”10 milyonluq bazar 60-70 min manata alınıb”
Cinayət yolu ilə əldə edilmiş əmlak məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda dövlət tərəfindən müsadirə ediləcək. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir. Dəyişiklikdə qeyd edilir ki, bu zaman müsadirə sahiblərin hüquqlarına xələl gətirmədən həyata keçirilməlidir. Yəni bundan sonra 3-cü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşağı satıldığı halda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edilir.
Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Deputat Fazil Mustafa qeyd edib ki, məcəllədə nəzərdə tutulan dəyişiklik müəyyən mənada vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq:
“Vətəndaş bilməlidir ki, ucuz qiymətə mülk alanda hansı problemlərlə üzləşəcək”.
Deputat Qüdrət Həsənquliyev isə layihəni dəstəkləyib:
“Bu gün Bakıda məhkəmələr gedir və biz də bəzi obyektlərin və mülklərin hansı qiymətə alındığının şahidi oluruq. Hansısa bazar dəyərindən dəfələrlə ucuz qiymətə – 60-70 min manata alınıb. Ancaq bunun real qiyməti haradasa 10 milyon manat civarında olub. Bu müsadirə olunmalıdır. Ancaq bununla belə, mülk müsadirə edilən zaman vətəndaşa dəyən ziyan da kompensasiya edilməlidir və qanunda bu da öz əksini tapıb”.
Q.Həsənquliyev onu da əlavə edib ki, burada vətəndaşlar da ayıq olmalıdır:
“Bilməlidir ki, haradan və hansı mülk alır. Baha yerdən ucuz qiymətə mülk alanda sonda hansı problemlərlə üzləşəcək”.
Deputat Zahid Oruc isə deyib ki, ölkədən külli-miqdarda pullar çıxarılaraq xarici ölkələrdə əmlak almaqla müəyyən mənada leqallaşdırılır. O bildirib ki, “MTN işi” çərçivəsində baş verən cinayətləri istintaq və məhkəmə materiallarından izləmək mümkündür:
“Bəlli olur ki, o vəsaitləri Avropa ölkələrində leqallaşdırıblar. Orada da vicdanlı alıcı və vicdanlı satıcını tapmırlar. Sadə bir şəkildə hansısa əmlaka vəsait qoyurlar. Belə çıxır ki, bu adamlar çirkli vəsaitin bir hissəsini qoyurlar, digər hissəsini isə sanki qanuniləşdirirlər. Azərbaycan dövləti isə bu proseslərin qarşısını almasına baxmayaraq, o vəsaitləri və şəxsləri qanun qarşısında hesabat verməyə gətirə bilmir. O vəsaitlər iqtisadiyyata qoyulur, ölkənin həyatında rol oynayır deyə hətta bir sıra hallarda həmin şəxslər Avropa ölkələrində vətəndaşlıq qazanırlar. Özlərinin hüquqi müdafiəsini çoxsistemli şəkildə qurmaq üçün çox bahalı vəkillər tuturlar”.
Milli Məclisin sədri Oqtay Əsədov isə Z.Oruca irad tutub:
“Sən dediyin başqa şeydir, gündəlikdə olan başqa. Sən dediyin məsələ üçün İnterpol var. Onlar işləyirlər. Bunlar tamam başqa-başqa şeylərdir. Biz beynəlxalq qurumlara hansı şübhələri etməliyik? Bu qərarları bütün dünya qəbul edib”.