 nəfər cinayət törədib. Bu rəqəm 2014-cü illə müqayisədə çoxdur. Belə ki, bir il öncə 971 qadının cinayət törətdiyi qeydə alınmışdı.

Qadınların törətdiyi cinayətin təsnifatına gəlincə,həmin il ən çox oğurluqda (137) və dələduzluqda (126)təqsirli biliniblər. 60 qadın xuliqanlıq, 52 nəfər narkotik vasitələrlə bağlı cinayət törətməkdə ittiham olunur. Adam öldürənlərin də sayı az deyil – 13 qadın.

Məhkumluq həyatı yaşayan qadınlar arasında cəzasını vaxtından əvvəl bitirənlər, əfv olunanlar da var. Məsələn, Prezident İlham Əliyevin 16 mart 2017-ci ildə imzaladığı Əfv sərəncamı ilə 18 qadın azadlığa buraxılıb. Onların hazırda nə etdiyi bəlli deyil.

Bir çox ölkədə həbsdən çıxan insanların cəmiyyətə adaptasiyasını tənzimləyən qurumlar var. Elə Azərbaycanda da “Penitensiar cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin sosial adaptasiyası haqqında” Qanun var. 2007-ci ildə qəbul edilmiş bu qanuna əsasən, reabilitasiya mərkəzləri tikilməli, keçmiş məhkumlarla iş aparılmalıdır. Ancaq bugünə qədər qanundan irəli gələn tələblər icra olunmayıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, məhbus qadınların adaptasiya prosesinə həbs müddətinin bitməsindən 6 ay öncə başlamaq lazımdır. Bu sahədə Ədliyyə Nazirliyi QHT-lərlə işləməyə maraqlı olmalıdır:

“Həbsdən sonra həmin qadınları sığınacaqlara yönləndirə bilərlər. Bir müddət qalıb, özünə gələndən sonra evinə, ailəsinin yanına getsinlər. Çünki qohum-qonşunun qınağı, pis gözlə baxması həmin insanların cinayətə meylliliyini artırır. Təkrar cinayət işləyib həbsə düşə bilərlər. Bunların olmaması üçün həmin qadınların cəmiyyətə adaptasiya proqramları keçməsi lazımdır”.

Psixoloq Rafiq Allahverdiyev isə deyir ki, qadınların cinayətkarlıq strukturlarındakı xüsusi çəkisi cüzidir, bu da hər şeydən əvvəl onların cəmiyyətdə oynadığı sosial rolu ilə izah edilir. Hüquq pozuntularına ən çox 30-50 yaşlı qadınlar meyllidir. Məhkum qadınların orta yaşı kişilərə nisbətən yuxarıdır.

Həmişə üzərimdə ətrafdakıların qınağını hiss edirəm

Həbs həyatı yaşayan Gülcahan Əliyeva da cəmiyyətə uyğunlaşa bilmədiyini deyir:

“Keçmiş həyat yoldaşım da, mən də ali məktəbdə işləyirdik. Müəllim qazancı ilə ailə dolandırmaq çətindir. Üstəlik də o ailədə üç azyaşlı varsa. Ona görə də məcbur olub tanışların vasitəsilə pul qazanmağa başladım. Ali məktəblərə uşaq düzəldirdik. Sonradan məsələnin üstü açıldı, həbs olundum. İçəridə yatdığım 3 il məni çox dəyişdi”.

Keçmiş məhbus ayağa durmağı bacarsa da, əksər qadınların bundan məhrum olunduğunu deyir: “Cəzamı çəksəm də, təkrar öz peşəm üzrə işləyə bilmədim. İçəridə bir az tikməyi öyrənmişdim. İndi ticarət mərkəzlərinin birində dərzi işləyirəm. Pis qazanmıram. Ancaq həmişə üzərimdə ətrafdakıların qınağını hiss edirəm. Bəlkə də belə deyil, ancaq mən belə düşünürəm. İçəridə yatıb çıxandan sonra bu həyata alışmaq o qədər çətinləşir ki. Xüsusilə qadınlar üçün ağırdır. Əksəriyyətini ailəsi qəbul etmir. Ümumiyyətlə, içəridən çıxan insana inam az olur, iş tapmaq çətinləşir. Nə əvvəlki həyatı qaytarmaq olur, nə yenisinə alışmaq…”

Eyni taleni Samirə Mehralıyeva da yaşayır:

“Nə az, nə çox, 8 il yatmışam. Ərimə xəsarət yetirmişdim. Əlil qalıb. Xəyanətin qurbanıyam mən. Özü də öz qonşumla. Gəlib evimdə, yataq otağımda tutmuşdum. Bu azmış kimi məni elə döydü, bədənimdə bir salamat yer buraxmadı. Mən də yatdığı yerdə od vurdum ona. Düzdü, xilas elədilər, amma yanıq yeri qaldı”.

S.Mehralıyeva Azərbaycanın Şimal-Qərb bölgəsindəndir. Dediyinə görə, 6 ildir ki, azadlığa çıxıb. Amma bu müddət ərzində dəfələrlə təkrar həbs olunmaq istəyib. Çünki bayırda normal həyat qurmasına məhbus həyatı mane olur:

“Kişilərə nə var ki? İş tapmasalar baş götürüb gedərlər Rusiyaya. O da olmaz yük daşıyarlar, tikintidə işləyərlər. Amma qadınlar belə deyil. Bildilərsə içəridən çıxmısan, bitdi, heç bir hərəkətinlə gözlərində yüksələ bilmirsən. Üzərində daim bu damğa var”.

S.Mehralıyeva hazırda şirkətlərin birində xadimə işləyir:

“Bu işi də türmə yoldaşlarımdan birinin qohumu tapıb. 3 ildir burda işləyirəm, yeni həyat qurmağa çalışıram. Bu işi tapana qədər o qədər təkrar cinayət etmək haqqında düşünmüşəm ki. Heç olmasa içəridə bir tikə çörək tapırsan yeməyə, Amma taleyim gətirdi, hələ də yaxşı insanlar varmış”.

Problem təkcə cəmiyyətin deyil

Məhbus qadınların ailəsinin onlara qarşı münasibətinə gəlincə, Nigar Həzi deyir ki çoxunun yanına gələn olmurdu. O, cəmiyyətə adaptasiya dövrünü belə xatırlayır:

“Ziyarətlər tükənəndən sonra tək qaldım. Çölə-bayıra çıxmaq mənə çətin gəldi. Qohum var, qonşu var və uzun müddətdir səni görmürlər. Maraqla baxırlar. Ən əsası mentalitet var. İnsanlar “qadın hara, həbsxana hara”, – deyə düşünürlər. “Qadın həbsə düşdüsə, ondan əlinizi üzün, yararlı ola bilməz”, – əksəriyyət belə düşünür. Fikirləşirəm ki, həmin stereotiplər Leyla Yunus, Xədicə İsmayılın həbsindən sonra sındı. Əvvəl bu çoxu üçün yenilik, təəccüblü idi. İndi anlayırlar ki, qadın da kişi kimi həbsdə ola, cəza çəkə bilər. Mənim adım isə bir müddət “həbsdə olan qız” qaldı. Bu, mənim üçün çətin idi”.

Nigar Həzi deyir ki, problem təkcə cəmiyyətdə deyil, sistemdə dəyişiklik edilməlidir:

“Normal ölkədə az insan cinayət törətmək məcburiyyətində qalır. Bizdə isə say çoxdur. Həbs edilib, məhv olurlar. Aldıqları travmalardan sonra cəmiyyətə qayıda bilmirlər. Ona görə də çoxu yenidən cinayət törədib, həbsə dönür. Çünki onlara dövlət qayğı göstərmir. Məhbusa “həbs müddətin bitdi, çıx çölə”, – demək olmaz. Onları həbsdən sonrakı həyata aylar öncədən hazırlamalıdırlar. Hətta həbsdən sonra da müəyyən proqramlar olmalıdır. Qalacaq, gedəcək yerləri varmı? Maraqlanan yoxdur”.

Nigar Həzi həbs həyatı yaşamış qadınının cəmiyyətdə üzləşdiyi problemlərdən də danışıb. Deyir, onun durumunda bu, bir az fərqli olub:

“Çünki insanlar mənim niyə həbs edildiyimi bilirdilər. Mənə cinayətkar gözü ilə baxılmırdı. Amma ictimai sektordan olmayan qadının həbsi onun həyatının məhvi deməkdir. Qohum-qonşunun qınağına görə azadlığa çıxmaqdan qorxanlar var. Həbs olunduğu üçün normal iş tapa bilmir, cəmiyyətdə pis gözlə baxılır. Bütün bunlar da həmin insanların məhvinə gətirib çıxarır”.

Mehriban Zeynalova isə düşünür ki, qadın problemləri ilə məşğul olan QHT-lər bu qadınlara kömək edə bilər:

“Onlara iş tapmaqda kömək etmək olar, psixoloji dəstək verə bilərik. Çünki o qadınlar çıxıb umduqlarını görməyəndə təkrar cinayət törədə bilərlər. Məsələn, məhbus düşünür ki, cəzasını çəkib çıxandan sonra cəmiyyətdə ona qarşı ədalətli bir mövqe olacaq. Çıxandan sonra gözləntiləri həyata keçmir. Bu zaman onun psixologiyası darmadağın olur. Bunların olmaması üçün onları həyata hazırlamaq lazımdır”.

Penitensiar Xidmətdən Meydan TV-nin sorğusuna cavab olaraq bildiriblər ki, onlar məhkumların azad olunmasına bir neçə ay qalmış bu barədə əlaqədar qurumlara, əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verirlər. Bununla da məsuliyyət onlardan uzaq olur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə həbsdən yeni çıxmış insanlara birdəfəlik müavinət verməklə kifayətlənir. O da cəmi 464 manatdır.

Ana səhifəAnalitikaMəhkumluqdan sonrakı həyat